Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elxan Abdullayev: “Anam xeyir-dua vermədiyi üçün “Brayton”a getmədim”

Bu gün 50 yaşı tamam olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayevin apasport.az saytına müsahibəsini təqdim edirik.

- Doğum günü münasibətilə sizi təbrik edirik. Ad gününüzü necə qeyd edirsiniz?

- Təşəkkür edirəm. Məlum koronavirus səbəbindən restoranlar bağlıdır. Buna görə də evdəkilərlə, ailəmlə bir yerdə qeyd edəcəyəm.

- Sizi ilk kim təbrik etdi?

- Həyat yoldaşım və qızlarım təbrik elədilər. Telefonla ilk təbriki isə bacımdan aldım.

- Artıq hədiyyə qəbul etmisiniz?

- Əlbəttə, etmişəm. Hədiyyəsiz ad günü olar? Təbrik özü də bir hədiyyədir. Ümumiyyətlə, hədiyyə xoşlamıram. Uşaq vaxtı hamı kimi, mən də ad günümdə hədiyyə gözləyirdim. Amma indi o yaşda deyilik ki, hədiyyə istəyək.

- Ad gününüzü adi qaydada, yoxsa təmtəraqlı keçirməyi xoşlayırsınız?

- Mənim üçün adi bir gündür. Sadəcə, indi koronavirus pandemiyasına görə qonaqları çağıra bilmirəm. 50 yaş yubileydir, insan ömründə bir dəfə olur. Amma məlum səbəbdən heç kimi çağıra bilmirəm. Buna görə məyus oluram. Mən, ümumiyyətlə, kompaniyanı, bir araya toplaşmağı xoşlayıram. Sevdiklərinlə bir masa arxasında əyləşib yeyib-içmək hər zaman xoşdur. Üstəlik, indi Ramazan ayıdır, çox adam oruc tutur. Bir yerdə iftar süfrəsində oturmaq daha yaxşıdır.

- 50 yaş sizin üçün nə deməkdir?

- Kimisi üçün ömrünün yarısı, kimisi üçün 2/3 hissəsidir. Qismət Allahdandır, nəsə demək olmur. Amma özümü 50 yaşda hiss etmirəm. Daxilən 40 yaşa yaxınlaşıram (gülür).

- İstədiyiniz həyatı yaşaya bilmisiniz?

- Bəli, həyatımdan razıyam. Yaxşı ailəm, dostlarım, işim var. Buna görə də nədənsə narazılıq edə bilmərəm.

- Əlinizdə imkan olsaydı, kimi yanınızda görmək istərdiniz?

- Əlbəttə ki, atamı. Çox istərdim ki, atam yanımda olsun.

- Özünüzə bağışlaya bilmədiyiniz səhviniz olubmu?

- Belə hallar hər bir insanda olub. Çalışıram bir də təkrarlamayım. Yaş ötdükcə insan daha da kamilləşir, həyatı daha yaxşı qavrayır.

- Kaş bunu edəydim və ya etməyəydim dediyiniz bir an varmı?

- Bəli, var. Məsələn, Slovakiyada oynayanda İngiltərənin “Brayton” klubundan yaxşı təklif almışdım. Anam mənə məsləhət görmədi, xeyir-dua vermədiyi üçün getmədim. Bilmirəm, getsəydim necə olacaqdı. Səhv odur ki, şansdan istifadə etmirsən.

- İldən-ilə qocalmaq sizi qorxutmur?

- Ömrümüzdən gedir. Amma qorxmuram. Hər yaşın öz ləzzəti var. Uşaq vaxtı kişi olmaq, böyüyəndə ata olmaq, sonra baba olmaq istəyirsən. Bunlar zəncirvaridir, hər birinin öz yeri var.

- Hələ də reallaşmayan arzunuz var?

- Hər kəs kimi, mənim də arzularım var. İstəyirəm elə həyat yaşayım ki, ölkəyə xeyir verim, köçəndən sonra məni yada salsınlar.

Son xəbərlər
Bütün xəbərlər »