Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gül kimi iş: Zaqatalanın gül bağları - Video

Aprel ayından etibarən Zaqatalanın məşhur gül plantasiyalarında gül yığımına başlanıb. Bu iş özünün xüsusiliyi ilə hər zaman diqqətimi çəkib.Çəkdiyin zəhmət də gül üçündür, əlini buladığın işdə güldür, gül kimidir. Zaqatalada hələ ötən əsrin 60-cı illərində gül plantasiyaları var idi və Azərbaycanda istehsal olunan yeganə ətir “Gülşən” də bu plantasiyadan alınan çiçəklərin ətri ilə Azərbaycan qadınını bəzəyərdi.

Lakin sonra məlum tarixi gedişatla gül bağları soldu, baxımsız hala qaldı.

2016-cı ildən Zaqatalada yenidən gülçülük inkişaf etdirilməyə başlayıb.

“Azrose” gül yağı emalı zavodunun tikintisi həm yerli əhalini işlə təmin edir, həm də bu yerlərdə məhsuldarlığı bol olan gülçülüyün inkişafına yenidən təkan verib.Zaqatalanın Aşağı Tala kəndi ərazisində 146 hektar ərazidə qızılgül, 36 hektar ərazidə lavanda çiçəkləri əkilib.Sahələr artıq 3 ildir məhsul verir.Qızılgüllər Bolqarıstandan gətirlmiş Dəməşq qızılgülü sortudur. Onların qalıcı və kəskin ətri olması digər növlərdən daha üstün olmasına dəlalət edir. Gül ağacları əkildikdən 3 il sonra tam məhsul verə bilirlər. İlk 2-3 il ərzində isə məhsuldarlıq 30-40 faiz təşkil edir. Gül zavoduna öz təsərrüfat sahəsində gül əkən insanlarda məhsullarını təhvil verə bilirlər. Gül ləçəyinin bir kiloqramının qiyməti 1-1,5 manat arasında dəyişir.

Gülçülük üzrə mütəxəssis , texnoloq Bayram Həsənovun sözlərinə görə, gül yağından tibb parfümeriya kosmetika və qida sənayesində istifadə olunur.Avropa bazarlarında ölkəmizdə istehsal olunmuş gül yağına tələbat böyükdür. İstehsal olunmuş məşhsul Asiyada, Fransa, Almaniya vəİ bazarlarında alıcı tapır.

Ən yaxşı yağı sübh tezdən səhər saat 4-8 arası yığılmış gül ləçəklərindən çəkmək olur. Şehli -şehli dərilən ləçəklərdə yağlılıq dərəcəsi digər zamanlara nisbətən yüksək olduğundan gül ləçəyinin yığımına səhər saat 6 da başalnılır, 9-da bitir. Mütəxəssisin fikrinə görə, səhər saat dörddə dərilmiş 3 ton ləçəkdən bir litr yağ almaq mümkün olursa, saat 9-dan sonra dərilən güllərdən yağ almaq üçün 6-8 ton ləçək lazım gəlir. Zavodda 3 ton qızılgül və 35 kiloqram lavanda çiçəyindən bir litr gül yağı hazırlanır.

Gül plantasiyasında çalışan xanımlar- güldərənlər günə 25-30 kilo gül yığdıqlarını söyləyirlər.

Gül ləçəyi xüsusi qazanlarda 2 saat bişirilir, ondan gül suyu əldə edilir. Daha sonra yağı alınması üçün gül suyu xüsusi avadanlıqdan keçirilir.Hər distilyasiya aparatından 500 litr gül suyu əldə edilir.Sonra xüsusi tankerə göndərilir və varonik deyilən aparatlarda onlardan gül yağı çəkilir.Bəzən 4 ton gül ləçəyindən bir kiloqram yağ əldə edilir. Bir hektardan iki litrə yaxın gül yağı istehsal olunur.

Bir zamanlar Azərbaycanda ətir istehsalı ilə məşğul olan “Gülşən Ətir" ASC tam özəlləşdirilib.Müəssisə 1979-1981-ci illərdə istifadəyə verilib.

1997-ci ildə “Azəryeyintisənaye” Dövlət Şirkətinin Zaqatala "Gülşən" Ətriyyat kosmetika fabrikinin bazasında “Gülşən Ətir” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. ASC-nin sədri Nadir Cəbrayılov bildirib ki, “Gülşən Ətir” milli brend ətirləri istehsal edib onları yerli və xarici bazarlara çıxarmaq üçün iş aparır. “Onların sırasında kişilər üçün nəzərdə tutulan “Azərbaycan” ətiri, “Min bir gecə”, “Xəzər” adlı parfum suları da var. Onların tərkibi də yenilənəcək.

İndi bazarda çoxlu brendlər var. Rəqabətə davamlı olmaq üçün yeni qoxulu ətirlər hazırlamaq lazımdır. Ona görə də bir çox yeniliklər gözlənilir”.ASC-nin məhsulları əsasən ixrac yönümlü olacaq. N.Cəbrayılov deyib ki, müəssisə Rusiyadakı əvvəlki alıcıları ilə əlaqə qurub həmin bazara yenidən qayıtmaq istəyir. Brendin formalaşdırılması üçün məhsulların qablaşdırılması da dəyişəcək. Bunun üçün Türkiyənin qab istehsalçısı ilə danışıqlar aparılacaq. Çünki Azərbaycanda ətir şüşələri istehsal olunmur”.

Əslində elə ətir qablarının istehsal olunması özü bir yeni iş yeri ideyası, iş imkanıdır. Azərbaycanın təbiəti, iqlimi hər cür nemətə açıqdır, havamız, suyumuz da yurdumun insanına çörək ola bilər. Neftdən asılılığı qaldıraq deyirik. Bu da fürsət. Buyurun, alın sizə , gül kimi iş.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »