Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: “Özünü ərköyün uşaq kimi aparan vətəndaşlarımız var”

Bəzən vətəndaşlar dövlət qurumları tərəfindən ictimaiyyətə edilən müraciətlərə biganə yanaşırlar. Bəzi vətəndaşlarda tibbi maskalardan istifadə, ictimai yerlərdə sosial məsafənin gözlənilməsi, zərurət olmadığı təqdirdə yaşayış yerlərindən çıxmamaqla bağlı çağırışlara laqeyd münasibət müşahidə edilir.

Oxu.az xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən pandemiya dövründə yoluxma hallarının qarşısının alınması istiqamətində tədbirlər görülür.

COVID-19 infeksiyasına qarşı peyvənd tapılmadığı üçün bu gün dünyada yeddi milyondan artıq insan yeni növ koronavirus xəstəliyinə yoluxub, 400 mindən artıq şəxs isə virusdan vəfat edib.

Bu səbəbdən istər dünya ölkələrində, istərsə də Azərbaycanda davamlı preventiv tədbirlər həyata keçirilir. Pandemiyanın ilkin mərhələsində məktəblərin, bağçaların, ali təhsil müəssisələrinin və iri ticarət mərkəzlərinin bağlanılması, kütləvi tədbirlərin təşkilinin qadağan edilməsi bu gün ölkədə koronavirusa yoluxma və virusdan ölüm hallarının aşağı səviyyədə olmasının əsas səbəblərindən biridir.

Görəsən, əhalinin bir qrupu görülən tədbirlərə nə üçün dəstək vermir? Sosial məsafənin saxlanılması, tibbi maskalardan və digər qoruyucu vasitələrdən istifadə etməklə həm özlərinin, həm də digər vətəndaşların sağlamlığını qorumaq bu qədərmi çətindir?

Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov açıqlamasında Azərbaycan hökumətinin koronavirus pandemiyası çərçivəsində atdığı addımlara biganə yanaşaraq, yoluxma sayının artmasına şərait yaradan vətəndaşları qınayıb:

Ilham Məmmədov Ilham Məmmədov

“Bir çox dünya ölkələrində infeksiyanın mövcudluğuna ciddi yanaşılmadı. Qabaqlayıcı tədbirlər görülmədi və nəticəni hər birimiz görürük. Dünya ölkələrində pandemiyanın qurbanı olan yüzlərlə, minlərlə insan var. Lakin Azərbaycanda pandemiyanın ilkin mərhələsindən vətəndaşların sağlamlığının qorunması istiqamətində zəruri addımlar atılıb. Son günlər mövcud karantin rejimi qaydalarının əhali tərəfindən kütləvi surətdə pozulması ölkənin bir sıra bölgələrində sanitar-epidemioloji vəziyyətə ciddi təsir göstərib. Bir ay bundan qabaq yoluxmaların artımı ikirəqəmli olduğu halda, artıq artım üçrəqəmli saylara yüksəlib. COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə tətbiq edilən xüsusi karantin rejiminə riayət etmək lazımdır”.

İ.Məmmədov “mənim tanıdığım insanlar arasında koronavirusa yoluxan yoxdur” cümləsindən istifadə edən vətəndaşlara səslənib:

“Artıq bu gün karantin rejiminə əməl etməyən vətəndaşlar bu fikri ortadan qaldırıb. Ətrafımızda elə bir insan yoxdur ki, onun tanıdığı, yaxın yoldaşlarından bu virusa yoluxan olmasın. Faktiki statistika bunu göstərir. Biz qaydalara nə üçün riayət etmirik? İctimai yerlərdə sosial məsafə saxlamaq, əllərimizi müntəzəm yumaq, dezinfeksiya etmək, tibbi maska istifadə etmək və sağlam qalmaq çox çətindir? Mən bəzi insanları başa düşməkdə çətinlik çəkirəm. Yəqin, bu, insan psixologiyası ilə bağlıdır ki, qadağan edilən hər şeyin əksini etməyə meyillidirlər.

Təəssüf ki, virus getdikcə mutasiyaya uğrayır, hətta simptomsuz yoluxmalar qeydə alınır. Bu şərtlər altında sağalma prosesi də çətinləşir. Bu gün dünyanın heç bir ölkəsində səhiyyə sistemi bu infeksiyanın birmənalı müalicə metodunu tapmayıb. Yeganə effektiv müalicə metodu insanın öz-özünü qoruması, gigiyenik normalara riayət etməsidir. Bu infeksiyanın yaxın vaxtlarda vaksininin tapılması hələ heç müzakirə də edilmir. Xəstəliyə yoluxan insanlar belə media vasitəsilə digər insanlara səslənərək özlərini qorumalarını tövsiyə edirlər.

Siz təsəvvür edin ki, virus ağciyərləri o qədər ağır zədələyir ki, koronavirus xəstələrinin böyük əksəriyyəti anidən boğularaq ölürlər. Bu gün digər ölkələrdən fərqli olaraq bizim pandemiya ilə mübarizə əleyhinə inşa edilən modul tipli xəstəxanalarımız var. Ən ağır xəstələrin müalicəsinin təmin olunması üçün tibb müəssisələrində çarpayıların sayı artırılıb, müasir standartlara cavab verən süni tənəffüs aparatları alınıb. Vətəndaşların maddi durumun yaxşılaşdırılması istiqamətində aztəminatlı ailələrə sosial müavinətlər ayrılıb. Bütün bunların müqabilində isə özünü ərköyün uşaq kimi aparan vətəndaşlarımız var. Biz birlikdə bunun öhdəsindən gələ bilərik”.

Paylaş »
››› Növbəti müharibənin əsas hədəfi Zəngəzurdur... – Ermənistan panikada
››› Eldar Namazov: "Azərbaycanda Türkiyənin hərbi bazası, Naxçıvanda birgə qoşunlar olacaq"
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə...
Son xəbərlər
Bütün xəbərlər »