Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bizim Qarabağ dərslərimiz

Milli Məclisə qədər gəlib çatan Şuşa olayı: olanlara sözardı, olacaqlara öz söz yerinə

Biz Şuşaya, Xankəndinə, yaxud başqa bir işğal olunmuş bölgəmizə raket yox, heç daş da atmadıq. Ancaq deputat Vahid Əhmədovun Milli Məclisdəki çıxışı və Müdafiə Nazirliyini tənqid etməsi gündəmə bomba kimi düşdü.

Vahid Əhmədov Vahid Əhmədov

Vahid Əhmədovun Milli Məclisin bugünkü iclasında həmin o partlayış effekti verən fikirləri açıq qaynaqlarda yayıldğı üçün biz də sitat olaraq bir daha xatırladaq.

Deputat deyib: “Bilirsiniz ki, yüksək dövlət məmurlarının Azərbaycan dilini bilməməsi bizim üçün böyük bəladır. Dünən Zakir Həsənovun brifinqinə qulaq asdım. Ona Şuşadakı inauqurasiya ilə bağlı sual verdilər. Zakir Həsənov da, Qəraragah rəisi Nəcməddin Sadıkov da azərbaycanca danışa bilmir. İzah edə bilmədilər. Bilirsən, sən Müdafiə nazirisən. Belə bir mərasim olan zaman sən dövlət rəhbərliyi qarşısında məsələ qaldırmalıydın. Amma biz susduq. Xocalı aeroportunda Sarkisyan açılışda iştirak etmək istəyirdi. O zaman Müdafiə nazirinə müraciət etdilər ki, görüşə problem yaranmasın, ancaq açılış baş tutmadı. İndi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz elə bil kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq, amma heç olmasa müəyyən addımlar atmalıydıq”.

Bu fikirlərə Milli Məclisin sədri başda olmaqla müavinləri və bir sıra deputatlar sərt münasibət bildirib. Sədrin birinci müavini Əli Hüseynli deyib: “...biz hansısa şəxsi maraqlarımız naminə ümumdövlət, Dağlıq Qarabağ və müdafiə kimi məsələlərdə heç zaman başqa mövqe tutmalı deyilik”. Əli Hüseynlinin işarə etdiyi “şəxsi maraqlar” məsələsini başqa bir deputat - Fəzail Ağamalı daha açıq formada qabardıb; Vahid Əhmədovun keçmiş müdafiə naziri Səfər Əbiyevlə yaxşı münasibətlərinin olduğunu deyib.

Əsərin “qəhrəman”ı – nazir Zakir Həsənov da “borclu qalmaq” istəməyib; dərhal Müdafiə Nazirliyi adından açıqlama yayılıb. Açıqlamada deyilir: “Bildiririk ki, son bir ildə Müdafiə naziri heç bir brifinqdə iştirak etməyib və ona Şuşa ilə bağlı heç bir sual verilməyib. Millət vəkilinə xatırladırıq ki, “Azərbaycan Respublikasının Müdafiə haqqında Qanunu”nun 4-cü maddəsinin müvafiq bəndinə əsasən “müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq” verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir".

Bu məsələ ilə bağlı düşüncələrimi bölüşmək istəyirəm.

Əvvəlcə onu deyim ki, bu fikirləri Milli Məclisin Vahid Əhmədov kimi bir ağırçəkili deputatı deyil, hansısa bir siyasi analitik, publisist, jurnalist yazmış olsaydı, yəqin ki, onu dərhal prokurorluğa çağırar, ən yaxşı halda xəbərdarlıq edər, saytını bloklayar, yaxud da “keçmiş, gözəl zamanlarda” olduğu kimi, başqa üsul və metodlarla “başa salardılar”. Milli Məclisin deputatı olmaq etdiyi çıxışlara görə hüquqi məsuliyyətdən azad edir. Mahiyyətə gəlsək, bu çıxışın, belə fikirlərin indi – məlum Şuşa təxribatından 10 gün keçəndən sonra, həm də bu şəkildə Milli Məclisdə deyilməsinin nəyə hesablandığı da maraqlı sualdır. Yəni Milli Məclisin deputat(lar)ı məhz həmin təxribatın ərəfəsində Müdafiə Nazirliyinin “azərbaycan dili” dedikləri lisanın qrammatik və orpoepik incəliklərini mənimsəməsini gözləmədən özləri ölkə rəhbərliyinin qarşısında məsələ qaldra bilməzdilərmi?! Ən azı sorğu verib cavab ala bilərdilər.

Bəli, Vahid Əhmədovun o fikirləri ilə razıyam ki, “heç olmasa müəyyən addımlar atmalıydıq”. Hansı addımlar?! Artıq bu, Təhlükəsizlik Şurasında müzakirə edilib qərar veriləsi məsələlərdəndir. Vahid Əhmədov deyir ki, Zakir Həsənov və Nəcməddin Sadıkov brifinqdə “azərbaycan dili”ndə danışa bilmirdilər, jurnalistin Şuşada “andiçmə” ilə bağlı sualına cavab verə bilmədilər. Hərçənd Müdafiə Nazirliyi belə bir brifinqin olmadığını deyir. Hətta olubsa belə, nazir və baş qərargah rəisi təkcə ona görə cavab verə bilməyiblər ki, dilimizi yaxşı bilmirlər (cavab hər zamankı kimi, rus dilində də olsa, başa düşəcəkdik). Ona görə cavab verməyibər ki, veriləcək bir cavab yox idi. Cavab niyə yoxdur? Bu, artıq başqa bir yazının mövzusudur. Amma qısaca desək, təəssüf ki, bununla bağlı bizim milli konsensusa dayanan, bitkin konsepsiyamız yoxdur. Varsa da, mən məlumatsızam.

Hələlik Müdafiə Nazirliyinin Vahid Əhmədova verdiyi cavaba baxaq. Bu cavabın özü yanlışlıqlar üzərində qurulub. Birinci yanlış budur ki, SON BİR İLDƏ (seçdirmə bizimdir-red.)“heç bir brifinqin olmadığı, nazirə Şuşa ilə bağlı heç bir sualın verilmədyi önə çəkilir. Belə bir münaqişənin hərbi həllinə məsul olan qurumun rəhbərinin bir il ərzində heç bir brifinq keçirməməsinin özü minusdur. Şuşa ilə bağlı suala gəlincə, məgər onun verilməsi üçün mütləq brifinq lazım idi?! Bu sual mediada, cəmiyyətdə çox aktualdır. Bu sual həmişə var- səslənsə də, səslənməsə də. Məsul qurumun məsul nümayəndəsi (ən azı mətbuat xidməti) bu məsələyə münasibətini bildirməli idi (bəlkə də bildirib, ancaq şəxsən mən rast gəlməmişəm). Savaşın bu fazasında ən kəsərli silah, əslində, informasiyadır. Və Şuşada keçirilən o “andiçmə” şousunun özü də düşmənin bizə qarşı informasiya hücumu, psixoloji savaş cəhdi, piar kampaniyadır.

Zəruri haşiyə: İnformasiya-psixoloji basqının başqa bir forması Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarı və bu qərar üzərindən bizə etdikləri hücum idi. Təssüf ki, daxildən, özümüzünkülərdən də düşmənin “arqument”ləri ilə silahlanıb öz dövlətinin və millətinin üzərinə gələnlər var. Bundan qabaq da başqa buna bənzər hücum aksiyaları olmuşdu – Xankəndində Ermənistanın Təhlükəsizlik Şurasının iclası, Paşinyanın intensivləşən səfərləri, “Qarabağ Ermənistandır” təxribatçı bəyanatı, yol çəkilişi...

Onlar yaxşı bilirlər ki, nə etsələr və nəyi necə desələr, Azərbaycanda daxili tarazlığı silkələyə bilərlər (belə görünür ki, müəyyən mənada istədiklərinə nail olublar – bizi bir-birimizə düşürməyi bacarıblar). Ermənistanın indiki hakimiyyətində təmsil olunanlar sosial şəbəkələrdən informasiya manipulyasıyası etmək üçün yararlana bilirlər. Doğrudur, Ermənistanda neofaşizmin intişarı ilə bağlı biz tərəfdən olan hücum aksiyası da uğurlu qurulub. Ancaq onlar daha sistemli, daha intensiv işləyirlər. Müxtəlif formalarda, müxtəlif tərəflərdən hücum edirlər. Bizi çaşdırmağa, zəif nöqtələrimizi aşkarlayıb oradan vurmağa çalışırlar. Təbiət haqqında sənədli filmdə çaqqal sürüsünün ortasındakı şiri göz önünə gətirin. Onlar hər tərəfdən basqı edir. Şirin adi bir diqqət dağınıqlığı öz sonunu gətirə bilər.

Müdafiə Nazirliyinin bəyanatına qayıdaq. MN müvafiq qanuna istinad edərək deyir ki, “müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verilməsi Milli Məclisin səlahiyyətindədir”. Açması bu deməkdir: “Milli Məclis müharibə elan etsin, biz də hərbi əməliyyatlara başlayaq”. Bu yanaşma iki səbəbdən səhvdir: Birincisi, müharibə elan etməyə, sülh bağlamağa RAZILIQ VERMƏK səlahiyyəti Milli Məclisə aiddir. Qüvvədə olan Konstitusiyamızın 109-cu maddəsinin 30-cu bəndində nəzərdə tutulur ki, ölkə Prezidenti “Milli Məclisin razılığı ilə müharibə elan edir və sülh bağlayır”. Yəni müharibə elan etmək də, sülh bağlamaq da Prezidentin səlahiyyətinə aid məsələlərdir. Milli Məclisə bu günə qədər nə müharibə elan edilməsi haqqında qanun layihəsi daxil olub ki, onu qəbul etsin, nə də sülh müqaviləsi imzalanıb ki, onun ratifikasiyasını həyata keçirsin. Sülh müqaviləsi Milli Məclisə gələ də bilməzdi, çünki belə bir müqavilə də yoxdur; Ermənistan tərəfi bütün mümkün vasitələrlə danışıqları uzadır, hətta diplomatik prosesi bloklamağa çalışır. Olmayan müqavilənin nəyinə razılıq veriləcək?! Müharibə elanına gəlincə, Azərbaycanın Prezidentinin belə bir qanunvericilik təşəbbüsü ilə çıxış etməsinə və Milli Məclisin də buna razılıq verməsinə heç bir ehtiyacın olmadığını, əslində belə bir addım atılarsa da, Azərbaycanın öz əleyhinə ola biləcəyini Müdafiə Nazirliyi ən azı Xarici İşlər Nazirlyi qədər bilməlidir.

Əvvəla, müharibə Ermənistan tərəfdən elan olunmadan artıq çoxdan aparılır və MN bundan xəbərsiz deyil. Müharibə var ki, 1994-cü ildə atəşkəs sazişi imzalanıb da. Və əgər müharibə getmirsə, düşmən bizim əsgərimizi Qarabağda və sərhədboyu bölgədə niyə və necə qətl edir?! Azərbaycan Ermənistanın ərazisinə iddialı deyil, onun ərazisinin hansısa hissəsini işğal etmək fikrində deyil ki, ona müharibə elan etsin. Azərbaycanın öz ərazisi işğal olunub, onu hərbi yolla azad etmək üçün əməliyyatlara nə zaman başlamaq istəsə də, bunu elan etməyə mükəlləf deyil. Hətta nəzəri cəhətdən belə düşünsək ki, Azərbaycan Ermənistana müharibə elan edə bilər, bu, qarşı tərəf üçün göydəndüşmə olar; haqlı ikən haqsız duruma və təbii olaraq, sanksiya altına düşərik. Bu heç nəzəri baxmdan da müzakirə olunmur və oluna da bilməz. Zatən Vahid Əhmədov da heç Şuşaya sulahla atəş açmağı nəzərdə tutmadığını deyir. Bu halda bir deputatın yanlış-doğru çıxışına cavab verərkən belə çox ciddi səhvlərə yol vermək olmazdı. Hələ mən onu demirəm ki, bu, dolayısı ilə məsuliyyətin başqa dövlət hakimiyyəti qurumlarının üzərinə qoyulması cəhdi kimi də qiymətləndirilə bilər.

Ümumiyyətlə, son zamanlarda rəsmi şəxslərin Qarabağ problematikası ilə bağlı ehtiyatsız, hətta yanlış açıqlamalar, fikirlər bildirməsinin şahidiyik. Məsələn, Milli Məclisin beynəlxalq işlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurasında nümayəndə heyətinin rəhbəri olan bir şəxs deyib ki, ermənilər torpaqlarımızı almaq üçün “300-400 il işləyib, biz də işləməliyik”. Zahirən burda yanlış yoxdur; yəni onlar uzun zaman bizə qarşı bu işləri görüblər və nəticəsi budur. Biz də beynəlxalq aləmdə işləməliyik və sair. Ancaq “300-400 il” ifadəsini işlədib ardınca “səbrli olmalıyıq” deyəndə tamamilə başqa interpretasiyalar üçün zəmin verib. Və bu fikir sanki “biz də 300-400 il gözləməliyik” kimi anlaşılıb və ya qəsdən belə təqdim olunub. Azərbaycana qarşı düşmən mövqedə olan dövlət və dairələr üçün belə bir bəyan göydəndüşmə olub. Eləcə də, mən düşünürəm ki, İrəvan şəhərinin Ermənistana verilməsi, eləcə də, Qarabağda rayonların təslim edilməsi haqda fikirləri də siyasi dövriyyədən çıxarmaq lazımdır. Biz bir yandan deyirik ki, şəhərlərimizi düşmənə təslim etmişik, o biri yandan deyirik ki, Ermənistan torpaqlarımızı işğal edib. Bu fikir kontrastından qarşı tərəf informasiya müharibəsində bizə qarşı istifadə edir və ya edə bilər. Biz belə dedikdən sonra qalxıb da dünya birliyindən Ermənistana sanksiyalar, cəzalar tələb edəndə onların deməyə sözü olacaq; deyəcəklər: “Özləri etiraf edirlər ki, könüllü təslim ediblər”. Ölkənin hakimiyyətdə və ya müxalifətdə olmasından asılı olmayaraq heç bir siyasi qüvvəsi Qarabağ və müstəqilliklə bağlı məsələlərdən daxili siyasi məqsədlər üçün istifadə etməməlidir. 30 illik siyasi analitik kimliyim var və öz anladıqlarıma, təhlillərimə dayanaraq düşünürəm ki, biz məsələnin daxili siyasi aspektlərini Qarabağ münaqişəsini ya elə, ya belə öz dövlət və millət maraqlarımız çərçivəsində qəti həll etdikdən sonra dartışsaq, daha doğru olar. Daha doğrusu, yeganə doğrusu bu olar. İndilik Ermənistanın atəşkəsi pozması halları xaricində nə düşmən tərəf, nə biz əlimizdə olan ən müasir silahlar bir yana qalsın, adi silahlardan belə bir-birimizə qarşı istifadə edib hərbi yolla münaqişənin hərbi nöqtəsini qoya bilmirik. Deməli, bəli, başda dediyim kimi, biz informasiya müharibəsindəyik; beynəlxalq hüquq baxımından haqlı tərəfik. O üzdən qarşı tərəfin ən çox ehtiyacı olan şey bizim haqlı dəlillərimizi zəiflətməkdir. Bunun üçün informasiya pressinqindən yararlanmağa çalışır. Biz bir məhkəmədəyik və iddiaçıyıq, zərərçəkənik. Yanlış dediyimiz hər fikir, hər informasiya cavabdeh, müttəhim tərəfin xeyrinə təfsir oluna bilər. Üstəlik hakimlər də cavabdehin tərəfindədirsə, qat-qat çox ehtiyatlı olmalıyıq. Bu Şuşa olayından heç olmasa dərs alaq.

Bahəddin Həziyev

Son xəbərlər
Bütün xəbərlər »