Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Vəzifədən gedən Usubovun mənəvi məsuliyyəti: Adam oğurluqları, qətllər...
Rüstəm Usubov

Son bir ayda Azərbaycanda prokurorluq sistemində ciddi dəyişikliklər oldu. Baş prokurorun özünün dəyişilməsilə başlayan bu proses onun müavinlərindən də yan keçmədi. Bir neçə gün əvvəl Baş prokurorun iki müavini - Rüstəm Usubov və Namiq Əsgərov da tutduqları vəzifədən azad edildi. Onlar vəzifədən “Əməkdar hüquqşünas” fəxri adıyla yola salındılar.

20 il Baş prokuror postunu tutmuş Zakir Qaralovun özü kimi, 15 il onun birinci müavini olmuş Rüstəm Usubov haqda qərar da sosial mediada müxtəlif müzakirələrə səbəb oldu.

66 yaşlı R.Usubovun adı indiyədək bir çox qalmaqallarda hallanıb. Bir xeyli tanınmış vəkil onun təşəbbüsüylə cəzalandırılıb, vəkillik fəaliyyəti dayandırılıb. Bir xeyli tanınmış simalar var ki, onların uzun müddət həbsdə qalmasına əsas olan ittihamnaməni R.Usubov təsdiqləmişdi. Mətbuatda, sosial mediada arzuolunmaz yazı və çıxışlara görə tanınmışlara xəbərdarlıq etmək məsələsilə də bir sıra hallarda o, məşğul olurdu. Bütün bunlara baxmayaraq, onun adı hallanan ən səs-küylü hadisə isə Hacı Məmmədovun bandası haqda məlumatlı olsa da, vaxtında tədbir görməməsi idi. Bu, konkret faktlarla sübuta yetirilib. Hətta uzun illər öncə bu dəstə ifşa olunanda R.Usubov buna görə dindirilib də...

Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin baş əməliyyat müvəkkili olmuş, polkovnik Hacı Məmmədovun dəstəsi 2005-ci il martın 10-da - Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra ifşa olundu. Amma araşdırmalar zamanı məlum oldu ki, prokurorluğun bu dəstənin mövcudluğundan hələ 2003-cü ildə məlumatı olub. Şəxsən R.Usubovun özünə bu haqda yazılı məktubla məlumat verilib.

Cinayət işinin materiallarında Rəna Nəsibova adlı qadının prokurorluğa məktubu var. Nəsibovanın H.Məmmədovun dəstəsindəki, milliyyətcə çeçen olan Abdulbekov qardaşlarından biri ilə münasibəti olub. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəis müavini, ölkənin baş kriminalisti Rövşən Əliyevin qətlə yetirilməsindən sonra həmin çeçen sərxoş vəziyyətdə olarkən bu qətl haqda Nəsibovaya bildiklərini danışıb, onun Daxili İşlər Nazirliyində polkovnik rütbəli, Hacı adlı şəxsin sifarişilə öldürüldüyünü deyib. Səbəb də o idi ki, illərdir baş verən, amma üstü açılmayan bir sıra adam oğurluğu cinayətləri birləşidirlərək, R.Əliyevin icraatına verilmişdi. O da araşdırma zamanı H.Məmmədovun izinə düşmüşdü. R.Əliyevlə H.Məmmədovun dostluq münasibətləri olub. Buna baxmayaraq, mərhum prokuror ondan şübhələndiyini də ona deyibmiş.

R.Nəsibova Ruslan Abdulbekovdan eşitdiklərini məktub şəklində yazıb, prokurorluğa təqdim edib. Məktubda da göstərib ki, Rövşən Əliyevi Daxili İşlər Nazirliyinin polkovniki olan Hacı adlı şəxs və onun dəstəsi aradan götürüb.

Abdulbekov Nəsibovaya gələcək planlarından da danışıb. Deyib ki, Gön-Dəri Zavodunun milliyyətcə yəhudi olan Yura adlı sahibi var, milyonçudur, yaxın günlərdə onu oğurlayacaqlar. Nəsibovanın məktubunda dəstənin bu planı da öz əksini tapıb.

