Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda siqaret mafiyasına Paşinyanın ailəsi nəzarət edir - Qabil Hüseynli

Ermənistanda yeni növ koronavirusun yayılması pik həddə çatıb. Hələlik hökumətin koronavirusun cilovlanması və onun üzərində nəzarətin ələ alınması istiqamətində atdığı addımlar, göstərdiyi səylər boşa çıxıb. Çünki təcavüzkar ölkədə səhiyyənin maddi-texniki təminatı çox zəifdir. Üstəlik, həm lazımi dərmanların və qoruyucu vasitələrin əldə edilməsi, həm də digər məsələlər üçün vəsait ayrılması imkanları çox məhdudur.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, bu səbəbdən koronavirusun orduya sıçradığı, hətta Rusiyanın Gümrüdə dislokasiya olunmuş 102 saylı hərbi hissəsinin də virusun təsirinə məruz qaldığı bildirilir:

“Düzdür, Rusiya öz əsgərlərini qorumaq üçün lazımi tibbi ləvazimatlar göndərir. Amma Ermənistan üçün bu çox ciddi problem olaraq qalmaqdadır. Üstəlik bu dövrdə sənaye müəssisələrinin bir çoxunun işi demək olar ki, dayanmaq təhlükəsi ilə üzləşib. Hətta Ermənistanın ənənəvi ixrac məhsullarından olan tütün məmulatlarının ixracını da reallaşdırmaq imkanı çox aşağı düşüb. Ölkə özünün istehsal etdiyi siqareti qondarma Dağlıq Qarabağın adından Abxaziya, Cənubi Osetiya kimi tanınmamış respublikalara göndərməklə vəziyyətdən çıxmağa çalışır. Üstəlik, ölkənin valyuta ehtiyatlarının əriməsi nəticəsində dramın inflyasiyası çox sürətlənib. Dollarla, avro ilə müqayisədə dram hər gün dəyərini itirməkdə, belə deyək “taxta pul”a çevrilməkdədir. Bu, əlbəttə ölkənin ümumi əhval-ruhiyyəsinə də təsir edir. Ölkədə Serj Sərkisyan hakimiyyəti dövründə yüksək vəzifələr tutmuş elita artıq Nikol Paşinyana qarşı açıq mübarizəyə və müxalifətçilik mövqeyinə keçiblər. Paşinyanı ifşa edən ciddi məlumatları mediaya sızdırmaqda, yayamaqdadırlar. Hətta bunu bəzən öz imzaları ilə edirlər. Məsələn, qeyd edirlər ki, ölkədəki siqaret mafiyasının hamısına Paşinyanın ailəsi, onun xanımı Anna Hakobyan və başqaları nəzarət edir. Hətta uzaqgedən proqnozlar da söylənilir və bildirilir ki, payızın ortalarına doğru artıq Paşinyanın süqutu başlayacaq və o, qışadək siyasətdən silinəcək. Əlbəttə, bunlar hamısı Ermənistandakı siyasi müxalifətin öncəgörümləri və onların irəli sürdüyü iddialardır. Onların həyata keçib-keçməyəcəyini zaman göstərəcək”.

Qabil Hüseynli bildirib ki, bu dövrdə N.Paşinyan və onun xanımı vəziyyətdən çıxmaq üçün xeyli təbliğati kampaniyaya rəvac veriblər:

“Yenə də Paşinyanın vaxtilə səsləndirdiyi davakar ritorika işə düşüb. Diqqəti çəkən ən qəribə fakt odur ki, bu ritorikada Paşinyanın xanımı da fəal iştirak etməyə başlayıb. Bundan əvvəl “Xanımlar sülh uğrunda mübarizədə” adlı guya geniş kampaniya başladan Hakobyan hazırda gülünc vəziyyətə düşərək, xanımların da silaha sarılmalı, Dağlıq Qarabağı və Ermənistanı Azərbaycanın “təcavüzündən” qorumalı olduğunu bildirir”.

Müsahibimiz qeyd edib ki, təcavüzkar ölkədə vəziyyət tamamilə idarəolunmaz vəziyyətə gəlib çatıb:

“Necə deyərlər, at izi it izinə qarışıb. Siyasi xətləri seçmək, siyasi orientasiyaları müəyyənləşdirmək xeyli çətinləşib.

Paşinyanın xanımı Hakobyanın siyasi proseslərə bu cür fəal və həm də kobud surətdə müdaxiləsi siyasi böhran vəziyyətindən xəbər verən amillərdən bəhs etməyə imkan verir”.

Son xəbərlər
Bütün xəbərlər »