Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Layihələrin məqsədi islahatları dərinləşdirmək və vətəndaş məmnunluğunu artırmaqdır” - Deputat

Azərbaycan Prezidenti İlham Əliyev mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında iştirak etdikdən sonra Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibədə sosial siyasətin tərkib hissələrindən biri olan DOST mərkəzləri, Azərbaycanın bugünkü inkişafında gənclərin rolu, bütün sahələrdə informasiya texnologiyalarının tətbiqi, əhalinin sosial təminatı ilə bağlı məsələlərdən danışılıb.

Mövzu ilə bağlı Bizimyol.info-nun əməkdaşı Milli Məclisin deputatı Ceyhun Məmmədovla həmsöhbət olub. Müsahibəni təqdim edirik:

-Ceyhun müəllim, DOST mərkəzlərinin fəaliyyətə başlamasının sosial sahədə görülən işlər üçün hansı əhəmiyyəti var?

-Bu gün Azərbaycan bir çox sahələrdə dərin islahatların yeni mərhələsinə daxil olub. Həm idarəçilik, həm də sosial xidmət sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Əsas məqsəd isə vətəndaş məmnunluğunun və sosial xidmət sahəsində şəffaflığın artırılmasıdır.

Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva uğurla davam etdirir. DOST layihəsi də Azərbaycanın sosial xidmət sahəsində uğurlu və uzaqgörən layihələrindən biri sayılmalıdır. Son illər bu mərkəzlərin fəaliyyət və əhatə dairəsi sürətlə genişlənir. Yaxın vaxtlarda bölgələrdə də yeni DOST mərkəzləri yaradılacaq, əhaliyə 130-dan çox sosial xidmət göstəriləcək.

Bütün bu layihələrin həyata keçirilməsində əsas məqsəd islahatları daha da dərinləşdirmək və vətəndaş məmnunluğunu artırmaqdır. Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində ölkə vətəndaşlarının həyat şəraitinin və rifahının daha da yaxşılaşdırılması durur. Vətəndaşlar da bu xidmətlərdən razıdırlar və öz məmnunluqlarını bildirirlər.

-Dövlət başçısı bildirib ki, Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında fəal rol oynayırlar və gənclər bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından ən yüksək meyarlara cavab verirlər. İstərdik ki, bununla bağlı fikirlərinizi bölüşəsiniz.

-Qeyd etmək lazımdır ki, ölkəmizdə hər zaman gənclərə yüksək qayğı olub, dövlət bu sahəyə xüsusi diqqətlə yanaşıb. Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün sağlam gəncliyin yetişməsində bu siyasətin böyük rolu var. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva öz çıxışlarında davamlı olaraq gənclərə müraciət edirlər. Onları ölkənin ictimai həyatında aktiv olmağa, daima öz üzərlərində işləməyə, peşəkar bilik və bacarıqlarını artırmağa çağırırlar.

Gəncliyin yetişməsində güclü təhsilin rolu böyükdür. Son illər ölkəmizdə bu sahədə də ciddi tədbirlər həyata keçirilib, bir sıra uğurlar əldə edilib. Təhsil sahəsində mühüm islahatlara başlanılıb, yeni təhsil müəssisələri, ixtisaslar yaradılıb. Əsas məqsədlərdən biri təhsilimizin səviyyəsini dünya standartlarına çatdırmaq və rəqabətədavamlı təhsil sistemi qurmaqdır.

Bu gün Azərbaycanda bilikli və peşəkar gənc kadrların bir sıra mühüm postlara təyin olunması istiqamətində ciddi tədbirlər həyata keçirilir. Son illər çoxlu sayda perspektivli gənc müxtəlif sahələrdə mühüm postlara təyinat alıblar. Hazırda bu siyasət uğurla davam etdirilir.

-Cənab İlham Əliyev deyib ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Qeyd edib ki, 2019-cu ildə müstəqillik dövrünün ən geniş sosial paketi təqdim olundu və uğurla icra edildi. İstərdik bu barədə fikirlərinizi bölüşəsiniz.

-Azərbaycan uzun müddətdir sosialyönümlü siyasət həyata keçirir. Bu istiqamətdə qanunvericilik bazası daima zənginləşdirilir. Artıq nəticələr göz qabağındadır.

Qeyd etməliyik ki, pandemiya dünya dövlətləri üçün bir sınaq idi. Bu imtahandan bütün dövlətlər üzü ağ çıxa bilmədilər, hər zaman vətəndaşlarına qayğı göstərə bilmədilər. Azərbaycan isə vətəndaşlara gərəkən diqqət və qayğını göstərdi. Sosial layihələri uğurla həyata keçirdi. Azərbaycan vətəndaşı pandemiya dövründə ciddi çətinliklərlə üzləşmədi, dövlətin diqqət və qayğısını açıq hiss etdi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu məsələni bilavasitə öz nəzarətlərinə götürdülər.

-Dövlət başçısı bildirib ki, informasiya texnologiyalarının bütün sahələrdə tətbiq edilməsi prioritet sahədir. Ölkəmizin rəqəmsallaşdırılması nə vəd edir?

-Bu gün dünyada bu sahədə ciddi inkişaf gedir. Bildiyiniz kimi, Azərbaycan bu sahəyə də xüsusi önəm verir. İnformasiya texnologiyalarının tətbiqi sahəsində ciddi addımlar atılır. Azərbaycan artıq dünyada kosmik ölkə sayılır. Bu sahənin də inkişafına xüsusi önəm verir. Bu sahədə uğurlara nail olmadan yüksək inkişafı təmin etmək qeyri-mümkündür. Bu gün dünyamızın inkişafı informasiya texnologiyalarının inkişafı ilə bilavasitə bağlıdır.

-Prezident bildirib ki, Azərbaycanda müharibədən əziyyət çəkmiş, öz yaxınlarını itirmiş ailələrin dövlət tərəfindən dəstəklənməsi ən yüksək səviyyədədir. Dövlət başçısı bildirib ki, bu günə qədər 7600 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilib. Maksimum iki il ərzində bütün şəhid ailələri dövlət tərəfindən evlərlə təmin ediləcəkdir. Azərbaycanda müharibədən əziyyət çəkmiş, öz yaxınlarını itirmiş ailələrin dövlət tərəfindən dəstəklənməsi hansı addımlar atılır?

-Şəhid ailələrinə diqqət və qayğı Azərbaycanın həyata keçirdiyi siyasətdə əsas yerlərdən birini tutur. Hər il çoxlu sayda bu kateqoriyadan olan insanların həyat şəraiti yaxşılaşdırılır, yeni mənzillərlə təmin olunurlar. Qeyd olunduğu kimi, maksimum iki il müddətində bütün şəhid ailələri evlə təmin olunacaqlar. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva davamlı olaraq şəhid ailələrinin yaxınları ilə görüşərək qayğıları ilə maraqlanırlar.

-Prezident bildirib ki, qabaqlayıcı tədbirlər pandemiyanın geniş vüsət almasının qarşısını almağa imkan verdi. Koronavirusla bağlı görülən işlər həm Azərbaycan xalqı, həm də beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur. İstərdik bu barədə fikirlərinizi bölüşəsiniz.

-Bildiyiniz kimi Azərbaycan ilk gündən bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdi. Prezident İlham Əliyev məsələni öz nəzarətinə götürdü, bir neçə mühüm sərəncam imzaladı. Qəbul edilən adekvat və qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda virusun yayılması nəzarətdə saxlanıldı. Bir sıra Avropa ölkələrində olduğu kimi, xəstəxana və dəfnlə bağlı məsələlərdə problemlər yaşanmadı.

Azərbaycanın bu uğuru dünya birliyi tərəfindən də yüksək qiymətləndirildi, həyata keçirdiyi siyasət nümunəvi model kimi qəbul edildi.

-Prezident bildirib ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir. Azərbaycan sədrlik etdiyi Türk Şurası və Qoşulmama Hərəkatının Zirvə toplantılarını ən yüksək səviyyədə təşkil etdi. Azərbaycan bu günə qədər 13 ölkəyə və 3 beynəlxalq təşkilata yardım göstərib. Azərbaycanın dünya miqyasında imici necədir?

-Qeyd etməliyik ki, pandemiya dövründə Azərbaycan özünə qapanmadı. Video formatında konfransların təşkili təşəbbüsünü öz üzərinə götürdü. Bir neçə mötəbər konfrans keçirdi, sədrlik etdiyi Türk Şurası və Qoşulmama Hərəkatının Zirvə toplantılarını ən yüksək səviyyədə təşkil etdi.

Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır, dünya dövlətləri Azərbaycana inanır və etibar edir. Bu uğuru Azərbaycan həyata keçirdiyi uğurlu siyasət nəticəsində əldə edib.

Azərbaycan eyni zamanda, hər zamankı kimi, yardıma ehtiyacı olan dövlətlərə yardım əlini uzatdı, dayaq oldu. Bütün dövlətlər eyni mövqeyi nümayiş etdirmədilər. Cənab Prezidentin də qeyd etdiyi kimi pandemiya bir sıra dövlətlərin iç üzünü də açdı. Onların nə qədər səmimi olduqlarını göstərdi.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »