Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hərbi qulluqçuların pensiya təminatında nə və necə dəyişir?
“Dövlət Sərhəd Xidməti (DSX) sistemində xidmət edən şəxslər üzrə pensiyaların məbləğləri 20 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi təyin olunur. Bu barədə bizə DSX-dan bildirilib. Amma Əmək və Əhalininn Sosial Müdafiəsi Nazirliyi bu məbləği 2 faizlə hesablayır”.

Bunu bizimyol.info-ya Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu bildirib.

“Hərbi qulluqçu 25 il xidmət keçərək pensiya yaşına çatır. Pensiyaya çıxan hərbi qulluqçular Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət edəndə onlara deyiblər ki 20 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 2 faizi təyin olunur”,-deyə hərbi qulluqçu sözlərinə əlavə edib.

“Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunun 13-cü (Pensiyaların məbləğləri) maddəsinə əsasən xidmət illərinə görə pensiyalar aşağıdakı məbləğlərdə təyin olunur: 20 il və daha çox xidmət etmiş hərbi qulluqçulara 20 il xidmət üçün müvafiq təminat xərcliyinin-50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılaraq hərbi xidmətdən buraxılanlara isə 55 faizi; 20 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin-3 faizi.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə infomasiya sorğusu göndərilib. Sorğuya cavabda bildirilib: “Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə 1 iyul 2017-ci il tarixdən edilmiş əlavə və dəyişikliklərə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (yalnız Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla hesablanır. Həmçinin Qanunun 20.14.2-ci maddəsinə əsasən isə hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla hesablanır”.

Ramid İBRAHİMOV

Son xəbərlər
Bütün xəbərlər »