Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Tarixi qeyri-adi üsulla öyrədən müəllim: “Şagirdlərim səsimi yazırdılar”
Günel Əhmədova - Tarapp

“İki ilə yaxın bu layihə üzərində işlədim. Nəhayət, tamamladım. Hazırladığım “Tarapp” kifayət qədər maraq topladı. Düşünürəm ki, tarixi dinləyərək öyrənmək mümkündür”.

Oxu.az “Tarapp” layihəsi çərçivəsində 6-11-ci sinif Azərbaycan və dünya tarixi fənlərini əhatə edən proqramı səsləndirən və sözügedən layihənin rəhbəri olan Günel Əhmədova ilə müsahibəni təqdim edir:

- Özünüz barədə məlumat verin. Neçə ildir pedaqoji fəaliyyətlə məşğul olursunuz?

- Azərbaycan Pedaqoji Universitetinin Tarix fakültəsini bitirmişəm. 10 illik pedaqoji və səkkiz illik repetitorluq təcrübəm var.

- Necə oldu ki, belə bir layihə hazırlamaq qərarına gəldiniz?

- Paytaxtda fəaliyyət göstərən orta məktəblərdən birində tarix fənnindən dərs deyirdim. İstər məktəbdə, istərsə də evdə repetitor hazırlığı keçirdim. Hər zaman düşünmüşəm ki, şagirdlər üçün dərsləri kitabdan oxumaq yorucudur. Mən dərs izah edəndə uşaqların səsimi telefonlarına yazmaları diqqətimi çəkirdi.

Bir dəfə onlardan bunun səbəbini soruşdum. Cavab isə məni təəccübləndirdi. Şagirdlərim dərsi mənimsəməyin belə daha rahat və asan olduğunu, hazırlıqdan sonra da səsə qulaq asaraq, bildiklərini daha da təkmilləşdirdiklərini dedilər. Bu hal bir neçə dəfə təkrarlandıqdan sonra tarixi onlara məcbur etmədən, istədikləri kimi, rahat formada, sevdirərək öyrətmək qərarına gəldim.

- “Tarapp” proqramının ideyası buradan yarandı?

- Bəli. Bu layihə məhz şagirdlərimi müşahidə etdikdən sonra ağlıma gəldi. Qərara aldım ki, “Tarapp” layihəsi çərçivəsində 6-11-ci sinif Azərbaycan və dünya tarixi fənlərini əhatə edən proqram hazırlayım. Bu layihə iki ilə yaxın vaxtımı aldı. Hətta sırf bu səbəbdən çalışdığım işdən də ayrılmalı oldum.

Əvvəlcə geniş araşdırma apardım. Şagirdlər və abituriyentlər üçün tarix fənni üzrə bütün zəruri informasiyaları bir yerə toplayıb, planlaşdırdım. Daha sonra isə səsləndirməyə başladım. Bu işləri görməyə mənə xeyli vaxt lazım idi. Mövzular üzrə 300-dən çox səs yazısı hazırladım.

Daha sonra bu səs yazılarını ardıcıllıqla bir araya toplamaq üçün audiomontaj proqramını öyrənməyə başladım. Proqramı tam öyrəndikdən sonra iki ilə yaxın bu layihə üzərində işlədim. Nəhayət ki, tamamladım. Hazırladığım “Tarapp” kifayət qədər maraq topladı. Düşünürəm ki, tarixi dinləyərək öyrənmək mümkündür.

- Necə düşünürsünüz, layihə gözlədiyiniz qədər diqqət topladı?

- Düşünürəm ki, “Tarapp”dan abituriyentlər‚ birinci kurs tələbələri‚ müəllimlər‚ müəllimliyə hazırlaşanlar və xarici ölkələrdə yaşayan azərbaycanlılar faydalana bilər. Çünki bütün bunlar nəzərə alınaraq hazırlanıb. Proqram daxilində 6-11-ci sinif Azərbaycan və ümumdünya tarixi fənlərini əhatə edən dərslər səsləndirilib.

Məncə, əylənərək də öyrənmək olar. Hazırladığım “Tarapp” layihəsi insanları yormadan tarixi öyrənməsinə şərait yaradacaq. “Tarapp”ı metroda‚ avtobusda‚ piyada yol gedərkən də rahat şəkildə istifadə etmək mümkündür.

Şagirdlər, abituriyentlər kitabdan deyil, qulaqlıqdan istifadə edərək, yol boyu dərslərini təkrarlaya bilərlər. Eləcə də, müəllimlərin öz biliklərini yeniləmək üçün ev işləri ilə məşğul olan zaman bu proqramdan istifadə etməsi mümkündür.

Bu, həm şagirdlərdə erkən yaşlarda yaranan görmə zəifliyinin də qarşısını alacaq, həm də görmə qüsurlu və ya gözündə müəyyən problem olan şagirdlərin tarixi asanlıqla öyrənməsinə şərait yaradacaq. Proqramı hazırlayarkən çox diqqət çəkəcəyini düşünürdüm. Məncə, uğurlu oldu.

- “Tarapp” layihəsini necə təqdim etdiniz?

- Bir il əvvəl aprel ayında layihəmi tam yekunlaşdırdım. Artıq layihəni hər hansı bir platformada yerləşdirmək və ictimailəşdirmək lazım idi. İlk olaraq yerli platformalara üz tutdum. “İNNOLAND” İnnovasiya Mərkəzinə layihəni təqdim edəndə, çox müsbət qarşılandı. Lakin müəyyən səbəblərdən onlarla əməkdaşlığımız baş tutmadı.

Yerli bir neçə platformada da müxtəlif problemlərlə qarşılaşdım və qərara aldım ki, beynəlxalq platformalara üz tutum. Beynəlxalq platforma olan “Udemy” bütün tələblərinə uyğun olduğundan layihəmizi qəbul etdi.

- Xaricdə yaşayan azərbaycanlılar audiokitabı necə əldə edə bilərlər?

- “Udemy” adlı tətbiq proqramı var. 30 milyondan çox tələbənin istifadə etdiyi proqramda 50-dən çox dildə kurslar yayımlanır. Amma bu beynəlxalq platformada Azərbaycan dilində kurslar çox azdır. Azərbaycan tarixinə aid materiallar isə hətta yox dərəcəsində idi. “Tarapp” proqramının bir ili tamam olub.

Proqram artıq çoxları tərəfindən alınıb və sevilərək istifadə edilir. Bu proqram vasitəsilə xaricdə yaşayan həmvətənlərimiz övladlarına tariximizi öz ana dilində çatdıra biləcək. Çox sadə üsulla proqramı əldə etmək mümkündür. “Udemy” tətbiqini müasir smartfonlara və ya sadəcə kompüterə yükləyib, müvafiq bölməyə daxil olursunuz. İOS və Android əməliyyat sistemlərindən rahatlıqla endirmək olar.

Daha sonra ödəniş edərək, “Tarapp”ı yükləmək olur. Azərbaycan və dünya tarixi üzrə dərsliklər vahid formaya salınıb, ayrı-ayrılıqda hər birinin qiyməti 20 manatdır. “Tarapp” proqramını həm nağd, həm də onlayn ödənişlə əldə etmək mümkündür. Proqram yükləndikdən sonra offlayn rejimdə çalışır. İstifadəsi üçün internetə ehtiyac yoxdur.

Xatırladaq ki, kursu əldə etmək istəyənlər “Tarapp”ın “Facebook” səhifəsindən və “Tarapp.az” saytından ətraflı məlumat əldə edə bilərlər

Paylaş »
››› Virusa inanmayanlar üçün: Ölən 100 min nəfərin adı paylaşıldı
››› İyunda bürcləri nə gözləyir...
››› Məktəbli qız araqdan komaya düşüb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Oqtay Gülalıyevin oğlundan atası ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »