Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ucar rayonunda su dərdi - Bir həftədir Şahlıq kəndinə su verilmir

Ucar rayonunun Şahlıq kəndinin camaatı bu yay günündə susuzluqdan yanır.

Bizimyol.info-ya kənddən edilən şikayətə görə, artıq bir həftədir kəndi su ilə təmin edən arxa su verilmir. Kənd sakinlərinin dediyinə görə, su qonşu Ramal və Əlikənd kəndlərinə növbə ilə verilir, belə ki arxın suyundan bir gün Əlikənd, bir gün Ramal, bir gün də Şahlıq camaatı istifadə edir. Lakin növbə ən uzaqdakı Şahlıq kəndinə çatanda Ağdaş Rayonundan təchiz olunan suyun qarşısı kəsilib.

Yay günündə, Azərbaycanın ən isti rayonlarından olan Ucarda bir həftə suyun olmaması fəlakət deməkdir. İnsanlar kəndin içərisindəki artezianlardan içmək üçün su gətirsələr də, bu da dərdə dəva deyil. Bəs mal-qara, qoyunlar, əkinlər necə suvarılmalıdır? Böyük zəhmətlə araya-ərsəyə gətrilmiş əkinlər quruyub külə dönür.

Bir ağacın yetişdirilməsi illəri alır, quruması üçün isə 3-4 gün kifayətdir. Onsuz da şoran torpaqlar olan bu ərazilərdə torpağı min bir zəhmətlə gülüstana çevirən bu insanların əməyini, zəhmətini puç edirlər. Kənd təsərrüfatı ilə məşğul olan, dolanışığını əkdiyi məhsulun bəhrəsinə dikən kəndlini belə çıxır ki, yenə hüsran gözləyir. Susuzluq problemi kənddə o həddə çatıb ki, kəndin ortasında qazılmış artezian quyularına rayon su idarəsindən su maşınları ilə su gətirib tökürlər. Bir maşın su almaq üçün karantin dövründə onsuz da gəlirsiz qalmış ailələr xeyli pul ödəməli olurlar.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »