Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Yer kürəsini gəlmələr idarə edir...”
Gülnarə Rəfiq
Tanınmış yazar: “Anladıq ki, İnsan Təbiətin şahı deyilmiş”

“Yeni texnologiyaları bizə yadplanetlilr verib- faktlar var”

Publisist, rəssam, musiqişünas, pedaqoq, tədqiqatçı, bloger… “Azadlıq simfoniyası” kitabının müəllifi. Söhbət imzasına, üslubuna oxucularımızın yaxşı bələd olduğu Gülnarə Rəfiqdən gedir. Mayın 10-da yubiley yaşı tamam oldu. Bununla bağlı bir müsahibə etmək ideyası yarandı. Dedi: “Şagirdlərimin yoxlama işlərini yekunlaşdırım. Sərbəstləşim, danışaq”. Yoxlamanı bitirib xəbər etdi. Söhbətimizə də elə ordan başladıq.

Gülnarə Rəfiq Gülnarə Rəfiq

- Necəsən? Çox yorğun deyilsən ki?

- Hirsliyəm. Qırıb çatıram camaatı səhərdən. Oxumaq istəmir də millət! (Zarafatla) Amma artıq məndə 50 oldu. Qorxulusu arxada qaldı.

- Bu, həmişə belə olub əslində. Oxumalı olduğumuz şeyi oxumamaqla, oxumamalı olduğumuz şeyi oxumaq arasında elə ciddi fərq yoxdur. Biz də zamanında oxumamalı olduğumuzu çox oxuduq. Elə deyilmi?

- Məsələn nəyi deyirsən? Mən elə bir şey xatırlamıram ki, sonradan deyim, gərək oxumayaydım. Hamısı gərək oldu sonradan əlbəttə.

- Sovet dövründə böyümüşük; təhsilimiz çox ideologiyalaşmış idi. Onu nəzərdə tuturam. Sosializm realizmi - filan. Kommunizm qurucusunun əxlaq kodeksi və sair və ilaxır...

- Onlar hamısı unuduldu. Amma bu “Partiya tarixi” fənni qırmızı diplom almağa mane oldu. İndiyədək özümə bağışlamıram bunu. Hamısı “5” idi, bircə partiya tarixi “3”. 1988-də daxil olduq Konservatoriyaya, 1993-də bitirəndə artıq bu predmet yox idi. Olmayan fəndən isə yenidən imtahan verməyə qoymadılar. Beləcə iz qoydu Kommunist Partiyası mənim bioqrafiyamda.

- Aşağı-yuxarı hamıya pisliyi dəydi bir formada…

- Bir söz də xatırlamıram o kitablardan. Ən qəribəsi o idi ki, dekan biganə görkəmlə gözünü süzdürüb: "Nəyinə lazımdır e “qırmızı diplom"?!” dedi.

- Yaxşı ki, xatırlamırsan. Xatirəsi belə sıxır, əzir sanki.

- Yol göstərənlərimizin mövqeyi belə idi o zaman. Ona görə də bir çox şeyləri uduzuruq, hətta indi də…

- Məndə də göy diplomdur.

- Bilik toplamağa elə indi də o qədər yaxşı baxmırlar ki. Bu yaxında İnformatika İnstitutunda minimum imtahanı verirdim. Mənimlə eyni qrupda olan cavan bir oğlan: “Bu boyda biliyi niyə toplayırsız? Yəqin başqası üçün dissertasiya yazacaqsız, eləmi?” deyə soruşdu. Yəni ki, oxumaq aktual deyilmiş.

- Niyə aktual olmasın?

- Bu mövqeni heç qəbul eləmirəm də. Məgər pisdir? Hətta informatika müəllimləri də məndən nəsə öyrəndi.

“Bu stres olmasaydı, rahat yaşayacaqdıq və yəqin ki, rahat da öləcəkdik”.

- Bax, şagirdlərindən narazısan ki, dərslərini yaxşı oxumurlar. Biz də ömrümüz boyu şagirdik bir anlamda. Tələbəyik. Sən "12 qəddar həqiqət" adlı yazı yazmışdın. Orda yazırsan ki, "bəzən ən faciəvi, stress yaradacaq anlar axır nəticədə bizə çox yaxşı bir həyat dərsi verir". İndi də stressli dövrdür. Nə kimi dərs verir bu dövr bizə səncə?

- Bu stres olmasaydı, rahat yaşayacaqdıq və yəqin ki, rahat da öləcəkdik. İndi mən burda onlayn dərs deməyin yollarını axtarıram. Mən 25 il sinifdə şagirdə göz ağartmağı, onun ürəyini almağı artıq öyrənmişdim. İndi onlayn dərsdə bu, yaramır. Videonu söndürürlər, səsimi yığışdırırlar ki, təsir dairəmdən çıxsınlar. Mən də mühitə müqavimət göstərirəm, yenilik axtarıram. Və əminəm, tapacam da. Mühit sıxmasa biz heç barmağımızı tərpətmərik. Yadında olar bəlkə, bir dəfə hansısa rayona istirahətə gedəcəkdik ailəmizlə. Məndən yazı istədin. Səfər təəssüratları üslubunda. Heç nə yaza bilmədim. Çünki hər şey gözəl idi. Yazmağa ehtiyac yox idi. Şair deyiləm ki, gül çiçəyə şeir qoşam. Hər şey yaxşı olanda nə sənətə, nə yaradıcılığa ehtiyac qalmır. Heç elmə də...

- Hə. Olub elə bir şey. Səndə təəssürat yazısı yaxşı alınır. Ancaq hər şeyin gözəl olduğunu yazmaq gözəl deyil?

