Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Darıxma.., düzəlməyəcək"

(essevari)

Epiqraf Məmməd Arazdan:

"...Gedir milyonçunun qəpik davası,

Çürük fikirlərin çürük davası...

Dünya düzəlmir ki, düzəlmir, baba!"

Hər zaman bu sual var: "Bu dünya niyə düzəlmir?!" Ən maraqlısı da budur ki, dünyanı əyənlərin özü də dünyanın əyrisindən gileylidir. Dünyanın bir parçası da bizik; azdırmı öz əyrilərimiz, öz əlimizlə əydiklərimiz?! Doğru-düz yoldan çıxan insan nə qədər irəli gedirsə-getsin, doğru hədəfə çatmayacaq. O irəliyə getdikcə, düz yoldan daha da aralanmış olacaq. Bir zaman anlayıb geri qayıdanda baxıb görəcək ki, arxadan gəlib düz gedənlər onu çoxdan ötüb keçiblər; yoldan sapan özü özünü geriyə atıb. Bu həyat həndəsəsində kim düz xəttə sadiqdirsə, mütləq qazanmış olacaq. Yanlışa sapanlar iki yol arasında dairə cızaraq qalacaq. Bəzən də insanlar getdiyi yolun yanlış olduğunu bilə-bilə özünü aldadır ki, enində-sonunda doğru mənzilə çatar. Bir də ayılır ki, son mənzilə yetişib; yad izlər onu azdırıb - yol bitməsə də, ömür bitib.

***

...Bir məşhur bölgəmizdə məşhur kənd var. O kəndə çox lətifə qoşurlar. Və Bakıdan o məlum bölgəmizə uçan təyyarə eniş edəndə həmin məşhur kəndin üzərindən keçir. Növbəti dəfə təyyarə hava limanına enəndə reysə təzə təyin olunmuş stüardessa pilotun kabinəsinə gəlib həyacanla deyir:

- Komandir, bir kişi əlində çemodanla qapının qarşısında durub, israrla: "Qapını açın, mən kəndimizdə düşüm" deyir.

Komandir gülümsünərək stüardessadan soruşur:

- O kişinin qulağı qırıqdır?

- Hə.

-Burnu sınıqdır?

-Hə.

- Sağ ayağını çəkir?

- Hə.

- Sol qolu gipsdədir?

-Hə.

- Qapını açın düşsün. O, həmişə burda düşür.

***

Yəqin çox güldünüz. Elə mən də. Ancaq bu lətifənin bir də ağlamalı yanı var; bizim başımız nə qədər daşdan-daşa dəyirsə-dəysin. eyni səhvi təkrar etməkdə israrçıyıq. Mən bir dəfə nə zamansa yazmışdım ki, toplum qavrayışımız emprikdir; əlimizi dağlayana qədər sobanın qızmar olduğunu dərk etməyən uşaq kimiyik. Amma yox! Sən demə daha betəri var: soba bizim əlimizi təkrar-təkrar dağlamış olsa da, yenə onun qızmar olub-olmadığını bilmək üçün hər dəfə əlimizi toxundururuq.

***

Tarixboyu alimlərimiz, şairlərimiz, fikir adamlarımız bizim diaqnozumuzu da qoyublar, müalicə də yazıb gediblər. Ancaq biz... Nizamisi, Tusisi... olan millətə cəhalət yaraşarmı?! Mirzə Fətəlisi olan toplumun "qaloş piri"ndən mədəd uman fərdləri niyə olsun ki?! Yatan, susan vicdanları oyatmaq üçün Allahın... Mirzə Ələkbər Sabirdən daha gur səsimi var?!..

…Böyük və kövrək şairimiz Məmməd İsmayılın yubileyində təbrik deyənlərdən biri maraqlı bir fikir işlətmişdi; yaddaşıma hopub qalıb: "Məmməd İsmayıla hələ də elə gəlir ki, şeirlə nəsə eləmək olar". Bəli, Məmməd İsmayıla elə gəlir... Bəlkə də elə yaxşı ki, hələ də şeirlə, sözlə, ədəbiyyatla dünyanı dəyişmək istəyən insanlar var. Dünya onların çiyinlərindədir, milyarderlərin deyil. Və də Quran özü dünyanın ən gözəl şeirlər kitabı deyilmi?!

***

...İndi belə bir tezis dəfələrlə fırladılır ki, onsuz da Sovet dövləti dağılırdı deyə biz də müstəqil olmuşuq. "Baxın, Türkmənistanda heç milli-azadlıq hərəkatı olmadı, 20 yanvar olmadı, bununla belə onlar da müstəqil oldu, biz də" deyirlər. Ancaq biz siyasi anlamda hələ Türkmənistan olmadığımızla fəxr edirik, elə deyilmi?! 20-ci əsrin əvvəlində müsəlman Şərqində ilk çoxpartiyalı parlament respublikası qurmuş bir millət özünü niyə avtoritar Türkmənistanla eyniləşdirsin ki?! Bu, özünə hörmətsizlik olar. Buna bir daha nə zamansa geniş yazıda qayıdarıq. Məsələ, Türkmənistanda deyil. Kimsə bəlkə müstəqilliyin xəyalını belə qurmadan ya geosiyasi zəlzələdən, ya da geostrateji vəlvələdən müstəqil oldu (nə qədər müstəqilliksə bu artıq!). Ancaq biz azadlığın xəyalını qurduq, ən azı bir əsr o xəyalla yaşadıq. Deməli, onun qədrini də daha çox biləcəyik. Keçən yüz ildə Arazın o tayında 3 dəfə, bu tayında 2 dəfə inqilab elədik bu xəyal üçün.

***

Bəli, türkmənlər bizim qan qardaşımızdır, amma yəqin ki, türkmənlərdən fərqli olaraq biz bu milli azadlığı çox istədik. Bu xəyal üçün savaşdıq. Və bizi o Meydana ədəbiyyat gətirdi. Meydanın özündə də şeirlər oxundu, marşlar çalındı, mahnılar səsləndi. Düşmənə həcvdən tutmuş bizi Küveytə çevirəcək neft nağıllarına qədər... şifahi Meydan ədəbiyyatı yaratdıq. Üstəlik Şəhriyarın, Bəxtiyarın, Tofiq Fikrətin, Nazim Hikmətin şeirləri ilə, Üzeyirin musiqisi... ilə yaraqlanıb-yasaqlanmışdıq. Yox, Ramiz Rövşənin: "Düşmənləri sazla qovarıq torpağımızdan" misrasını yanlış anlamağa tələsməyin. Bizi nəsə birləşdirməlidir axı sonunda, deyilmi?! Əvvəlcə bir millət olduğumuzu, düşmən əlindəki torpağın da hamımıza məxsusluğunu bizə xatırladan işarətlər olmalıdır. Azadlıq ruhunu bizə qaytaran nəsnələr. Məmməd İsmayılın şeirlə eləmək istədiyi o nəsələr...

***

Dostum, professor Xaləddin İbrahimlinin bir sözü var: "Mədəniyyət hakimiyyəti hardadırsa, siyasətin hakimiyyəti də ora qayıdacaq". Bəli, pofessorun bu proqnozu çox optimist səslənsə də, bu gün hər birimizin öz pəncərəmizdən izlədikləri hələ ki kədər tablolarıdır. İllah da bu son günlərdə. Bu tablolara mən də baxıram və gördüyümü yazanda mənə deyirlər: "Nə yaman pessimist olmusan". Bəli, gördüklərim ürəyimi sıxır; biz həmişə ifrata meylliyik: şair xalq idik, tacir xalq olduq. Qiymətli aydınımız Aydın Məmmədovun "filoloji siyasət" dediyi siyasi romantizmdən bir tarixi anda tüccar praqmatizminə yuvarlandıq. "Azadlıq Meydanı" improvizasiyasının tək ürək ədəbiyyatından "Azneft" dairəsinin qara maraqlar mühasibatına endik...

Və bu üzdən də düşünürəm: bəlkə elə bizim yolumuzu pessimizm aydınladacaq. Pessimist başlanğıcda təkcə dağıdıcı stixiya deyil, yaradıcı etiraz ruhu da gizlənib. Axı elə də olub ki, ən böyük ümidlərimiz tariximizin ən zülmət qaranlıqlarından doğulub. Hüseyn Cavid deyən kimi: "Hər qaranlıqda bir işıq, hər ümidsizlikdə bir ümid..."

***

Bizim camaatın həmişə və hər durumda belə bir əsaslandırılmamış proqnozu var: "Hər şey yaxşı olacaq". Hətta ölüm yatağında Əzrayılla cavaşana da belə deyirlər. Özləri də bilmir, niyə və necə yaxşı olacaq?! Bəlkə bu da təkrar etdiyimiz səhvlər seriyasındandır: inanmalı olduğumuza deyil, inanmaq istədiklərimizə inanmaq... Məmməd Araz da ona görə vicdanımızın səsinə - böyük Sabirə xitabla deyirdi: "Dünya düzəlmir ki, düzəlmir, baba!" Bu üzdən də deyirəm: optimist olduq, bir işə yaramadısa, pessimist olaq bəlkə. Qaranlığın bətnindəki işığa güvənərək, "düzəlmirsə, düzəlmir" deyək. Ya da elə Salam Sarvanın dediyi kimi:

"Gəl sənə təsəlli verim,

Darıxma, düzəlməyəcək"...

***

İnsanlar hər şeyin yaxşı olacağına kortəbii inananda hər şey daha da pis olur. Doğru yoldan sapıb doğru bildiyin əyri hədəflərə əyri-əyri gedirsənsə də yenə, ...darıxma, düzəlməyəcək.

***

...Amma, suda boğulanın xilası həmişə öz əlindədir. Suda boğulanlar dərində boğulmur; dibə vurub təzədən üzə qalxanların xilas şansı var. Biz də bəlkə dibə vurmanın şansından yararlana biləcəyik, kim bilir?! Bəlkə yenidən öz ucamıza qalxmaq üçün öz dibimizə enməliymişik...

Bahəddin Həziyev

Son xəbərlər
Bütün xəbərlər »