Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Petkim" neft-kimya kompleksi istehsalı 2% artırıb

Yeni növ koronavirus pandemiyası zamanı Türkiyə sənayeçisinin etibarlı tədarükçüsü olan “Petkim" neft-kimya kompleksi (əsas payı SOCAR məxsusdur – red.) bu ilin I rübündə istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 2% artıraraq 802 min tona çatdırıb.

“Petkim”dən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici “Petkim”in “Star” Neft Emalı Zavodu ilə sinerjisi hesabına eldə edilib.

Məlumata əsasən, bu ilin I rübündə "Petkim" üzrə satışların ümumi həcmi 2,8 mlrd. türk lirəsi (təxminən 404,7 mln. ABŞ dolları) təşkil edib.

Xatırladaq ki, "Petkim" 2019-cu ildə 3,4 mln. ton məhsul istehsal edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 24% çoxdur.

Qeyd edək ki, 3 aprel 1965-ci il tarixində başda Türkiye Petrolleri Anonim Ortaklığı (TPAO) olmaqla təsis edilən "Petkim" fəaliyyətə 1970-ci ildə Kocaelidəki Yarımca Kompleksinə daxil olan 5 zavodun qurulması ilə başlamışdır. 30 may 2008-ci il tarixində keçirilmiş hərracda "Petkim Petrokimya Holdinq" A.Ş.-nin səhmlərinin 51%-i 2,04 mlrd. dollara SOCAR&Turcas Enerji A.Ş. tərəfindən əldə edilmişdir.

Hazırda "Petkim"in nəzdində aşağı sıxlıqlı polietilen, yüksək sıxlıqlı polietilen, polipropilen, polivinil xlorid, akrilonitril, etilen qlikol, saflaşdırılmış turşu, aromatik karbohidrogenlər, etilen-propilen, xlor qələvi, vinil xlorid monomer, plastik işlər və ftal anhidridi fabrikləri fəaliyyət göstərir. Türkiyə sənayesini xammalla təchiz edən "Petkim"in istehsal etdiyi neft-kimya məhsulları inşaat, kənd təsərrüfatı, elektrik enerjisi, elektron, tekstil sənayesində, eyni zamanda əczaçılıq, boya, yuyucu məhsullar, kosmetika məhsulları istehsalı və digər sahələrdə geniş istifadə olunur.

Son xəbərlər
Bütün xəbərlər »