Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat Aydın Mirzəzadə prezident Donald Trampı səhv başa düşüb

Hörmətli millət vəkilimiz Aydın Mirzəzadə ABŞ prezidenti Donald Trampın "Twitter" sosial şəbəkə şirkəti ilə çəkişməsini yanlış başa düşüb və bu mövqedən də açıqlama verib.

Əslində yanlışlıq bu mövzunun Azərbaycan saytlarında işıqlandırılmasından başlayıb. Bizim saytlar Tramp-Twitter çəkişməsini səhv başa düşüblər, başa düşdükləri kimi təqdim ediblər, baş verənləri sosial şəbəkələrə nəzarətin tətbiqi kimi qavrayıblar və millət vəkilimiz də məlumatı ilkin mənbədən deyil, Azərbaycan saytlarından aldığı üçün problemi yanlış qəbul edib.

Aydın Mirzəzadə Aydın Mirzəzadə

A.Mirzəzadə Trampın sosial şəbəkələrlə bağlı mövqeyini dəstəkləyib və öz yanaşmasını maraqlı şəkildə izah edib: "Böhtan, yalan, qarayaxma, uydurma müxalif dairələrin əlində bir alətə çevrilib. Hesab edirəm ki, sosial şəbəkənin dəyərliliyini qoruyub saxlamaqla, onun insan həyatının vacib bir hissəsinə çevrilməsinə dəstək verməklə yanaşı, neqativ halların da qarşısını almaq üçün ciddi düşünmək lazımdır. Bu baxımdan Donald Trampın qərarı dəstəklənməlidir".

Maraqlıdır ki, Trampın qərarı sosial şəbəkələrdə paylaşımlara nəzarət edilməsi və ya onların məhdudlaşdırılmasını nəzərdə tutmur və buna can atmır. Tam əksinə, Tramp sosial şəbəkələri ittiham edir ki, "axı siz niyə paylaşımlara müdaxilə edirsiniz". Yəni Tramp Aydın Mirzəzadənin dediklərinin tam əksini deyir.

Tramp-Twitter toqquşması ondan başlayıb ki, bu sosial şəbəkə paylaşımlara müxtəlif etiketlər əlavə etməyə başlayıb. Sonuncu dəfə Trampın ölkədəki iştişaşlarla bağlı paylaşımına da Twitter "Zorakılığı təbliğ edən" etiketi əlavə edib. Tramp da deyir ki, paylaşımlara müdaxilə etməyin, yəni tam azadlıq verin.

Məsələ burasındadır ki, ABŞ-da sosial şəbəkələrlə bağlı müstəsna qanunvericilik aktı var. Bu qanuna əsasən sosial şəbəkələr orada paylaşılan postların məzmununa görə məsuliyyət daşımırlar. Yəni sosial şəbəkələr özlüyündə yayımçı deyillər. Tramp isə deyir ki, əgər sosial şəbəkə oradakı paylaşıma münasibət bildirirsə və ya postu silirsə, bu zaman redaktor rolunda çıxış edir və deməli, yayımçı statusuna sahib olur. Tramp sosial şəbəkələrdən müdaxilələri ləğv etməyi tələb edir və əks halda, onların yayımçı olaraq məsuliyyətə cəlb olunma mexanizmi işə düşəcək. Həmçinin Tramp hesab edir ki, onun təmsil etdiyi partiyanın mövqeyi sosial şəbəkələrdə senzuraya məruz qalır.

Qısası, Tramp Aydın Mirzəzadədən fərqli olaraq heç də sosial şəbəkələrdə "böhtan və yalan" məlumatların yayılmasından narahat deyil, əksinə, paylaşımlara sosial şəbəkələr tərəfindən məhdudiyyətlərin artmasından narahatdır. Tramp aydın şəkildə deyir: Ya paylaşımlara müdaxilə etməyin, ya da redaktor və yayımçı olaraq məsuliyyət daşıyın. Qısası Tramp sosial şəbəkələrdə daha çox azadlıq və sərbəstlik tələb edir, senzuranın tam aradan qaldırılmasını istəyir. Görəsən, Aydın Mirzəzadə yenə də Trampın mövqeyini dəstəkləyirmi?..

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »