Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan neftinin taleyi necə olacaq...

Dünya neft bazarı iki aydan çoxdur heç vaxt olmadığı qədər təlatüm yaşayır. Qiymətlər 20-21 il əvvəlin səviyyəsinə düşmüşdü. Son günlər neftin dəyəri bir az artıb. Amma qiymətlər istehsalçı ölkələrin heç biri üçün əlverişli deyil. O cümlədən, Azərbaycan üçün də.

Bizimyol.info xəbər verir ki, neftin qiyməti son ayyarım ərzində ən yüksək həddinə çatıb. Əslində, “Brent”in dəyəri çox da yüksəlməyib. İngilis nefti bu gün 32 dollar həddini aşıb. Son aylar 1 barelin qiyməti 26-27 dollar civarında olurdu. Neft bazarında baş verənlərdən daha çox “Azeri Light” zərər görmüşdü. Azərbaycan neftinə tələbat kəskin azalmışdı.

Sözsüz, bizim neftin qiymətinin dəfələrlə düşməsinin əsas səbəbi bazarda təklif olunan məhsulun çoxluğu, müştəri əldə etmək üçün qızğın mübarizədir. Amma xüsusi səbəb də var. Nə qədər qəribə səslənsə də, Azərbaycan neftinin keyfiyyətinin yüksək olması bu dəfə ölkənin işinə yaramadı. Aviareyslərin kütləvi ləğvi, Avropa ölkələrinin mütləq əksəriyyətinin karantin rejimi tətbiq etməsi vəziyyəti ağırlaşdırdı. “Azeri Light” hətta 15 dollar həddinə qədər düşmüşdü. Nəqliyyatın hərəkəti üçün çox əlverişli olan Azərbaycan neftinə bu müddət ərzində ciddi tələbat qalmamışdı. Amma vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb.

Avropa Komissiyasının əsas istəyi odur ki, qitənin bütün ölkələri öz arasında sərhədləri iyunun 15-nə qədər tam açsın. Avropalılar bu xəbərə yalnız sevinə bilər. Çünki iqtisadiyyat onsuz da ağır bir dövrə girib. Turist mövsümünün boşa verilməsi daha böyük zərbə anlamına gələr. Buna görə də Avropa ölkələri yavaş-yavaş sərhədləri açmağa başlayıb. Bu gün Baltikyanı dövlətlər öz arasındakı gediş-gəlişi bərpa edib. Estoniya Finlandiya ilə, Almaniya Lüksemburqla sərhədi açır. Proses artan xətlə inkişaf edəcək.

Bundan həm də Azərbaycan nefti fayda götürə biləcək. Onsuz da proses özünü qiymətlərdə göstərir. “Azeri Light” bir məqamda “Brent”dən təxminən 10 dollar ucuz satılırdı. Bu gün bizim neft ingilis məhsulunu geridə qoyur. Avropada həyatın bərpası vəziyyətə yalnız müsbət yöndən təsir edəcək.

Əlbəttə, ilin əvvəlində müşahidə edilən durumun geri qayıtması tezliklə baş tutmayacaq. Yəni ilin sonuna qədər qiymət 60 dollara çatmayacaq. Yayda 40 həddinin aşılması özlüyündə yaxşı göstərici sayılacaq. OPEK+ razılaşması bu vəzifənin öhdəsindən gəlməyə kömək edir. Üzv ölkələr sutkalıq hasilatı 9.7 milyon barel azaltmaq qərarı verib. Səudiyyə Ərəbistanı daha 1 milyon barel güzəştə gedir. Görünən odur ki, qiymət bir az da yüksələcək. Amma istehsalçı ölkələrin razı qalması asan deyil. Rusiya üçün 42 dollardan aşağı satış ziyana işləmək deməkdir. Səudiyyə Ərəbistanı indiki şərtlərlə də büdcə kəsirindən qaça bilmir. Azərbaycan büdcəsində də neftin bareli 55 dollardan əksini tapıb. Deməli, vəziyyətin zamanla yaxşılaşması hələ bizi tam xilas etmir.

Paylaş »
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »