Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda virusla mübarizə aparan həkimlərin narazılığı: “Bizi aldatdılar...”

Pandemiyanın ilk dövrlərində Nazirlər Kabineti “COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərar verimişdi. Qərara görə, tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə aylıq vəzifə (tarif) maaşının üç, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə isə beş misli qədər müddətli əlavələr olmalıydı. Bu, 1 mart-1 iyun tarixlərini əhatə etməliydi.

Amma Bakıdakı 5 saylı xəstəxananın həkimləri “Bizimyol.info”ya əlavələri ala bilmədiklərini deyirlər. Onların sözlərinə görə, karantinə alınmış pasiyentlərlə çalışan hər tibb işçisinə cəmi 250 manat verilir. Halbuki, həmin həkimlərə dəfələrlə çox məbləğ verilməliydi.

“Həyatımızı təhlükəyə atmışıq. Xaricdən gətirilib oteldə saxlanılanlara xidmət göstərirdik. Pasiyentlərə baxanda, analiz götürəndə virusa yoluxanlar oldu. 12 saatlıq növbələrlə işləmişik. Təkcə özümüzü yox, ailəmizi də təhlükə qarşısında qoymuşuq. Amma üç ay üçün ümumilikdə 250 manat verirlər. Faktiki bizi aldatdılar”, - narazı olan həkimlər belə deyir.

Həkimlər hesab edir ki, ən azı, maaşlarının üç misli qədər əlavə pul almalıydılar. Onlar yaranmış durumdan narahat olduqlarını vurğulayırlar: “Gözümüzü bu pula dikmişdik...”

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva isə bir müddət əvvəl mediaya açıqlamasında bildirib ki, maaş artımı hamıya yox, sırf koronavirusla işləyən həkimlərə şamil olunur. O da çalışdıqları günlərə uyğun yazılır: “Bütün aya şamil edilmir. Bəlkə kimsə adını yazdırır ki, mən koronavirusla işləyəcəm, ancaq sonra işə çıxmır. Ona görə də yalnız çalışdığı günlərin pulu 3 və ya 5 mislinə vurulur. Bəlkə də bunu bilmədikləri üçün bütün aya şamil olunduğunu düşünürlər”.

Son xəbərlər
Bütün xəbərlər »