Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Samir Abasov: “Çempionat vaxtından əvvəl başa çatdırılmalıdır”

“Sumqayıt” və “Zirə”nin sabiq baş məşqçisi Samir Abasovun apasport.az saytına müsahibəsini təqdim edirik.

- Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyası səbəbindən iyunun 6-7-də ən sərt karantin rejimi tətbiq etdi. Bu qadağanın önümüzdəki həftəsonları da tətbiq edilməsi istisna deyil. Belə bir vəziyyətdə Premyer Liqanın bərpa olunmaq şansı nə dərəcədə real görünür?

- Hazırkı şərtlərlə çempionatın keçirilməsi mümkünsüz görünür. Amma məcburiyyətdən oynaya bilərlər. Belədə artıq baxımlı oyun, xal qazanmağa çalışmaq ikinci plana düşür. Məqsəd çempionatı idman prinsipləri ilə başa vurmaqdır və futbolçu da oynamaq məcburiyyətindədir. Məcburi bir işin isə ləzzəti olmur. Komandalar 3-4 gün hazırlıq keçdilər, yenidən 2 gün məşqsiz qaldılar.

- Çempionat bərpa olunduqdan sonra qarşıda 1 aydan bir qədər çox vaxt qalır və mövsümü bitirmək üçün həftədə 2 tur keçirilməlidir. Həftənin 5 günü ərzində həm məşq etmək, həm də 2 oyun keçirmək mümkündürmü?

- Mümkünsüz bir şey yoxdur. Evdə olduqları iki gündən oyuna çıxacaq şəkildə səmərəli istifadə etməlidirlər. Amma bir şərtlə ki, həftədə 1 oyun olmalıdır. Hazırkı vəziyyətdə hər həftənin yalnız cümə günü matç keçirməklə mövsümü bərpa etmək olar. Amma iki gün evdə oturub, ardından həftənin 1-ci və ya 2-ci günü oyuna çıxmaq qeyri-mümkündür. Bu artıq futbol olmaz, oyunçular meydanda yalnız gəzərək vaxt keçirərlər. Bu cür təqvimə oyunçular bir həftə dözə bilərlər. İkinci həftədən sonra salamat futbolçu qalmaz.

- Həftədə 5 günlük icazə ilə məşqçilər necə proqram qurmalıdırlar ki, futbolçuları oyunlara hazırlaya bilsinlər?

- Burada ən çox əziyyət məşqçinin üzərinə düşür. Məşqçilər indiki şərtlər altında futbolçulardan heç nə tələb edə bilməzlər. Deyəcəklər ki, sizi başa düşürük, amma çıxıb oynamalıyıq. Bu artıq proqramdan da, futbol dinamikasından da çıxır. Hətta bir misal deyim. İngiltərədə bəzən iki gündən bir oyun düşdüyü üçün FİFA, UEFA yazılı şəkildə etirazını bildirmişdi. Bir matçdan digərinə kimi ən azı 3 gün vaxt olmalıdır. Çünki bu, birbaşa insan bədəninə ziyandır.

- Sizin fikrinizcə, qalan turlar keçirilməli, yoxsa mövsüm erkən başa çatdırılmalıdır?

- Mənim fikrimcə, çempionat vaxtından əvvəl başa çatdırılmalıdır. Belə daha yaxşı olardı. Amma qərar verilibsə, məcbur qalıb oynamalıdırlar. Əminəm ki, AFFA və PFL bərpa qərarı zamanı iki günlük sərt karantin rejimini bilməyib. Bunu öncədən bilsəydilər, bəlkə də, çempionatı bitirərdilər. Bu şərtlər altında oynamaqdansa, yekunlaşdırmaq yaxşıdır. İnanın ki, 1-2 komanda çıxmaq şərti ilə qalanları mövsümün yekunlaşmasını arzulayırlar. Yeni fikirlə, yeni güclə növbəti mövsümə rahat hazırlaşmaq olar. Çünki heç kim sabah nə olacağını bilmir və belə durumda klublar məşq keçirlər. Axı hansı futbolçudan nəsə tələb edə bilərsən? Qaçmaq tələb edəcəksən, deyəcək ki, necə qaçım, bacardığım budur. Nə məşqçilər, nə də futbolçular öz işlərindən zövq alacaqlar.

- Turnir cədvəlindəki hazırkı mövqelərə uyğun avrokuboklara vəsiqə qazanacaq komandaları müəyyənləşdirmək digərlərinə haqsızlıq olmaz?

- Hamısı başa düşməlidir ki, avrokuboka düşdü-düşmədi, yeganə xeyirləri oradan gələn 300-500 minlik puldur. Maksimum 1 mərhələ adlayırlar, ikinci mərhələni keçmək artıq gözlənilməzdir. Heç biri “avrokuboka düşdüm” deyib sinəsinə döyməsin. Avropa arenasında irəliləməyi qarşısına məqsəd qoyan yeganə komanda “Qarabağ”dır. Avropa Liqasına bu gün biri düşər, sabah digəri. Yekunda hansısa Lüksemburq komandası gəlib 3-4 qol vurub gedir. Avrokuboku düşünən komanda işini ilin əvvəlindən buna uyğun qurmalıdır. Orada uğur qazanmaq üçün ən azı 3-4 illik proqramın olmalıdır. Yoxsa “bu il düşüm, gələn ilə sonra baxarıq” düşüncəsi ilə inkişaf etmək olmaz. Sözünlə yox, işinlə avrokubokda nəticə göstərməlisən. “Bir il düşdüm, bu mənim üçün kifayətdir” deməklə uğur qazana bilməzsən. Təəssüf ki, bizdə belədir.

Paylaş »
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
Son xəbərlər
Bütün xəbərlər »