Bu gün Avropa Məhkəməsi 2004-cü ildə Macarıstanda erməni kurs yoldaşı Qurgen Markaryanı təhqirə görə qətlə yetirmiş Ramil Səfərovun Azərbaycana ekstradisiyasıyla bağlı qərarını açıqlayıb. Qərar Markaryanın ailəsinin şikayəti əsasında çıxarılıb.
Bizimyol.info xbər verir ki, Markaryanın ailəsi Azərbaycanla yanaşı, Macarıstandan da şikayətçi olub. Avropa Məhkəməsi belə nəticəyə gəlib ki, bu işdə Avropa Konvensiyasının 2 (yaşamaq hüququ), 14 (ayrı-seçkiliyin qadağan olunması) və 38-ci (məhkəmə işinin araşdırılması) maddələri pozulub.
Qərara əsasən, Azərbaycan şikayətçi tərəfə 15 min 143,33 funt-sterlinq təzminat ödəməlidir.
Ramil Səfərov uzun illərdir Ermənistanın işğalı altında olan Cəbrayıl rayonunda doğulub. O, 2004-cü ildə NATO-nun proqramı çərçivəsində Macarıstanda keçirilən üç aylıq ingilis dili kurslarında iştirak edib. Markaryan da həmin kursun iştirakçılarından olub. Qurqen Markaryan bir neçə dəfə R.Səfərovu və Azərbaycanı təhqir etdiyinə görə azərbaycanlı hərbçi onu qətlə yetirib.
2006-ci il aprelin 13-də Budapeşt Şəhər Məhkəməsində çıxarılan hökmə əsasən, R.Səfərov ömürlük azadlıqdan məhrum edilib.
2012-ci ildə Macarıstan hökuməti Azərbaycanın müraciəti əsasında R.Səfərovu öz ölkəsinə təhvil verib. R.Səfərov Azərbaycana gətiriləndən sonra prezident İlham Əliyevin sərəncamıyla əfv olunub.
Erməni hərbçisinin ailəsi də bundan narazı qalıb və yekunda Avropa Məhkəməsinə şikayət edib. Ermənilər Azərbaycanla yanaşı, Macarıstanı da ona görə günahlandırıb ki, bu ölkə R.Səfərovun Azərbaycanda cəzasının qalan hissəsini çəkəcəyinə təminat almadan onu təhvil verib. Bununla da Macarıstan Konvensiyanın 2-ci (yaşamaq hüququ) maddəsini pozub.
Amma Avropa Məhkəməsi Macarıstana münasibətdə bu pozuntunu tanımayıb.
Bundan başqa, şikayətçi tərəf Avropa Məhkəməsinin Azərbaycanın üzərinə R.Səfərovun əfv olunması barədə sərəncamın ləğv olunması, onun yenidən həbsxanaya salınması öhdəliyinin qoyulmasını istəyib. Amma Avropa Məhkəməsi bunu məqsədəuyğun saymayıb.