R.Nəsibova məktubla kifayətlənməyib, 2003-cü ilin avqustunda Şaiq adlı dostunun köməyilə R.Usubovun da qəbuluna düşə bilib, eşidib-bildiklərinin hamısını ona danışıb.

Bundan sonra dəstənin zərərsizləşdirilməsi üçün addım atılmayıb. Amma əvəzində R.Usubov zavod direktorunu yanına çağırtdırıb, xəbərdarlıq edib ki, onu oğurlamaq planı var, mühafizəsini gücləndirsin.

Baxmayaraq ki, R.Əliyevin qətlinin kim tərəfindən törədilməsi haqda birbaşa məlumat verilmişdi, prokurorluq ondan sonra da bu cinayətə dəxli olmayan adamları çağırıb dindirməkdə, incitməkdə davam edib. Hətta Bəylər Quliyev adlı şəxs (müğənni Aygün Bəylərin müəllimi olub, onun ölümündən sonra bu ləqəbi götürüb) məhz R.Əliyevin qətlinə görə istintaqa çağrılıb. Bir qədər sonra isə onun evinə meyiti göndərilib. Bildirilib ki, B.Quliyev prokurorluğun pəncərəsindən özünü atdı.

R.Usubovla görüşdən bir müddət sonra R.Nəsibova Yasamal rayonu ərazisində, işlədiyi “Knauf” fimasının ofisində ölü tapılıb. O zaman ekspertizadan rəy alınır ki, bu qadın artıq dozada narkotik qəbulundan ölüb. Yaxınları onun heç zaman narkotik istifadəçisi olmadığını bildirsə də, nəticə dəyişməyib.

2005-ci idə Hacı Məmmədovun dəstəsi ifşa olunandan sonra istintaq zamanı R.Nəsibovanın ölümüylə bağlı məsələ də yenidən araşdırıldı. Bu dəfə ekspertiza onun boğmaqla qətlə yetirilməsi haqda rəy verdi. Buna görə Novruz Nuriyev adlı adlı bir nəfər həbs olunmuşdu. O da H.Məmmədovun dəstəsinin üzvlərilə birlikdə mühakimə olunurdu. Ona 12 il cəza verdilər. İddia olunurdu ki, qadını qısqanclıq zəminində öldürüb. Amma N.Nuriyev bildirirdi ki, bu dəstəyə də, R.Nəsibovanın ölümünə də heç bir aidiyyəti yoxdur.

R.Nəsibovanın bu dəstə haqda R.Usubova məlumat verməsindən sonra banda ifşa olunana qədər keçən iki ilə yaxın müddətdə də bir sıra adam oğurluqları və qətllər törədildi. Məsələn, Daxili İşlər Nazirliyinin Polis Polkunun komandiri, AFFA-nın vitse-prezidenti olmuş, “qara polkovnik” ləqəbilə tanınan Fətulla Hüseynovu H.Məmmədovun dəstəsi yaşadığı evin qarşısında öldürmüşdü. Bu banda daha sonra “Baghlan Group”un rəhbəri, “Hafka” kimi tanınan işadamı Hafiz Məmmədovun atası Məcid Məmmədovu, Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanı oğurlamışdı...

Əgər ən azı, R.Nəsibova məlumat verəndən sonra bu dəstə zərərsizləşdirilsəydi, heç olmasa, bu cinayətlərin qarşısı alınardı...

Bizimyol.info

Paylaş »
››› Ermənistan döyüşdəki itkilərini açıqlamağa başlayıb
››› Ramaldanov: “Bizim generallarımız kabinet generalı deyillər”
››› Ölkə üzrə koronavirusa yoluxma faizi açıqlanıb
››› Şəhid generalımız haqda: “Ölümdən qorxmadan briqadaya kimi sürmüşdü erməni traktorunu”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »