Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yanındakılardan biri İlqar Məmmədova desin ki, bilmədiyini danışma...”

Milli Şuranın və Müsavat partiyasının üzvü Tofiq Yaqublunun həbsindən iki ay keçir. Onun işi üzrə istintaq Nizami rayon Polis İdarəsində davam edir.

T.Yaqublunun qızı Nigar Həzi bildirib ki, atası həbs olunandan bu yana ilk dəfə mayın 21-də ona paltar, zəruri gigiyenik vasitələr və ərzaq çatdıra biliblər: “Nəhayət ki, bu gün ataya sovqat verə bildik. Qayğımızın biri azaldı. Qaldı növbəti qayğı - atanı görmək...”

Tofiq Yaqublu Tofiq Yaqublu

Bu arada, ReAL partiyasının sədri İlqar Məmmədov T.Yaqublu haqqında həbs qərarından Avropa Məhkəməsinə şikayətin gec göndərildiyini iddia edir. O, bu haqda özünün “Facebook” səhifəsində yazıb:

“Tofiq Yaqublu 60 gündür həbsdədir, amma onun ərizəsi hələ də Avropa Məhkəməsinə göndərilməyib.

Mən 2013-cü ildə həbs olunanda cəmi 21 gün sonra ərizəm ingilis dilində Strasburqda idi.

60 gün hara, 21 gün hara! Milli Şura öz rəhbər üzvü olan Tofiq Yaqublunun vəkilinə bu işdə kömək etməyi bacarmırsa, onun ərizəsinin Avropa Məhkəməsinə göndərilməsi işinin əlaqələndirməsini REAL təşkil edə bilər”.

T.Yaqublunun vəkilləri Elçin Sadıqov və Nemət Kərimli ReAL sədrinin bu fikirlərinə etiraz edib.

N.Kərimli “Bizimyol.info”ya bildirib ki, İ.Məmmədovun bu müqayisəsi uğursuzdur, o, məlumatsız olduğu durum haqda şərh verir: “21 gün müqayisəsi çox yersizdir. Avropa Məhkəməsinə şikayət vermək üçün ölkədaxili hüquqi müdafiə vasitələri tükəndirilməlidir. Tofiq Yaqublunun apellyasiya şikayətinə onun həbsindən 30 gün sonra baxılıbsa, biz necə bu instansiyanı keçmədən Avropa Məhkəməsinə şikayət verə bilərdik? Daha sonra Tofiq Yaqublunun ev dustaqlığına buraxılması haqda məhkəməyə vəsatət vermişik. Nizami rayon Məhkəməsi təmin etməyib, ondan apellyasiya şikayəti vermişik. Bakı Apellyasiya Məhkəməsindən də “yox” cavabı alandan sonra Avropa Məhkəməsinə şikayəti hazırlayırıq”.

N.Kərimlinin sözlərinə görə, Avropa Məhkəməsinin qərarları da göstərir ki, bu məsələləri zamana bağlamaq yanlışdır. Vəkil deyir ki, 2013-cü ildə göndərilmiş iş var ki, hələ heç qərar verilməyib. Amma 2016-cı ildə edilən başqa bir şikayət üzrə qərar da çıxarılıb, artıq kompensasiya da ödənilib: “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin işində məhkəməsi başlayana qədər həbs qərarından Avropa Məhkəməsinə verilən şikayət üzrə artıq kommunikasiya da başa çatmışdı. Bu, 2017-ci ildə idi. Üstündən üç il keçib, amma qərar elan olunmayıb. Görünür, İlqar Məmmədovun bu cür hallar barədə məlumatı azdır. Heç olmasa, yanındakılardan kimsə onu başa salsın ki, bilmədiyi məsələlərdən danışmasın”.

Digər vəkil Elçin Sadıqov isə ReAL sədrinə elə öz statusunda cavab verib: “Bu statusunuza sadəcə, təəssüf edirəm. Siyasətçisinizsə, gərək siyasətlə məşğul olasınız. Hüquq işləri sizlik deyil. Sizin işinizin uğuru vəkil Fuad Ağayevin zəhmətidir. Siz o işdə Konvensiyanın 10-cu (ifadə azadlığı) və 11-ci (toplaşma azadlığı) maddələrini də mübahisələndirə bildiyiniz halda, bunu etməmisiniz. Hələ cəzaçəkmə müəssisəsində sizə qarşı zorakılıq olanda Konvensiyanın 3-cü (işgəncələrə məruz qalmamaq hüququ) maddəsi ilə bağlı şikayət də göndərməmisiniz.

Dünyada Qiyas İbrahimov və Bayram Məmmədovun işi yeganə iş oldu ki, qeyri-diffamasiya ittihamlı iş olmasına baxmayaraq, Məhkəmə Konvensiyanın 18-ci (hüquq və azadlıqların Konvensiyadan kənar məqsədlərlə məhdudlaşdırılmasının yolverilməzliyi) maddəsilə yanaşı, 10-cu maddəsinin də pozuntusunu tanıdı. O işdə də vəkil mən idim. Bilənlər bilir, mənim heç kəsə ehtiyacım yoxdur. Yaxşı olar ki, mənim işimə, xüsusilə də hüquq işinə qarışmayasınız.

Bu arada, həmin gənclərin hüquq işləri daha keyfiyyətli görüldüyü üçün sizdən iki dəfə az həbsdə saxlanıldılar”.

T.Yaqublu bu il martın 22-də saxlanıb. Ertəsi gün isə Nizami Rayon Məhkəməsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O, CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar vasitəsilə xuliqanlıq) maddəsilə ittiham olunur.

İddia olunur ki, “8-ci kilometr bazarı”nın qarşısında avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsü Elxan Cəbrayılov və yanında olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

T.Yaqublu ittihamı rədd edir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı: “Dostlar, ciddi təxribatla üzləşmişəm. “8-ci kilometr bazarı”nda park halındakı maşınımı qəsdən, nümayişkəranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır”.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› Ermənistan parlamentində dava düşüb - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »