Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlətlə yanaşı əhali də koronavirusla mübarizə aparmalıdır - Həkim

Azərbaycan dövləti koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub. Xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilmiş, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olmuş, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib. Bununla yanaşı, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlamış, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb.

Mütəxəssislər bildirirlər ki, hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir.

Məsələ ilə bağlı Bizimyol.info-nun əməkdaşı Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayevdən müsahibə alıb. Müsahibəni təqdim edirik:

Nuran Abdullayev Nuran Abdullayev

-Nuran bəy, dövlətin mövcud situasiya ilə əlaqədar həyata keçirdiyi tədbirlər göz önündədir. İctimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün qaydalar işlənilib hazırlanıb. Bəs, əhalinin izolyasiya tədbirləri ilə bağlı göstərməli olduğu sosial məsuliyyəti göstərə bilirmi?

-İlk öncə hər kəsin bilməsi vacibdir ki, aparılan statistika nəticəsində səslənən rəqəmlər istər mübarizənin birinci, istərsə də ikinci mərhələsində nisbi xarakter daşıyır. Belə ki, statistik göstərilən rəqəmlər gün ərzində aparılan test sayından, hansı xəstələrin test edilməsindən və bu kimi başqa amillərdən asılıdır. Qısacası isə mübarizə strategiyasından asılı olaraq gündəlik yoluxma sayları manipulyasiya oluna bilinən rəqəmlərdir. Ona görə də mən düşünürəm ki, bugünkü rəqəmlər dövlət tərəfindən əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamamaq demək deyil. Bu halların olması nəinki Azərbaycanda, eləcə də dünyanın inkişaf etmiş digər ölkələrində də gözlənilən idi və elə də oldu. Sadəcə ölkələrin əhalilərinin maariflənmə səviyyəsindən və onların özlərinin sosial məsuliyyətlərindən asılı olaraq bu saylar fərqlilik təşkil edir. Bir də nəzərə alınmalı vacib amil mübarizənin ikinci mərhələsindəki maarifləndirmə mövzuları birinci mərhələdən fərqlilik təşkil etməsidir ki, bu istiqamətdə də müvafiq qurumların üzərinə məsuliyyət düşür. Məsələn maarifləndirilməsinə başlanmalı mövzulardan vacibi qapalı otaq şəraitində təmiz havanın gəlməsini təmin etmək və otağın təmiz hava ilə havalandırılmasıdır ki, bu da virusa yoluxmanın qarşısını dəfələrlə alır. Bu amil ilkin mərhələdə deyilən əlləri təmiz saxlamaqdan da vacib amildir ki, hazırda Azərbaycanda avtobus və metroların istifadəsində də ciddi nəzərə alınmalıdır

-Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Biz bu mübarizəni gündəlik həyat tərzimizə çevirə bilirikmi?

-Düşünürəm ki, Azərbaycanda bu mübarizəni dövlətin, səhiyyənin və millətin mübarizəsi olaraq ayrı-ayrılıqda iki mərhələyə bölməliyik. Mübarizənin ilkin mərhələsində dövlət üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək xalqı maksimum qorumağa çalışdı. Burada səhiyyə də əldə olan imkanlardan maksimum istifadə edərək xidmət göstərməyə çalışdı, amma səhiyyənin çatışmayan tərəfi dövlətə lazımı elmi məsləhətləri zamanında verə bilməməsi oldu. Millətin mübarizəsi isə ilkin mərhələdə təəssüflər olsun ki, digər ölkələrlə müqayisədə çox aşağı oldu. Bunun isə səbəbləri çoxdur. Amma ən önəmlisi isə düşünürəm ki, səhiyyə ilə millət arasında etibarın lazımı zamanda düzgün qurulmaması oldu ki, bu da sonrakı dövrdə özünü mənfi şəkildə göstərdi. Bundan başqa müxtəlif fərziyyələrə inanan millət nümayəndələrinin problemi isə təkcə inam və etibar deyil, həm də təhsilsizlikdir. Mübarizənin ikinci mərhələsi isə hələ yeni başlayıb və burada artıq dövlətin, səhiyyənin və millətin üzərinə fərqli vəzifələr düşür ki, bunlara necə əməl olunacağını isə indidən qiymətləndirmək çox tezdir.

-Hazırkı vəziyyət nəzərə alınaraq koronavirusdan qorunmanın vacibliyi üçün maarifləndirmə işlərinə ehtiyac varmı?

-Yuxarıda qeyd etdiyim kimi başlayan yeni mərhələdə maarifləndirmə istiqamətləri də birinci mərhələdən fərqli olmalıdır. Burada millətin buna nə qədər məsuliyyətsiz yanaşacağı nəzərə alınmadan belə ilkin mərhələdə olduğu kimi müxtəlif sosial layihələrlə bu həyata keçirilməlidir. Açığı məni narahat edən məqamlardan biri də ilkin mərhələdə maarifləndirmək üçün televiziya ekranlarından və sosial şəbəkələrdən düşməyən insanların indiki mərhələdə sakit durmasıdır ki, bu da yol verilməzdir. Bir də burada ucqar kəndlərdə yaşayan və televiziya, eləcə də internet imkanlarından istifadə edə bilməyən insanlarda mütləq nəzərə alınmalıdır.

-Təhlükənin real olması, məsələyə laqeyd və məsuliyyətsiz yanaşmanın həm şəxsi həyatı, həm də ətrafdakıların sağlamlığını ciddi risk altına qoyması heç kimə sir deyil. Xəstəxanalarda həkimlərin vəziyyətinin, onların olduqca mürəkkəb şəraitdə fəaliyyət göstərməsinin, həyatlarını təhülükə altına atmasının insanlara çatdırılması üçün nə etmək lazımdır?

-Bilirsiniz, bu barədə dünya ədəbiyyatında bir çox elmi tədqiqatlar var ki, bunlar əsas götürülməlidir və məsələyə profesional yanaşma olmalıdır. Bu yanaşmada da bizim xalq olaraq nələrə qadir olduğumuz və ümumiyyətlə təhsil səviyyəmiz də nəzərə alınmalıdır. Millətin başa düşdüyü dildə aparılmalıdır. Həyatı boyu psixoloqa getməyən bir insanlara bu mərhələdə təkcə psixoloq məsləhəti ilə maarifləndirmə aparmaq düzgün deyil.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »