Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Balkanlardakı… gizli “cənnət”
Həm ucuz, həm vizasız, həm də gözəl Balkan ölkəsi

Sizə bu gün bəhs edəcəyim ölkəni kimə tərifləyirəmsə, hamısı ağız büzür, inanmır. Nə bilim, “Sənə Balkan lazımdırsa, get Monteneqronu gəz”, “Xorvatiya daha gözəldir”, “Orda da olmuşam”, demək üçün getmisən?” – kimi cümlələr qururlar. Hara qədər yalan danışmaq olar?! Maksimum gedib görəcək və: “Səyahətçi, niyə yalan danışırdın?!” – deyəcəksiniz. Bəhs etdiyim ölkə Albaniyadır. Üstəlik, azərbaycanlılar üçün vizasızdır.

Balkan ölkələrini sayanda az qalırlar üstündən keçələr. Mən şans verdim, gözəlliklərini gördüm. Sizə də məsləhət görürəm.

Elə isə başladıq

Balkanlardakı… gizli “cənnət”

Balkan ölkələrinə səyahət etməyi planlayanda ən ucuz təyyarə biletini elə Albaniyanın paytaxtı Tiranaya tapmışdım. Ona görə səyahəti Albaniya➡Makedoniya➡Monteneqro➡Bosniya və Hersoqovina➡Serbiya kimi sıraladım.

“Azacık türkçe anlıyor ben”

Ölkənin dili albancadır. Ancaq yaşlı nəsil türkcə başa düşür və çətinliklə qarşılıq verə bilirlər. Orta səviyyədə, hətta deyərdim, lap zəif bildiyiniz ingilis dili bu ölkəni gəzməyə kifayət edər. Pul vahidləri isə “leke” adlanır. 1 avro təxminən 125 “leke”dir.

Hava limanından şəhərə

Balkanlardakı… gizli “cənnət”

Tirana Hava Limanından şəhər mərkəzinə hər saatbaşı avtobuslar işləyir. Adamın birini 300 “leke”dən (2.4 avro) aparırlar. Məsləhətdir ki, aeroport ərazisində 5, maksimum 10 avrodan artıq pul dəyişməyəsiniz. Çünki mərkəzə baxanda burada avronu çox ucuz alırlar. Mən 5 avro dəyişdim. Yola və suya çatacaq qədər ?

Tirana Albaniyanın paytaxtı, eyni zamanda, ən böyük şəhəridir. Osmanlı İmperiyası dövründə qurulduğundan daha çox türk şəhərlərini andırır. II Dünya müharibəsində şəhərin xeyli hissəsi dağılsa da, Osmanlının izləri bu gün də qalıb. Dənizə yaxın, ancaq sahili olmayan bir şəhərdir. Yarım günə, piyada gəzib bitirmək mümkündür. Bütün səyahət yazarları Tiranada, eləcə də, Albaniyada qışın sərt keçdiyini, bura getmək üçün ən uyğun ayların – may, iyun, iyul, avqust olduğunu söyləyirlər. Mən də belə etdim. Albaniya səyahətimi iyulun əvvəlinə saldım.

Tiranada gəzə biləcəyiniz yerlər

Balkanlardakı… gizli “cənnət”

Bu şəhərdə gəziləcək yerlər elə çox deyil. Parkları, meydanları və şəhər mərkəzində 1822-ci ildənqalma bir Saat Qülləsi var. Eyni zamanda, gəzdikcə xeyli məscid görəcəksiniz. Piramida şəklində olan məşhur bir binası da var. 1988-ci ildə Ənvər Paşa Muzeyi kimi açılıb, indi sərgi və konfrans mərkəzi kimi fəaliyyət göstərir.

Albaniya tarixi ilə maraqlananlar buradakı tarix muzeyinə baş çəkə bilərlər. Təbiəti sevənlər şəhərin şərqindəki Dajti dağına gedə bilərlər. Milli parkdır. Yüksəkliyi 1613 metr olan bu yerdə kanyonlar, şəlalələr, mağaralar, bir də antik dövrlərdən qaldığı deyilən bir qala var. Bir gündən artıq qalmaq istəyənlər üçün yaxşı plan olardı.

Balkanlardakı… gizli “cənnət”

Şəhərin gecə həyatı çox maraqlıdır. Pub-ları, barları və ya sakitlik sevənlər üçün həzin musiqili restoranları var. Ən yaxşısı da bu məkanların əksəriyyətinin şəhər mərkəzində olmasıdır. Yeriyərək çatmaq mümkündür. Gündüzləri sakit olan şəhərin gecə həyatı dinamik və əyləncəlidir. Ən məşhur əyləncə məkanları parlament binası yaxınlığındadır. Buralar biraz bahalı yerlərdir. Daha ucuz yerlər axtarırsınızsa, “Blloku” adlanan ərziyə gedə bilərsiniz. Burada canlı musiqisi olan kiçik bar və restoranlar var. Əylənməyə gələnlərin əksəriyyəti isə tələbələrdir. Həftə içi saat 12-dək, həftə sonları isə səhər saatlarınadək əylənmək mümkündür.

Tarixi Kruje şəhəri

Balkanlardakı… gizli “cənnət”

Mən Tiranada 2 gecə qaldım. Çatdığımız günün ikinci yarısı bu şəhəri gəzib, bitirdim. Səhərisi gün isə Tiranadan 1 saatlıq uzaqlıqda olan Kruje şəhərinə getdim. Bu şəhərə Tirana avtovağzalından hər gün saatbaşı avtobuslar işləyir. Qiyməti alban pulu ilə 300 “leke”, hardasa 2,4 avrodur. Dağlıq, tarixi, gözəl bir yerdir. Burada dağ mənzərəsinə açılan restoranda oturub içdiyim kofenin dadı hələ də damağımdadır.

Balkanlardakı… gizli “cənnət”

Osmanlı dönəmində şəhərin adı Akçahisar olub. Tirananın 20 kilometr şimalında yerləşir və Albaniyanın ilk köhnə paytaxtıdır. İndiki adı əhatələndiyi Kruya dağından götürülüb.

Burada Fateh Sultan Mehmet tərəfindən inşa edilən Kruje Qalasını ziyarət edə bilərsiniz. Yüksəklikdə yerləşən qalanın bir hissəsi dağılsa da, gözəl mənzərəyə açılır. Elə bu mənzərəni görmək üçün də yuxarıya qalxmağa dəyər.

Balkanlardakı… gizli “cənnət”

Hələ buradakı gözəl mənzərəli restoranları demirəm. Qiymətləri də kifayət qədər ucuzdur. Yadımdadır, bu restoranların birində 4 nəfərə doyunca yeyib-içmişdik. Hesab 10 avro gəlmişdi. İnanmayıb, bir də dəqiqləşdirmişdik ?

Balkanlardakı… gizli “cənnət”

Bayaq dediyim Kruje Qalasınının giriş qapısından köhnə bazar (Köhnə Osmanlı Çarşısı da deyirlər) uzanır. Buradan şəhərlə bağlı suvenir, kitab, nə bilim, şəhər insanlarının hazırladıqları əl işlərindən ala bilərsiniz.

Cənubdakı gözəlliklərə doğru

Növbəti gün səhər tezdən Tirana avtovağzalından cənubdakı Sarande şəhərinə yola düşdüm. Yol təxminən 5-6 saat çəkdi. Bir müddətdən sonra yolun mənzərəsi gözəlləşir, darıxmırsan. Avtobus gün ərzində bir neçə dəfə çıxır. Mən səhər tezdən gedənə üstünlük verdim. Yola 10 avro ödədim.

Balkanlardakı… gizli “cənnət”

Getdiyim şəhər Albaniyanın Sarande bölgəsinin paytaxtıdır. Elə adı da Sarandedir. Adriatik Dənizinin kənarında, çox gözəl sahili olan bir şəhərdir. Burada 2 gün dənizin, günəşin və çox dadlı yoqurtlu dondurmanın (qiyməti 100 “leke” – 80 sent) dadını çıxardım. Gecələri isə uzun, bitməyən bulvarını gəzib, limanlarını, orada nizamla düzülmüş gəmilərini izlədim. Dəniz mənzərəsində kofedən ləzzət aldım. Bulvarda çox gözəl, bəzilərində gecələr canlı musiqisi olan restoranları var. Burada müxtəlif növ balıq yeməklərinin dadına baxa bilərsiniz.

Sarande çox gözəl sahil şəhəridir. İnsanları mehriban, gülərüzlüdür. Səhərlər insanların çiynində çanta, başında şlyapa dənizə getdiyini, axşamlar isə hamısının qızarmış görünüşdə evə döndüyünü görürsən. Mən də gəldiyim günü və bir gün sonranı dəniz kənarında, günəşlənərək keçirdim. Yaxşıca dincələndən sonrakı növbəti günü Sarandenin 30 kilometrliyində yer alan, “Blue Eye” (albanca “Syri i kaltër” – azərbaycanca mavi göz) adlanan milli parkına yollandım. Sarandedən Elbasan şəhərinə gedən avtobusa mindim. 200 “leke” (1,6 avro) ödədim və “Blue Eye”a gedən yolun üstündə düşdüm. Bundan sonra hardasa 5-6 kilometr piyada yol getdim. Yadımdan çıxmamış onu da deyim ki, Milli Parka giriş üçün də 200 “leke” (1,6 avro) ödəmişdim.

Bura Sarandedən gündəlik turlar da təşkil edilir. Qiyməti hardasa 15-20 avro. Təbii, bahadır. Əgər özün bu turu maksimum 5 avroya edə bilirsənsə… 5 avroya gediş-dönüş bileti və kofe almışdım ?

Buranın necə bir yer olduğuna gəlincə, məncə, gizli qalmış bir “cənnət”dir. Nə bilim, turistlər arasında məşhur olmayan bir gözəllikdir. Yeraltı mağaradan qaynayıb çıxan bulaq gömgöy rəngdədir. Ətrafı meşəlik, gül-çiçəkdir. İnanmazsınız, güllərin üstünə qonan cırcıramalar da eynən yerin altından çıxan bulağın rəngindədir. Özləri tünd göy, qanadları mavi. Suyu buz kimi, tərtəmiz. Temperaturu 7-8 dərəcə olardı. Burada bir neçə dəfə mağaraya girən dalğıclar dönmədiklərindən suya atlamaq qadağandır. Ancaq kənarında suya girə bilərsiniz. Təsəvvür edin ki, təkcə ayağını suya salan insanların səs-küyü hər yanı bürümüşdü.

İcazəli tərəfdəki suya girdim. Ancaq 25 saniyədən artıq qala bilmədim. Çıxanda özümü fərqli hiss edirdim. Ayaqlarım sanki yox idi, bədənim buz kimi, elə bil soyuducudan çıxmışdım. Amma unuda bilməyəcəyim bir təcrübə oldu. Daha öncə bu qədər soyuq suya girdiyimi xatırlamıram.

Albaniyanın ən qədim şəhəri – Gjirokasterdə

Balkanlardakı… gizli “cənnət”

Eyni gündə yaxınlıqdakı Gjirokaster (türkçə Ergiri) şəhərinə də getdim. Bura Albaniyanın ən qədim şəhərlərindən biridir. UNESCO-nun mədəni irsinə daxil edilib, çox gözəldir. O türklərin dediyi “arnavut kaldırımları” var ha, şəhər təpədən-dırnağa həmin kaldırımlardandır. Bir sözlə, yaktı beni…

Hər küçəsi, hər binası tarix olan şəhərin silah muzeyinə girdim. Qiyməti 200 “leke” (1.6 avro). Maraqlı idi. Burada orta əsrlərdənqalma silahlar, toplar, eləcə də, tanklar gördüm. Muzey özü də tarixi qalada yerləşir. Həmin qala Osmanlıdan qaldığı üçün həm də Türkiyə Cumhuriyyətinin qoruması altındadır. Burada həm də maraqlı bazar vardı. Suvenirlərdən daha çox köhnə silah, hərbi geyimlər, su qabları, keçmişdənqalma alışqanlar, xəncərlər, bıçaqlar və s. satılırdı. Dostlarla aramızda azərbaycanca danışdığımızı eşidən hər kəs Türkiyədən gəldiyimizi düşünüb: “Efendim, hoş geldiniz” – deyə, salamlayırdı.

Həmin gün evə qayıdanda, nənəm demiş, “ayaqlarım deyirdi ki, bu dəqiqə səni öldürərəm”. Yəni elə ağrıyırdı. Azı 30 kilometr hərlənmişdim.

Ancaq bu, səhər məni Sarandedən 4 kilometrlik məsafədə yerləşən “Lekuresi” Qalasına (Lëkurësi Castle) getməkdən döndərə bilmədi ?

Sultan Süleymanın tikdirdiyi – “Lekuresi” Qalası

Balkanlardakı… gizli “cənnət”

Dediyim kimi, şəhərdən 4 kilometr uzaqlıqdadır. Onun 2 kilometrini avtobusla getmək olur, qalan 2-ni piyada qalxmalısan. Özü də yenə kaldırım (bu millət dağın başında yaşayır, dəhşətdir). Çıxanda özümü danlayırdım, amma yuxarıdakı mənzərəni görəndə hər şeyi unutdum ?

Qalanı 1537-ci ildə Sultan Süleyman Qanuni tikdirib. Məqsədi yaxınlıqdakı yunan adası Korfuya hücum edərkən bu qala vasitəsilə Sarande limanı və onu Butrintə bağlayan yola nəzarət etmək olub. Yuxarıdan görünənlər də elə Butrint, Ksamil qəsəbələri və Sarande şəhəridir.

Albaniyanın “Maldivi”

Balkanlardakı… gizli “cənnət”

Ksamil qəsəbəsi demişkən, buranı “Albaniyanın Maldivləri” də adlandırırlar. Sarendedən 5, maksimum 10 kilometr uzaqlıqdadır. Bu qəsəbəyə Sarandedən hər saatbaşı avtobus işləyir. Gediş haqqı 100 “leke”dir (80 sent). Kiçik balıqçı qəsəbəsidir. Adriatik və İon dənizlərinin (Adriatik və Aralıq Dənizi arasında yerləşir) qovuşmasındadır. Yaxınlığında bir neçə kiçik ada var. Çimərlik qəsəbəsidir. Mən də Albaniyadakı son günümü qəşəngcə istirahət edə-edə keçirim, dedim. Bütün günü o yaxınlıqdakı adalara üzüb, geri dönmüşəm. Axşama da qəşəngcə qaralmışdım. Bu dediyim kiçik adalar bir-birlərinə çox yaxın yerləşdiyindən burada hovuz effekti yaradır. Yəni, su o qədər sakit olur ki, dibi görünür. Qumu bəyaz, ətrafı yaşıllıq olan yerdə üzməyin ləzzəti ayrıdır.

Səhəri gün Albaniyadan Makedoniyaya yola düşdüm. Yerli əhali məsləhət gördü ki, bunun üçün ən yaxşı yol Tiranaya dönüb, oradan Skopyeyə (Makedoniyanın paytaxtı) getməkdir. Ancaq mən eyni yolu dönmək istəmədiyim üçün Sarandedən Elbasana (avtobus 7 avro), Elbasandan Prenjas şəhərinə (avtobus 3.2 avro), Prenjasdan isə taksi ilə (4 nəfərə 20 avro) Makedoniyanın Struga şəhərinə getdim. Çətin, ancaq görmədiyim yollar idi. Avtobuslar köhnə idi. Yüksək səsdə alban musiqiləri dinləyə-dinləyə getmişəm ?

Biraz da dadlı danışaq

Albaniya mətbəxi Osmanlı, italyan və yunan mətbəxlərinə bənzəyir. Toyuq ciyərindən hazırlanan “Albaniya ciyəri” adlandırdıqları yemək çox məşhurdur. Türklərin “kuru fasülye” dediyi lobya supu, “byrek” adlandırdıqları xəmirdən hazırlanmış, içinə qiymə və ya göyərti, pendir və s. qoyub, bükdükləri yemək, saxsı qabda, sobada hazırladıqları sarımsaqlı, qaymaqlı quzu əti (“Elbasan tava” deyirlər) çox dadlıdır.

Bundan əlavə, paxlava, halva, türk mətbəxindən bildiyimiz oxşar şirniyyatları da var. Rakıları türklərinkindən daha tünddür. İçki sevənlər dadına baxa bilər. Ancaq türklərdən fərqli olaraq içəndə su ilə qarışdırmırlar ?

Hostellərdə qiymət necədir?

Balkanlardakı… gizli “cənnət”

Tirananın mərkəzində hostelin 2 gecəsinə 11 avro ödədim. Səhər yeməyi daxil idi. Səhər yeməyi decək, həyəcanlanmayın, cem+yağ (uşaq bağçasını xatırladırdı), 1 ədəd qaynadılmış yumurta, 1 fincan çay və ya kofedən ibarət idi ?

Balkanlardakı… gizli “cənnət”

Sarandedə qaldığım hostelin günü 6 avro idi. 5 gecəyə 30 avro ödədim. Hostel çox yeni, dəniz mənzərəli və səliqəli idi.

Albaniyaya necə getmək olar?

Balkanlardakı… gizli “cənnət”

Mən ən ucuz getməyin yolunu İstanbul üzərindən tapdım. Bakıdan “Buta Airways”-lə İstanbula getdim. Bakı-İstanbul-Bakı biletinə 132 avro (təxminən 242 manat) ödəmişdim. İstanbuldan isə “Pegasus”la 53 avroya Tiranaya uçdum (təxminən 97 manat). Dönüşü Serbiyanın paytaxtı Belqraddan İstanbula aldım. Yenə “Pegasus” şirkətindən. Ona da 59 avro (təxminən 108 manat) ödəmişdim. Beləliklə, gediş-gəliş 244 avroya (447 manat) başa gəldi.

Albaniyada nə qədər xərclədim?

Balkanlardakı… gizli “cənnət”

Təyyarə və avtobusa (şəhərlərarası və görməli yerlərə getməklə) 280 avro (513 manat), qalmağa isə (7 gün) 41 avro (75 manat) xərcim çıxdı. Beləliklə, qalmaq və yola 321 avro, yemək, muzey və əyləncəyə də 150 avro xərclədim. Restoranları ucuzdur. Albaniyada bir həftə mənə 471 avroya (860 manat) başa gəldi.

Bəli, Albaniya məşhur olmayan gözəlliklərlə doludur

Fotolardan da görürsünüz, Albaniya həqiqətən çoxlarının məlumatsız olduğu, gözəl Balkan ölkəsidir. Təəssüf ki, bizdə çoxları ölkənin yalnız paytaxtından ibarət olduğunu düşünür. Mən isə deyirəm ki, ölkəni paytaxtı ilə yarğılamaq olmaz. Hamının anlayacağı İstanbul-Ankara-İzmir, Tbilisi-Batumi, Moskva-Sankt-Peterburq fərqini göz önünə gətirin. Nə demək istədiyimi anlayacaqsınız…

Balkanlardakı… gizli “cənnət”

Balkanlardakı… gizli “cənnət”

Balkanlardakı… gizli “cənnət”

Balkanlardakı… gizli “cənnət”

Balkanlardakı… gizli “cənnət”

Balkanlardakı… gizli “cənnət”

Seyahetchi.com

Son xəbərlər
Bütün xəbərlər »