Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maskarad başladı: Bu dəfə başqa formada

Koronavirusun yayılma sürətinin artması ilə əlaqədar karantin qaydalarının sərtləşdiriləcəyi barədə ehtimallar səslənməkdədir. İlk qadağa həftə sonları evdən çıxma yasağı şəklində özünü göstərdi. Hərçənd bunun nə dərəcədə effektiv olacağını söyləmək çətindir. Analoji təcrübəni qardaş Türkiyə həyata keçirir, lakin bunun ümumi karantin tədbirləri fonunda böyük səmərə verdiyini demək çətindir.

Koronovirus pandemiyası ilə mübarizə kontekstində, karantin rejiminin qaydalarına riayət olunmadıqda, 50, 100 və 200 manat məbləğində cərimə tətbiqi qüvvəyə mindi. Cərimənin yüksək olması ilə bağlı həm millət vəkilləri tərəfindən, həm də cəmiyyətdə müxtəlif fikirlər səsləndirilməkdədir. Reallıq ondan ibarətdir ki, qanunlara uyğun davranışlarını tənzimləyən, müəyyən olunmuş yerlərdə tibbi maska geyən, sosial məsafəni qoruyan heç bir vətəndaş cərimələnməyəcək.

Lakin bu da var ki, qadağalarla şərtlər bir–birini tənzimləməlidir.

Birincisi, ictimai nəqliyyatda həddən artıq insan sıxlığına baxmayaraq, kondisionerlərin açılması qadağan edilib. İsti havada vətəndaşı maska və əlcəklə avtobusda oturmağa məcbur etmək çətindir.

İkincisi, inam azaldığı üçün qorxusu olmayan vətəndaş da özünü qorumaq ehtiyacı hiss etmir.

Qapalı məkanlarda maska taxılması başadüşüləndir. Açıq havada dəniz kənarında tək gəzən adama maskanın heç bir faydası yoxdur. Buna görə cərimə yazılması narazılıq doğuran səbəbdir. Yəni "vur" deyiləndə, öldürmək lazım deyil.

Bununla belə, insanlarımızın elə onların sağlamlığı üçün dövlət tərəfindən qoyulan tədbirlərə aqressiv yanaşması da anlaşılan deyil.

Metroda sərnişinlərin kollektiv şəkildə iki gənc polis işçisinə təpki göstərmələri, onları vaqondan çıxararaq qələbə sevinci yaşamaları, kənardan olduqca acınacaqlı görünürdü. Vəzifəsi vətəndaşların sağlamlıqlarının keşiyində durmaq olan, virusun yayılmasının qarşısını almaq üçün həyatlarını belə riskə atan, vəzifə borclarını yerinə yetirən o iki gəncə vaqondakı çoxsaylı insanların təzyiq göstərməsinə nə ad vermək olar? Normal cəmiyyət bunu qınamalıdır, alqışlamalı deyil.

Maska virusdan qorumur. İkincisi, maska 1-2 saatdan bir dəyişməlidir, yəni 1 maska gün boyu istifadə edilə bilməz. Çünki onun steril xüsusiyyəti uzun müddət davam etmir. Hər gün işə gedən insanlar ciddi bir maska xərcinə girməli olacaq. İnsanların gəlirlərinin də azaldığı dövrdə bu cərimələr vətəndaşları daha da çətin vəziyyətə salır. Belə görünür ki, bu qərar yeni istifadəyə verilmiş maska istehsalı müəssisəsinin satışını təşkil etməkdən başqa bir məqsədə xidmət etməyəcək. Bəlkə hökumət vətəndaşları pulsuz maska ilə təmin etmək üçün nəsə etsin?.. Ən azından dövlət qurumlarının girişində maska verilə bilər.

Biz özümüz–özümüzü tərbiyə etməyincə təkcə bu pandemiyadan yox, qarşımıza çıxan bütün problemlərdən sıyrılıb çıxmağımız böyük əziyyət olacaq. Dünən bir bank qarşısında gördüyüm mənzərənin qeyri-adiliyi, gülünclüyü hələ də beynimdə qalıb. Banka girmək istəyən bir vətəndaşı maskası olmadığı üçün içəri buraxmadılar. O da praktiki çıxış yolu tapdı öz aləmində, içəridən çıxan bir nəfərin üzündən çıxardığı maskanı sifətinə yapışdırıb içəri girdi. Düşünürsünüzmü, ölkədə bu qaydada düşünən neçə milyon insan var?

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »