Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu templə karantin rejimi heç payızda da bitməyəcək” - Həkim

“Koronavirusa (COVİD-19) yoluxmaların artmasının əsas səbəbi əhalinin virusa inanmamasıdır. Bu işdə televiziya, xüsusilə sosial şəbəkələrin əvəzolunmaz rolu var”.

Bu barədə Bizimyol.info-ya həkim-farmakoloq Müşfiq Hüseynov bildirib.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

M.Hüseynov deyib ki, aprel ayının 6-dan ölkədə bütün güclər pandemiya ilə mübarizəyə səfərbər edilib: “Əgər bu iki ayı dəyərləndirsək, COVİD-19-la mübarizəni qənaətbəxş qiymətləndirmək olar. Xüsusilə ilk bir ayda hökümət özününün mobil və zamanında reaksiyası ilə şəxsən məni yaxşı mənada təəccübləndirdi. Çatışmazlıqlar vardımı? Əlbəttə ki, vardı. Amma nəzərə alsaq ki, bu vəziyyətlə müstəqillik tariximizdə ilk dəfədir rastlaşırıq, səhvlər qaçlmaz idi. Bu barədə dəfələrlə yazılıb, deyilib, ona görə də təkrarlamaq istəmirəm.

Xüsusi karantin rejimi tədbirləri çərçivəsində şəhərdə hərəkət minimuma endirildi, rayonlarla şəhər arasındakı gediş-gəliş məhdudlaşdırıldı. Tibbi maska və spirt defisitinin də aradan qaldırılması ilə yoluxma sayı sürətlə enməyə başladı. May ayının ortalarında yoluxmaların sayının minimuma enməsi, ümidləri artırmışdı. Hər kəs mayın sonunda bu işi bitirərik deyirdi. Amma olmadı”.

Həkim bildirib ki, əhalinin sosial izolyasiya və fərdi qorunma tədbirlərinə qarşı münasibəti ilk gündən birmənalı deyildi: “Ölkə rəsmən virusa inanan və inanmayanlara bölündü. Hər kəsin öz arqumenti, hər kəsin öz videofaktları vardı. Əgər ilk 20 gündə bütün qaydalara əməl edilirdisə, havaların istiləşməsi ilə əhali arasında emosional rahatlama və biganəlik artmağa başladı. Bu gün heç bir qaydaya əməl olunmur. Avtobus və metrolar insanla doludur və heç kim qorunmur, bankların önündə növbələrdə heç kim sosial məsafəni gözləmir. Hamı karantinə “bitdi” gözü ilə baxmağa başladı. Bu gün biz bunun nəticəsi ilə üz-üzə qalmışıq. Necə deyərlər, ayağımıza gələn şansı əlimizin tərsi ilə itələdik. Və bu gün biz, hələ ki, idarə olunması mümkün olan ağır vəziyyətlə üz üzəyik. Sabah necə olacaq? Bu bizdən aslıdır”.

Həkim M.Hüseynov deyib ki, koronavirusa yoluxmaların artmasının əsas səbəbi əhalinin virusa inanmamasıdır: “Bu işdə televiziya, xüsusilə sosial şəbəkələrin əvəzolunmaz rolu var. Televiziyalarda təşkil olunan tok-şoularda heç kimin maska taxmaması, sosial məsafəni çox vaxt gözləməməsi faktları çox oldu. O ki qaldı sosial şəbəkələrə, hətta ciddi insanların belə “bu oyundur” deməsi, rejim pozanların özlərini canlı yayımla reklam edib cəzasız qalması, saysız-hesabsız saxta videolar insanlarda “bu oyundur” fikrini yaratdı. Mən anlamıram, niyə bu günə kimi COVİD-19 qurbanlarının siyahısı açıqlanmır? Nİyə ictimai fikrə təsir imkanları olan bloqqer və sosial şəbəkə liderlərindən ibarət qrup yaradılıb, xəstəxənalardan canlı yayım açmalarına imkan verilmir. Bu pessimistlərin sayını azaldar. Çox paradoksal vəzyyət yaranıb. Cənab Prezident və birinci xanım bölgələrdəki son görüşlərini maska ilə keçirdir, Milli Məclisin plenar iclaslarında vəkillər hamısı maska taxır, amma əhali “bu yalandı” deyir. Bİr düşünün, əgər yalandırsa, 30 dərəcə istidə dövlət başçısı Ağcabədidə niyə maska ilə görüş keçirdir? Mən bir daha əhaliyə bldirmək istəyirəm ki, bu templə karantin rejimi heç payızda da bitməyəcək. 5-10 gün səbrli olmaq əvəzinə hər kəs ehtiyatı əldən verdi. Bu səhvi təkrarlamaq lazım deyil. İşinizi görün, həyatınızı yaşayın, sadəcə özünüzü qoruyun. Maska taxın, gigiyena qaydalarına və sosial məsafəyə riayət edin. Özünüzü qorumaqla ətrafınızı da qorumuş olacaqsınız. Bizə düşən budur. Koronavirusla bağlı “Televiziya yalan deyir”, və ya nəyisə gizlədir, “virus oyundur”, oyun deyil, “iqtisadi müharibə elementidir”, yoxsa “bioloji silah”dır, niyə orda elədir, burda belə deyil kimi əsası olmayan söhbətləri sonraya saxlayın. Azərbaycan bu mövzular üçün çox kiçik ölkədir. Bizə özümüzü qorumaq lazımdır, başqa heç nə. Sonrasına sonra baxarıq”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »