Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Pandemiyadan ən çox təsirlənən abituriyentlərdir"

Pandemiya ən çox imtahanı olacaq abituriyentlərə təsir etdi. Novruz bayramı ərəfəsində bütün abituriyentlərin dərslərində ləngimə olur, bayram ab-havasına girirlər. Bu dəfə həmin ab-hava çox uzun sürdü. Onlar həm bayramı evdə keçirdilər, həm də məsuliyyətdən uzaq oldular. Çünki hər gün müəllim yanına gedərək, məsuliyyəti üzərlərində daha çox hiss edirdilər. Təəssüf ki, bütün abituriyentlər bunu edə bilmədi.

Bunu Teleqraf.com-a açıqlamasında psixoloq Vəfa Əkbər deyib.

O bildirib ki, pandemiyanın təsirləri nəticəsində hətta evdə hazırlaşıb, imtahan vermək istəyənlər belə çox gərgin, stressli və həyəcanlıdırlar:

"Hətta imtahanla bağlı hər hansı xoş fikir belə deyiləndə abituriyentlərin gözləri yaşarır, kövrəlirlər. Çünki həqiqətən başa düşüb, anlayırlar ki, kifayət qədər hazırlıqlı deyillər və motivasiyanı itiriblər. Hazırda yenidən motivasiya olub, start almaq əvəzinə imtahanın necə keçəcəyinin həyəcanını yaşayırlar. Çünki imtahana sayılı günlər qalıb".

Psixloq valideynlərə ilk növbədə abituriyentlərə dəstək olmağı tövsiyə edir:

"Müəyyən açar sözlər var ki, onlardan istifadə edərək, övladlarına tam olaraq motivasiya verə bilərlər. Məsələn, "Sən sadəcə çalış, qalanı imtahan günü bəlli olacaq. Narahat olma, həyəcanlanma. Həyəcanlanman vəziyyəti daha da çətinləşdirə bilər. Sən bunu bacaracaqsan. Özünə inan və hər şey düzələcək" kimi həvəsləndirici cümlələr az da olsa, onların həyəcanını azaldacaq.

Amma əsasən valideynlər "Səndən bir şey çıxmayacaq, belə hazırlaşmaqla heç bir yerə qəbul olmayacaqsan. İndi sən guya abituriyentsən, hazırlaşırsan? Sənin tayların bu gün kitabın üzərindən qalxmır" kimi fikirlərlə abituriyenti daha da həvəsdən və gücdən salırlar. Bir də abituriyentlərlə sanki "bu neçə ayı dincəlmisən, indi get görüm nə olacaq" kimi acıqlı tərzdə danışmamalıdırlar".

Psixoloq qeyd edib ki, builki abituriyentlər ötən illərlə müqayisədə daha əsəbi, daha qıcıq, daha kövrək, daha ağlağan ola bilərlər. Bu səbəbdən valideynlər müəyyən qədər anlayış göstərməlidir.

Son xəbərlər
Bütün xəbərlər »