Daxili İşlər Nazirliyi Yasamal rayonunda saxlanılan 11 nəfərlə xağlı açıqlama yayıb.
Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, dünən – iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis
əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiblər.
Buna baxmayaraq, polis əməkdaşları təmkin nümayiş etdirib və karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görüblər.
Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər.
Hazırda onların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir.