“Bağlanmış 4 bankda pulu qalanlar, yəni kreditorlar boş vədlərə vaxt itirməsin, haqqını tələb etsin.
Bizimyol.info xəbər verir ki bu barədə bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib.

Ekspert tövsiyə edir ki, Kreditorlar Komitəsinin yaradılması barədə Əmanətlərin Sığortalanması Fonduna müraciət etsinlər: “Qanuna görə Komitə Fondun təşəbbüsü və Mərkəzi Bankın dəstəyi ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə yaradılmalıdır. Kreditorlarm pulunun heç olmasa qismən qayıtmasını istəyirsə, mütləq bu müraciəti edin. Komitənin yaradılmasına, rüblük hesabat və ləğv planının sizə təqdim edilməsinə nail olun və Fondun fəaliyyətinə nəzarət edin. Onu da bilin ki, Fond öz istəyi ilə bu Komitəni yaratmır. Soruşanda da deyir ki, müraciət edən yoxdur. Hazırda da kreditorlara vəd verirlər ki, narahat olmayın, pulunuz qayıdacaq. Əvvəllər bağlanmış bankların təcrübəsindən yaxşı bilirəm: Fond sadəcə Komitənin yaradılmasını istəmir. Kim istəyər ki, üzərində nəzarət olsun? Özü də sənin ona pul verməli olduğun şəxslər tərəfindən?”
Ekspert bildirib ki, rəhbərlik etdiyi vəkil bürosunun da bağlanan “AGBank”da 91,44 manat vəsaiti qalıb: “Atabank”, “Amrahbank”, “NBC Bank” və “AGBank”ın bağlanması ən çox orada pulu qalanları narahat edir.
Bağlanan bankda qorunan əmanət sahiblərinin cəmi məbləği təxmini 681 milyon manatdır. 5 mln. manat isə qorunmayan əmanətlərdir.
Əvvəllər bağlanmış bankların təcrübəsi göstərir ki, sonuncu kreditorlara, bir qayda olaraq, yekunda ya heç nə çatmır, ya da çox cüzi məbləğ çatır. Fond deyir ki, pul qurtardı! Ola bilər ki, pul həqiqətən yoxdur. Amma ola da bilər ki, pulun çatmaması Fond öz vəzifələrini düzgün və vicdanlı icra etməməsinin nəticəsidir”.
Ramid İbrahimov