Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Prezidentə vətəndaş məktubları: Biz dövlətimizin qayğısını hiss etdik
İlham Əliyev

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə vətəndaşlarından minnətdarlıq məktubları gəlməkdə davam edir.

 

Hörmətli cənab Prezident,

Mən, Fransanın paytaxtında yerləşən Paris Ali Musiqi Məktəbinin tələbəsi olaraq Sizə səmimi qəlbdən təşəkkürümü bildirmək istəyirəm. Siz və ailəniz artıq bir neçə ildir ki, Parisdə təhsilimlə bağlı və öz sənətimdə peşəkarlaşmağımda mənə dəstək olursunuz. Sizin dəstəyə mən həmişə böyük dəyər verərək Azərbaycanın adını və bizim zəngin mədəniyyətimizi ölkədən xaricdə böyük fəxarət hissi ilə təmsil edir və bununla qürur duyuram. Bu dəstək tədbirlərinin reallaşmasına görə Sizə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Son dörd il ərzində ümummilli liderimiz Heydər Əliyevin ildönümləri ilə əlaqədar burada yerləşən Mədəniyyət Mərkəzində keçirilən tədbirlərdə çox fəal iştirak edirəm. Ötən ay yenidən, ənənəyə sadiq qalaraq Ulu Öndərimizin doğum günündə onun sevdiyi Azərbaycan xalq mahnıları və digər milli bəstəkarların əsərlərini ifa edərək ruhunu yad etdik.

Sizə bir daha mənə göstərdiyiniz dəstək və qayğıya görə təşəkkürümü bildirir və bu çətin günlərdə Sizə və ailənizə sağlamlıq arzu edirəm!

Dərin hörmətlə,

Vurğun Vəkilov

Prezident təqaüdçüsü və mükafatçısı, pianoçu

Fransa Respublikası, Paris şəhəri.

***

Möhtərəm cənab Prezident.

Dünyada COVID-19 pandemiyasının yayılması səbəbindən sərhədlərin bağlanması nəticəsində vətənə dönə bilməyən Ukraynada təhsil alan azərbaycanlı tələbələr adından bizə göstərdiyiniz dəstək və yardıma görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Sizin uzaqgörən və çevik qərarlarınız sayəsində ölkəmizdə COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə atdığınız addımları,

xalqımızın sağlamlığının qorunması və rifahının daha da yaxşılaşdırılması uçun verdiyiniz mühüm qərarları, hazırda ölkə xaricində qalan biz azərbaycanlıları diqqət mərkəzində saxlayaraq hər cür yardımların göstərilməsinə dair göstəriş verməyinizi yüksək qiymətləndiririk. Bu çətin vaxtda atdığınız məqsədyönlü addımlar bir daha sübut edir ki. Siz daim xalqın yanındasınız. Qərib ölkədə qaldığımız müddətdə bizə göstərdiyiniz maddi və mənəvi dəstəyə, əzmkarlığa, qətiyyətə və qayğıkeşliyə görə hər birimizin adından Sizə və Mehriban xanım Əliyevaya öz minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Ukraynada təhsil alan azərbaycanlı tələbələr:

Məmmədov Murad Əlövsət oğlu,

Manafov Elnur Namiq oğlu,

Zeynalov Nicat Rasim oğlu,

Qasımov Sərxan Sarıbala oğlu və başqaları.

Ukrayna, Kiyev şəhəri.

***

Hörmətli cənab Prezident.

Biz, ADA universitetinin Biznesin idarə edilməsi fakültəsinin 2-ci və 3-cü kurs tələbələriyik, “Erasmus+” proqramında iştirak edərək 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımıza dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdirdik. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıda bilmədiyimiz və maddi sıxıntımız olduğu üçün çox ciddi narahatlıq keçirirdik. Xaricdə yaşayan Azərbaycan vətəndaşları Sizin sayənizdə hər zaman dövlətimizin qayğısını hiss edir, ən çətin şəraitdə belə dövlət tərəfindən müdafiə olunurlar. Biz də öz növbəmizdə, dövlətimizin qayğısını hiss etdik. Sizin tapşırığınıza əsasən, mütəmadi olaraq problemlərimizlə maraqlanır, bizə həm maddi, həm də mənəvi dəstək göstərirlər.

Cənab Prezident, bizə göstərilən dövlət qayğısına görə Sizə təşəkkür edirik. Güclü Azərbaycanımızla, güclü dövlətimizlə qürur duyuruq. Bizə göstərdiyiniz diqqətə görə təhsil aldığımız sahə üzrə peşəkar mütəxəssis olmağa, dövlətimizə fayda verməyə və etimadınızı doğrultmağa çalışacağıq. Bir daha Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Allahverdiyev Xəzər Ayaz oğlu,

Zeynallı Elvin Vəli oğlu,

Sadibəyli Ceyhun Gəray oğlu.

ICD Biznes Məktəbində təhsil alan azərbaycanlı tələbələr.

Fransa Respublikası, Paris şəhəri.

***

Hörmətli Prezidentimiz.

Bütün xalqımız kimi, mən də bu ağır COVID-19 pandemiyası günlərində xalqımızın yanında olduğunuz, bizim qayğımıza qaldığınız, əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün hər cür tədbirlər gördüyünüz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun, Azərbaycan xalqının gözünə çıraq etsin.

Eyni zamanda, respublikamızın inkişafı, dünyada nüfuzunun artması, sayılıb-seçilməsi istiqamətində apardığınız işlərə, aztəminatlı ailələrə göstərdiyiniz diqqət və qayğıya, müharibə veteranlarına və şəhid ailələrinə, həmçinin xalqımıza göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. Hazırki ağır dövrdə ölkəmizin inkişafına əngəl yaradan mənfi hallara, korrupsiya və rüşvətxorluğa qarşı apardığınız amansız mübarizə bütün xalqımız kimi, məni də, bizim ailəmizi də sevindirir, qürurlandırır. Biz Sizinlə fəxr edirik. Fəxr edirik ki, bizim belə humanist, qayğıkeş və mübariz Prezidentimiz vardır.

Mən də, yaşlı valideynlərim də daim Sizin daxili və xarici siyasətinizi izləyir, ürəkdən bəyənir, dəstəkləyir və Sizinlə qürur duyuruq. Biz, xüsusilə də valideynlərim ulu öndərimiz Heydər Əliyevin də siyasi xəttini həmişə bəyənib dəstəkləmişik. Hazırda Sizin Ulu Öndər siyasətini uğurla davam etdirməyiniz qəlbimizi sevinc hissi ilə doldurur. Biz Sizinlə fəxr edirik. Yaxşı ki, varsınız, yaxşı ki, bizim Prezidentimizsiniz. Allahdan Sizə cansağlığı, ailə səadəti və işlərinizdə daha böyük müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Mirişov Əlizamin Hümbət oğlu, Laçın rayonunun Ələkçi kəndindən məcburi köçkün.

Azərbaycan Respublikası, Gəncə şəhəri, Gülüstan qəsəbəsi.

***

Hörmətli cənab Prezident.

Mənim 71 yaşım var, təqaüdçüyəm. COVID-19 virusunun bütün dünyaya yayılaraq kütləvi insan tələfatına gətirib çıxardığı bir zamanda Sizin xalqımızı bu təhlükədən qorumaq məqsədilə uzaqgörənliklə gördüyünüz bütün tədbirləri bəyənirik. Əmək veteranı, təcrübəli bir geofizika mütəxəssisi kimi şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ürəkdən təşəkkür edirəm.

Cənab Prezident, bu yeni koronavirusla bağlı verdiyiniz qərarlardan birini xüsusi qeyd etmək istəyirəm. COVID-19 infeksiyasına yoluxan xəstələrin sağalması üçün istirahət bilmədən, ailələrini görmədən gecə-gündüz çalışan tibb işçilərinin məvaciblərini 3-5 dəfə artırmağınızı çox yüksək qiymətləndirirəm.

Həm Sizə, həm də tibb işçilərinə təşəkkürümü çatdırıram və Sizi ürəkdən alqışlayıram.

Hörmətlə,

Rəşidov Əhmədağa.

Azərbaycan Respublikası, Bakı şəhəri.

***

Hörmətli cənab Prezident.

Bildiyiniz kimi, bütün dünya COVID-19 pandemiyası ilə mübarizə aparır. Bu çətin dövrdə verdiyiniz doğru qərarlar və apardığınız uzaqgörən siyasətiniz bizi bu çətin bəladan qorudu. Pandemiya dövründə iş yerlərinin müvəqqəti bağlanması ilə əlaqədar insanlara sosial yardımın göstərilməsi, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqlarının ödənilməsi Sizin xalqımıza olan sonsuz sevginizin sübutudur.

Bu ağır pandemiya dövrü təhsilə də təsirsiz ötüşmədi. Sizin bu ağır dönəmdə yaratdığınız şəraitin təhsilə böyük faydaları oldu və buna görə də Azərbaycan Dövlət Pedoqoji Kollecinin tələbələri adınan Sizə dərin minnətdarlığımızı bildiririk. Təşkil olunan distant təhsilin tələbələrimizə çox böyük köməyi oldu və bizim təhsildən geri qalmamağımıza imkan verdi. Mən də sosial cəhətdən həssas ailə qrupuna aid olan bir tələbə kimi Sizə təşəkkürümü bildirirəm. Ailə vəziyyətim təhsil haqqımı ödəməyə imkan vermirdi. Sizin bu gözəl təşəbbüsünüz vasitəsilə mən və mənim timsalımda bir çox tələbə öz xəyallarını gerçəkləşdirmiş olacaq. Buna görə bir tələbə olaraq şəxsən öz adımdan, ailəmin adından və Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri adından Sizə dərin təşəkkürlərimi bildirirəm.

Hörmətlə,

Əhədzadə Lətafət.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri

***

Hörmətli cənab Prezident,

Mən, İsmayılova Sevda Fransanın Monpelye şəhərində magistratura təhsili alıram. COVID-19 ilə bağlı Fransada elan edilən karantin rejiminə uyğun olaraq iş yerlərinin bağlanması işləyərək öz tələbatını ödəyən tələbələri maddi cəhətdən çətin vəziyyətə salıb. Yaşadığım evin kirayə haqqının ödənilməsində üzləşdiyim problemlə əlaqədar ölkəmizin Fransadakı səfirliyinə müraciət etdim. Dərhal səfirlikdən mənimlə əlaqə saxlanıldı və müraciətimin qeydə alındığı bildirildi. Bir neçə gün sonra bank rekvizitlərini tələb edən səfirlik əməkdaşı dövlətimiz tərəfindən tələbələrə yardım ediləcəyi barədə xoş xəbəri çatdırdı. Dövlətimizin dəstəyi ilə kirayə yaşadığım evdən çıxarılmaq təhlükəsini dəf elədik. Sonradan tələbə yoldaşlarımdan öyrəndim ki, onlara da maddi yardım edilib.

Hörmətli cənab Prezident, Siz bir daha sübut etdiniz ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının Prezidentisiniz. Çətin anlarda bizi köməksiz qoymadığınıza görə Sizə öz dərin təşəkkürümü çatdırıram.

Hörmətlə,

İsmayılova Sevda Hafiz qızı

Fransa Respublikası, Monpelye şəhəri.

***

Hörmətli cənab Prezident,

Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik. Dünyanı cənginə alan koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün bir çox tədbirlər görürsünüz. Bu tədbirlərin sayəsində qorxulu xəstəlikdən itkilərimiz başqa ölkələrlə müqayisədə daha azdır. Uzaqgörən siyasətinizə, aztəminatlı ailələrə edilən yardımlara görə Sizə minnətdarlığımı bildirir, "Çox sağ olun!" deyirik. Allah Sizi qorusun.

Hörmətlə,

Məmmədova Bədi Sədatxan qızı.

Azərbaycan Respublikası, Astara rayonu, Seləkəran kəndi.

***

Hörmətli cənab Prezident,

Mən Goranboy rayon Məşədiqaralar kənd Etibar Verdiyev adına tam orta məktəbin XI sinif şagirdiyəm, dərs əlaçısıyam. Sizə yazılan məktubları görüb mən də öz təşəkkürümü və minnətdarlığımı çatdırmaq qərarına gəldim.

Fəxrlə deyə bilərəm ki, bütün dünya üçün təhlükə yaradan koronavirus pandemiyasının ölkəmizdə yayılmasına qarşı mübarizə Sizin rəhbərliyinizlə çox yüksək səviyyədə təşkil olundu və müsbət nəticələr artıq göz qabağındadır. Mən də bir məktəbli olaraq bizə yaradılan şəraitə görə Sizə, dərslərimizdən geri qalmamaq üçün tətbiq edilmiş onlayn dərs sisteminin təşkilatçılarına, müəllimlərimizə öz adımdan, sinif yoldaşlarım adından dərin təşəkkürümü bildirirəm.

Biz Sizə daim güvənirik, Sizinlə qürur duyuruq. Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Süleymanova Pərvanə Ramiz qızı

Azərbaycan Respublikası, Goranboy rayonu, Məşədiqaralar kəndi.

***

Hörmətli Prezident,

Mən Sizinlə qürur duyuram və həyatım boyu Sizi idealım müəyyən etmişəm. Dərslərimi daim yaxşı oxumağa çalışıram, çünki Sizin şagirdlərə sevginiz məni daha çox çalışmağa sövq edir.

Cənab Prezident, Sizə söz verirəm ki, daim Sizin kimi dövlətim, xalqım üçün çalışacağam.

Sizi çox-çox sevən,

Qasımzadə Pənah Eyvazoğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu

***

Hörmətli cənab Prezident,

Bizim kəndin əhalisinin əsas məşğuliyyətindən biri də kartofçuluqdur. Biz Ulu Öndərimizin bəxş etdiyi torpaqlarımızı əkərək məhsul bolluğu yaradırıq. Bununla da həm əhalinin tələbatını, həm də güzəranımızı yaxşılaşdırırıq.

Karantin rejimi ilə əlaqədar sərhədlərin bağlanması narahatçılığa səbəb olmuşdur. Lakin Sizin tapşırığınıza əsasən Rusiyadan yük maşınlarının Azərbaycana gəlməsinə icazə verilməsi problemimizi həll etdi. İstehsal etdiyimiz kartofu Rusiya bazarına çıxara bildik. Yaxşı qazanc əldə etdik. Hələ də məhsulumuz boldur və hər gün xaricə məhsul göndəririk. Bütün bunlara görə Sizə “çox sağ olun” deyirik, yaxşı ki, Siz bizim Prezidentimizsiniz. Biz Sizi ürəkdən sevir və daim dəstəkləyirik!

Hörmətlə,

Privolnoye kənd sakinləri:

Azadxanov Vahid Dədi oğlu,

Ağayeva Mehriban Əjdər qızı,

Məmmədov Mehman Qafar oğlu,

Abdullayev Fəxrəddin Xuduş oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu.

***

Möhtərəm cənab Prezident,

Bu günlərdə Qaynaq kəndinin sakinlərinin sevinci sonsuzdur. Çünki 10 cəbhəyanı kəndi birləşdirən Səhləbad-Əksipara-Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yolunun Qaynaq kəndindən keçən hissəsi artıq hazırdır. Çəkilən yol gediş-gəlişimizi rahatlaşdırıb, vaxt itkisinin qarşısını alıb, rayon mərkəzi, qonşu kəndlərlə əlaqəmiz asanlaşıb, bazara məhsulumuzu itkiyə yol vermədən çatdırırıq.

Möhtərəm cənab Prezident, biz Sizdən həmişə istər müharibə dövründə, istərsə də atəşkəs dövründə böyük diqqət və qayğı görmüşük. Göstərdiyiniz dəstəyə və qayğıya görə Sizə kəndimizin sakinləri adından minnətdarlığımızı bildiririk. İnşallah, Tərtərdə çəkilməyə başlayan yollar bizi tezliklə işğal altında olan torpaqlarımıza aparıb çıxarar, Azərbaycanın üçrəngli bayrağı işğaldan azad olunmuş torpaqlarımızda dalğalanar. Sizinlə birgə həmin ərazilərdə qələbəmizi qeyd edək!

Hörmətlə,

Məmmədova Lətafət Rza qızı,

Süleymanova Vəsilə Əhməd qızı,

Abdullayeva Gülnar Kamil qızı,

Mirzəyev Elşən Raqub oğlu,

İmanov Zakir Kamal oğlu.

Azərbaycan Respublikası, Tərtər rayonu.

Paylaş »
››› Ermənistan döyüşdəki itkilərini açıqlamağa başlayıb
››› Ramaldanov: “Bizim generallarımız kabinet generalı deyillər”
››› Ölkə üzrə koronavirusa yoluxma faizi açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Şəhid generalımız haqda: “Ölümdən qorxmadan briqadaya kimi sürmüşdü erməni traktorunu”
Son xəbərlər
Bütün xəbərlər »