Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Regionda və dünyada Azərbaycana inam və güvən daha da artır” - Deputat

İyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

Qeyd edək ki, Azərbaycanla Asiya İnkişaf Bankının güclü tərəfdaş olduğu bildirilib. Belə ki, Asiya İnkişaf Bankının Azərbaycana ayırdığı kredit və zəmanətlər infrastruktura investisiya yatırmağa kömək edib.

Görüşdə koronavirus pandemiyası ilə bağlı görülən tədbirlərdən danışılıb. Qeyd edilib ki, bu çətin zamanda ölkələr və insanlar bir-birini dəstəkləməlidirlər.

Mövzu ilə bağlı Bizimyol.info Milli Məclisin deputatı Ceyhun Məmmədovdan müsahibə alıb. Müsahibəni təqdim edirik:

Ceyhun Məmmədov Ceyhun Məmmədov

-Ceyhun müəllim, Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı ilə zirvə görüşləri keçirilib. “Signify” şirkətindən sonra Asiya İnkişaf Bankının təşəbbüsü ilə İlham Əliyevlə bankın rəhbərliyi arasında videokonfrans keçirilib. Bu konfransı necə dəyərləndirirsiniz?

-Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə aktiv və uğurlu xarici siyasət həyata keçirir. Bu səbəbdən Azərbaycanın nüfuzu dünyada getdikcə daha da güclənir. Regionda və dünyada Azərbaycana inam və güvən daha da artır.

Qeyd etməliyik ki, Azərbaycanın xarici siyasətində beynəlxalq qurumlarla əməkdaşlıq xüsusi yer tutur. Bu dövrdə Azərbaycan özünə qapanmayaraq pandemiya ilə mübarizədə beynəlxalq səylərə də dəstək verməyə çalışdı. 15-ə yaxın ölkəyə yardım etdi, dəstək verdi. Videokonfrans formatında bir neçə beynəlxalq mühüm tədbirin təşkilatçısı oldu. Türk Şurasının və Qoşulmama hərəkatının toplantısı bu qəbildən olan tədbirlərdəndir. Bu eyni zamanda, beynəlxalq aləm tərəfindən ölkəmizə verilən önəmin, göstərilən etimadın göstəricisidir.

Bildiyiniz kimi, Azərbaycan və Asiya İnkişaf Bankı son 20 ildə sıx şəkildə əməkdaşlıq edib. Asiya İnkişaf Bankının illik toplantısı 2015-ci ildə Bakıda yüksək təşkilatçılıqla keçirilib. Bu bankın ölkəmizə ayırdığı kredit və zəmanətlərin ümumi məbləği 3 milyard ABŞ dollarını ötüb. Kifayət qədər böyük rəqəmdir. Bu qurum Azərbaycana həmçinin, infrastruktura investisiya yatırmağa kömək edib, elektrik enerjisinin istehsalı, dəmir yolu tikintisi, yol tikintisi, su və kanalizasiya ilə bağlı çoxsaylı infrastruktur layihələrini dəstəkləyib. Həmçinin, Asiya İnkişaf Bankı Cənub Qaz Dəhlizi layihəsinə kredit verən ilk böyük beynəlxalq banklar arasında birinci olub. Məlum olduğu kimi, Cənub Qaz Dəhlizi tamamlanmaq üzrədir, 3 layihə artıq tamamlanıb. Dördüncüsü - Trans-Adriatik boru kəməri 95 faizdən çox tamamlanıb.

Azərbaycan Asiya İnkişaf Bankı ilə suvarma və təhsillə bağlı layihələrin icrasında da əməkdaşlıq edir. Getdikcə bu əməkdaşlığın əhatə dairəsi daha da genişlənir. Bu da öz növbəsində hər iki tərəfin inkişafına öz töhfəsini verir.

-Koronavirus pandemiyası ilə bağlı vaxtında görülən tədbirlər sayəsində Azərbaycan minimum itki verdi. Pandemiya dövründə göstərilən bütün səylər insanları necə xilas etmək, onların sağlamlığını, həyatlarını necə qorumaq məqsədi daşıyıb. Azərbaycanda pandemiya ilə bağlı aparılan mübarizəni necə dəyərləndirirsiniz?

-Ümumdünya Səhiyyə Təşkilatının bəyanatlarına Azərbaycan pandemiya ilə mübarizədə nümunə hesab olunur. Belə ki, Azərbaycan ilk gündən virusla mübarizə sahəsində ən aktiv və operativ qərar qəbul edən ölkələrdən biri oldu. Prezident İlham Əliyev bir neçə mühüm sərəncam imzaladı. Fond yaradıldı, əhaliyə maliyyə yardımları göstərildi, ərzaq paylanıldı Prezidentimiz, həmçinin Birinci vitse-prezident bir neçə dəfə xalqa müraciət etdi. Bu işlərin nəticəsi olaraq xəstəliyə tutulan insanların sayı daha az oldu.

Azərbaycan həyata keçirdiyi tədbirlər hətta bir sıra ölkələr tərəfindən nümunəvi model kimi qəbul edildi. Ölkəmiz bir neçə dövlətə virusla mübarizədə dəsətk oldu. Bütün bunlar ölkəmizin nüfuzunun həm regionda, həm də dünyada daha da möhkəmlənməsinə öz müsbət təsirini göstərdi.

Azərbaycanda iqtisadiyyatın pandemiyadan zərər çəkən sektorlarını dəstəkləmək, eləcə də işsizləri, işini itirmiş insanları, aztəminatlı insanları və hətta qeyri-formal məşğulluğa cəlb olunmuş insanları dəstəkləmək üçün 2 milyard avrodan çox vəsait ayrılıb.

Pandemiya ilə əlaqədar bir çox ölkələrin iqtisadiyyatı resessiyadadır. Azərbaycanda 4 ay ərzində iqtisadi artım 0,2 faiz təşkil etmiş, qeyri-neft sənayesində artım isə 16 faiz olub. Azərbaycanın bu vəziyyətin öhdəsindən gələ biləcəyinə əminlik var. Azərbaycan heç bir sosial layihəni ixtisara salmayıb.

Azərbaycan tərəfindən verilmiş humanitar dəstək artıq 14 ölkəni əhatə edir. Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə yardıma ən çox ehtiyacı olan 15 ölkəyə də dəstək göstəriləcək. Azərbaycan artıq 30 ölkəyə humanitar dəstək verib.

Əfsuslar olsun ki, dövlət tərəfindən koronavirus pandemiyasına qarşı hər cür zəruri addımlar atılsa da, bəzi insanların məsuliyyətsizliyi, qərarlara riayət edilməməsi, tibbi vasitələrdən istifadə edilməməsi əldə edilən pozitiv nəticənin qorunmasına imkan vermədi. Yoluxma sayı 250-ni ötdü və bu gedişlə karantin rejimi yenidən sərtləşə bilər.

Reallıq ondan ibarətdir ki, virusun daha geniş yayılmaması hər birimizdən asılıdır. Ona görə hamı səfərbər olmalı, qaydalara tam əməl etməlidir. O zaman virusla mübarizədə daha səmərəli mübarizə apara bilər, daha çox vətəndaşımızı qoruya bilərik.

Bir daha buradan vətəndaşlara səslənərək daha diqqətli və ehtiyatlı olmağa çağırıram. Əks halda dövlət daha sərt qərarlar qəbul etməyə məcbur ola bilər. Hər şey özümüzdən asılıdır. Məsusliyyətli olduqca hər şey qaydasında gedəcək. Qaydalara əməl etməsək daha ciddi problemlərlə üzləşəcəyik. Dövlətin əsas məqsədi öz vətəndaşlarını qorumaq, onlara dəstək olmaqdır. Ona görə vətəndaş da dövlətinin yanında olmalı, tapşırıq və tövsiyələrini yerinə yetirməlidir. Vətəndaş həmrəyliyi və birliyi olduğu təqdirdə nəticələrimiz daha yüksək ola bilər.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »