Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda insanları zəhərləyən supermarketlər var — EKSPERTLƏRDƏN HƏYƏCAN TƏBİLİ
Son dövrlər Bakıda müxtəlif ad altında market, supermarket və ticarət mərkəzləri açılır. Maraqlıdır ki, yeni açılan satış nöqtələrində eyni ərzaq məhsulları müxtəlif qiymətlərə satılır. Burada ən maraqlı məqam isə eyni şirkətin istehsalı olan məhsullar dükanlarda böyük qiymət fərqi ilə satışa buraxılmasıdır.

“Ölkə.Az” olaraq bir neçə marketdə olduq. Bu marketlərdə müştərilərin ixtiyarına verilən elə məhsul var idi ki, onun qiymətindəki fərq 3-4, bəzən isə 5 manata qədər çatırdı. Qiymət fərqi xarici məhsullarda daha çox nəzərə çarpır. Lakin bu məqamda gömrük rüsumu və digər xərclər bəhanə edilə bilər. Bu səbəbdən də, əsas diqqətimizi yerli istehsalata yönəltdik. Məsələn, bir marketdə eyni şirkətə məxsus, eyni qablaşdırmada olan toyuğun kiloqramı 5,80 AZN idisə, digərində bu 3,40 AZN idi. Kiloqramı 15 AZN olan eyni adlı yağı isə digər dükanda 11,20 AZN-ə verirdilər.

Bir neçə satıcıdan qiymətlər arasında bu qədər fərqi soruşduq. Onların bəziləri belə bir arqument irəli sürdülər ki, ucuz satdıqları məhsulları şirkətlərdən daha ucuz qiymətə alırlar.

“Soruşduğunuz toyuq məhsulunu şirkətin təqdim etdiyi qiymətə satırıq. Bizim qazancımız isə onların verdiyi faizlər olur. Bundan əlavə isə müştəri həmin toyuğu ucuz aldığına görə, həmişə bizim marketi münasib bilir. Bununla da, alıcılarımızın sayı çoxalır”, - deyə marketlərdən birində çalışan satış meneceri bildirdi.

Bəs ucuz satılan ərzaq mallarının keyfiyyəti necədir? Alıcılar bununla maraqlanırlarmı? Bu sualla bir neçə mağazada alıcılara yaxınlaşdıq. İstehlakçıların əksəriyyəti məhsulların keyfiyyət ilə deyil, qiymətilə maraqlandıqlarını dedilər. Bir çoxu isə məhsulların üstündəki istehsal və son istifadə tarixinə baxdığını dedi. Lakin malın keyfiyyəti, onun hansı üsulda hazırlandığı və patent olub-olmadığı ilə maraqlananlar demək olar ki, olmur.

Mütəxəssislər isə məsələ ilə əlaqədar həyəcan təbili çalırlar. İqtisadçı ekspert Vüqar Bayramov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, alıcılar mütləq aldıqları məhsulun keyfiyyətinə nəzarət etməlidirlər. Onun sözlərinə görə, elə məhsullar var ki, onların keyfiyyəti aşağıdır və qiyməti də aşağı göstərir.

“Bəzi marketlər alıcı toplamaq məqsədilə məhsulları ucuz qiymətə satmağa başlayırlar. Xüsusən iri supermarketlər şəbəkəsinə diqqət yetirsək, qiymətlərin ucuz olduğunu görəcəyik. Əslində istehlakçıların gündəlik aldığı məhsulların qiymətlərində fərqlər olur. Elə ərzaq məhsulları var ki, onların qiymətini yadda saxlamaq daha asandır. Bizim müşahidələrdə göstərir ki, bəzi supermarketlər daha aşağı qiymət göstərir, müştəri yığandan sonra isə qiyməti qaldırır. Elə məhsullar var ki, onların keyfiyyəti aşağıdır və qiyməti də aşağı göstərir”, - deyə V.Bayramov bildirib

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov isə “Ölkə.Az”a açıqlamasında bildirdi ki, vəziyyət çox ciddidir. Onun sözlərinə görə, eyni məhsulun müxtəlif dükanlarda böyük fərqlə satılması istehlakçılarda haqlı olaraq şübhələr oyadır.

“Belə mallar saxta ola bilər. İqtisadiyyat Nazirliyi guya bu məsələlərə nəzarət edir. Lakin onların işi heç bir effekt vermir. Belə hallarla dəfələrlə rastlaşmışıq. Eyni adlı məhsulun müxtəlif dükanlarda böyük fərqlərlə satılması şübhələr doğurur. Müştərinin satıcıdan malın sertifikatını, onun qiymət cədvəlini, onun mənşəyini göstərən sertifikatı tələb etməyə haqqı var. İstehlakçılar şübhələndikləri malın qiymət cədvəlinə və sertifikatına baxa bilərlər. Buna imkan yaratmayan dükanlardan isə qətiyyən mal almasınlar”, - deyə E.Hüseynov bildirib.

Son xəbərlər
Bütün xəbərlər »