Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İctimaiyyət nümayəndələri koronavirusla bağlı əhaliyə çağırış etdi

Bu həftədən başlayaraq bazar günü səhər saatlarınadək narıncı zona adlandırılan Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq olunması gözlənilir.

Belə ki, son günlər koronavirusa yoluxma sayı artdığı üçün karantin rejiminin yumşaldılması dayandırılır və yenidən məhdudlaşdırma aktivləşdirilir. Yoluxma intensivliyinin yüksək olduğuna görə qarşıdakı bir və ya iki ay ərzində həftənin iki-üç günü ərzində vətəndaşların küçəyə çıxması, nəqliyyat vasitələrinin hərəkəti və iş rejimi məhdudlaşdırılacaq, mağazalar bağlanacaq.

Bizimyol.info xəbər verir ki, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti sədrinin müavini, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva ictimaiyyəti COVİD 19 virusunun ciddiliyini nəzərə almağa çağırıb: “Bu xəstəlik günü gündən artır. Bu artım ciddi və təhlükəlidir! Xəstəlik yoxdur deyən və səhv informasiya yayanlar cahil insanlardır.

Koronavirus infeksiyası müalicədən sonra da sağlamlığa təsir edəcək ciddi nəticələrlə təhdid edir. Belə ki, COVID-19 ağciyər həcminin azalmasına və beynin bütün hissələrinin ölümünə səbəb ola bilər. İnfeksiya müalicə olunmayan xroniki bir xəstəlik olan ağciyər fibrozunun səbəbidir. İnfeksiyaya yoluxanların çoxunda ağciyər həcmində azalma olur. Ağciyər funksiyasının pozulmasının, koronavirusun səbəb olduğu alveolyar lezyonlarla əlaqəli olduğu müəyyən edilib”.

Mütəxəssislər xəstəliyin əvvəlcə ağciyərlərə təsir etdiyini, sonra böyrəklərin zərər verə biləcəyini iddia edirlər. Bir insanın koronavirus inkişaf etdirdiyinə dair ilk əlamət nəfəs problemidir. Qrip kimi, koronaviruslar da tənəffüs yoluxucu infeksiyalardır və yoluxmuş bir xəstə, virusun ola biləcəyi burun və ya ağızdan mayeləri püskürtərək öskürür və ya asqırırsa yayıla bilər”.

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

Milli Məclisin deputatı Nəsib Məhəməliyev qeyd edib ki, zamanında dövlətin müdaxiləsi nəticəsində pandemiyanın birinci mərhələsini ölkə olaraq az itkilərlə keçdik: “Ancaq karantin rejimi ləğv olunduqdan sonra az bir müddətdə koronovirusa yoluxanların sayı kəskin şəkildə artdı və artmaqda davam edir. Nazirlər kabineti yanında operativ qərargah məcburiyyət qarşısında həftə sonları üçün məhdudiyyət tədbirlərini bərpa edir. Əgər yeni yoluxanların statistikası artan templə inkişaf etsə, daha da ciddi tədbirlərin görülməsi qaçılmaz olacaq. Burada əhali arasında gəzən çoxsaylı şayiələri, inamsızlıq mühitini xüsusi vurğulamaq istərdim. Bəzi hallarda cəmiyyət arasında kifayət qədər tanınmış insanlar belə əsassız söhbətləri yaymaqla məşğuldurlar. Bu qeyri-ciddi münasibət , həm də təhlükəlidir.

Düşünürəm ki, mövcud vəziyyət hər bir vətəndaşımızı ciddi düşündürməli,davranışlarında diqqətli olmalı, həm özünü,yaxınlarını, eyni zamanda dövləti düşünməli və tezliklə normal həyata qayıtmağımız üçün öz töhfəsini verməlidir”.

Sahib Məmmədov

Hüquq müdafiəçisi Sahib Məmmədov koronavirusa qarşı mübarizə tədbirlərilə bağlı hökumətə təklif verib.

“Əgər xəstəliyin yayılmasının qarşısını az da olsa almaq istəyisinizsə iş yerlərində (o cümlədən dövlət orqanlarında) karantin qaydalarına əməl olunmasına səy göstərin. İş yerində sərt qaydalara əməl edənlər bunu küçədə də edəcək. İdarə, müəssisə və təşkilatlarda qaydalara əməl olunmur, əgər yumuşaq desək. Sadəcə bəzi rəhbərlər özlərinə ayrı lift təşkil edib və özünü izolyasiya edib. Bu gün şəhərdə maska ilə yalnız polisdir. Tək-tək insanların çənəsində nimdaş cərrahiyə maskaları var”,-deyə hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.

Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 6 260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 665 nəfər müalicə olunaraq sağalıb, 76 nəfər vəfat edib, 2 519 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 61 nəfərin vəziyyəti ağır, 78 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »