Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polislərin çılpaq apardığı gəncin anası: “Dedim ki, evdə gəlin var, uşaq var...”

Yeni Yasamalda polislərə zibil atdığı iddia olunan vətəndaşların tutulması zamanı çəkilən videogörüntülər son iki gündə sosial medianın əsas müzakirə mövzusudur. Xüsusən polislərin vətəndaşı çılpaq şəkildə aparması, bina sakinlərindən olan qadına “özün də, ərin də dovşansız” kimi təhqiramiz ifadələr işlətməsi kəskin qınaqlara səbəb olub.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyi qadına qarşı təhqiramiz ifadələr səsləndirən polisin artıq cəzalandırıldığını açıqlayıb: “İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarına məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb. Bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq, onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib. Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib, ondan üzr istənilib. Bundan sonra Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi, barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib”.

Yatdığı yerdən qaldırılıb, çılpaq şəkildə aparılan şəxs 32 yaşlı Elvin Süleymanovdur. Onun anası Gülər Süleymanova mediaya açıqlamasında bildirib ki, Elvini apararkən digər oğlu Kərim Süleymanov polislərdən qardaşına heç olmasa, əyninə paltar geyinməyə imkan verilməsini istəyib. Buna görə 29 yaşlı Kərim Süleymanovu da qardaşıyla birlikdə aparıblar. G.Süleymanovanın sözlərinə görə, Yasamal rayon Məhkəməsinin qərarıyla hər iki oğluna 15 sutka inzibati həbs cəzası verilib.

Həbs olunan Süleymanovların anası bildirir ki, polislər səhər saat 7 radələrində evlərinə gəlib, qapını möhkəm döyüblər: “Bəziləri deyir ki, guya qapını gec açmışıq, oğlum gizlənib və sair. Bunlar yalandır. Hamının yatan vaxtıdır, biz də yatmışdıq. Əynimizə paltar geyinənə qədər vaxt keçib. İçəri girəndə də qarşılarına keçib dedim ki, evdə uşaq var, gəlin var. Təsir eləmədi, basqın elədilər evə. Gəlini, məni itələdirlər, qolumu burdular. Mənim oğlum zibil atmayıb, hamı kimi, biz də eyvandan baxmışıq. Araşdırmadan, dəqiqləşdirmədən evə basqın elədilər. Komendantdan dəqiqləşdiriblər adları, evlərdə yaşayanların adını öyrəniblər, vəssalam. Kor-koranə evlərə girib aparıblar”.

G.Süleymanova onu da əlavə edib ki, qardaşına paltar vermək istədiyinə görə tutulub aparılan oğlu Kərim yeni əməliyyat olunub, səhhətində problemlər var. Bunu da polislərə deyiblər, lakin nəticəsi olmayıb.

Daxili İşlər Nazirliyinin yaydığı rəsmi açıqlamada deyilir ki, iyunun 7-də Yeni Yasamalda karantin rejiminə nəzarət edən polis əməkdaşları yaşayış binalarından birinin həyətində qaydanı pozan şəxsi saxlayıb. Həmin vaxt binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üstünə müxtəlif əşyalar, zibil torbaları atıb, onların ünvanına təhqiredici ifadələr səsləndiriblər. Amma polis əməkdaşları təmkin nümayiş etdirib və karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görüb: “Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər. Hazırda onların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir”.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› “Ermənilər girov götürülən Dilqəm və Şəhbazı da azad etməli idi”- Hüquqşünas
Son xəbərlər
Bütün xəbərlər »