- Bəşəriyyət gözəllikdən yazmaq dövrünü 100 il əvvəl adlayıb keçib artıq. XX əsrin əvvəlindən üzübəri sənət gözəllikdən ilham almır. İnsan yeni forma, ifadə vasitəsi, bir sözlə özünə məxsus olanları axtarır. Çünki Allahın yaratdığının daha kamil olduğunu anlayır artıq.

- Amma zahiri gözəlliyi sənətin ilham qaynağı sayan Oskar Uayldı bu gün də maraqla oxuyanlar var. “Dünyanın sirri görünən tərəfindədir” deyirdi.

- Oskar Uayldın bir tək qadınlar barədə yazdıqlarını (kifayət qədər murdar sözlər də işlədib) kişilər qəbul eləsəydi, gərək heç kim evlənməyəydi. Bu ki hələ baş verməyib. Biz sənətlə həyat arasındakı səddi yaxşı duyuruq və onu heç vaxt keçmirik. İnsan EQO-su o qədər böyüyüb ki, buna bütün dünyanı, planeti də qurban verə bilər. Bir tək Triyerin filmləri adama bəsdi ki, dünyadan küsəsən. Real deyil, öz xəstə təxəyyülüdür. Amma baxırıq hamımız.

- Sən Triyerə baxıb küsməmisənsə, Dünya elə də pis yer deyil demək.

- Hər kəsin içində Triyerin rejissorluğunda gördüyümüz dəhşətlər var, ona görə də inandırıcıdır. Gözəllikdən yazmaq, əlbəttə pis deyil. Amma bayatı sadəliyinə, xalq mahnısının gözəlliyinə çata bilməyəcəyini də anlayırsan. Muğam fəlsəfəsini hələ demirəm. Biz çox ağıllı amma ürəksiz əsrdə yaşayırıq. Oxucu isə tərs kimi ona toxunmayan mövzuda heç oxumaq istəmir.

- "Ürəksiz əsrdə yaşayırıq" deyirsən, amma insanların çoxu infarktdan ölür. Yəni infarktdan ölənlərin sayı da az deyil. Belə qoyaq məsələni…

- İnsan nədənsə ölməlidir axı. O, əbədi yaşamaq istəyir. Zərərli ərzağı yeyir, pis fikirlər fikirləşir, pislik edir və deyir hələ ölməyim də. Bizi əbədi olmaqçün yaratmayıblar axı.

- Ölüm yeganə gerçəkdir yəqin ki bizim həyatımızda. Onunla da lap axırda qarşılaşırıq.

- Bilərəkdən mənim 50 illiyimdə ölümdən danışırsan? Məni qorxutmaq fikrin var? Hələ ölmək planımda yoxdu. İşlərim tökülüb qalıb.

Gülnarə Rəfiq Gülnarə Rəfiq

- Yox, söhbət özü ora gəldi

- Ölüm danışmaq üçün gözəl mövzudur, amma bilmədiyimiz şeylərdən danışmaq bizə yaraşmaz.

“Hələ ki yaşımla dava eləyirəm...”

- Qadınlar adətən yaşını gizlədir. Sənsə artıq bu söhbətboyu ikinci dəfədir ki, yaşını xatırladırsan. Sən bioloji yaşla psixoloji yaşın aralığında hardasan ki?

- Mən artıq 45 yaşımdan bu yana 50 yaşım var deyirdim. Hamı az qala bayılır və: "Heç yaşını vermək olmaz" deyir. Bu mənə ləzzət verir. İndi bundan sonra öz yaşımı deyim gərək. Cavan görünməyimdə o qədər əminəm ki, kimsə yaşımı dəqiq biləndə qəribə gəlir mənə. O gün polis sənədlərimi yoxlayır. Şəklimə baxıb "Yəqin çoxdanın şəklidir" dedi. Yarım gün özümə gəlmədim. Hələ ki, yaşımla dava eləyirəm yəqin. Mən özümə orijinal yubiley tədbirləri planlaşdırmışdım. Yeyib-içməklə yox, tamam fərqli. Kitablarım, rəsmlərim, dostlarım, nailiyyətlərim və s. hələ əlimi üzə bilmədiyim şeylərlə bərabər. Karantin qoydu ki. Əvəzində iki kitabımı nəşrə hazırladım. Ən əsası bütün yazdıqlarına göz gəzdirdim. Nə qədər yazmışam, ay Allah!!! Xeyli güldüm hətta. Mən bütün ömrümü yazmışam sən demə. Bir tək aldığım müsahibələr 65 dənə oldu. Onları saytımda yığıram. Bu günlərdə çıxaracam üzə. Müsahiblərimin çoxu artıq həyatda yoxdu. Bu o qədər məyus edir ki!

- Hər yazan əslində bütün ömrü boyu öz həyat salnaməsini yazır.

- Amma bir şeyi dəqiq bildim. Bizim 20 il əvvəl müsahibələrdə danışdıqlarımız, cəmiyyətə verdiyimiz ideyalar (o dövr üçün çox maraqlı mövzular idi) indi reallaşır.

- Mən heç əvvəl yazdıqlarımı tapa bilməmək qorxusu ilə axtarmıram da onları…

- Biz sanki cəmiyyətə fikir ötürmüşük. O vaxtlar təcrübəli adamlar deyirdi bunları, inanmırdıq. Sadəcə səbrli olmaq lazım idi. Bunu nəzərə alsaq yəni, 10-15 ilə böyük mənəvi böhran gözlənilir. Yadında olar, o vaxtlar bütün yeni fikir və ideyalar qəzetlərdən gəlirdi. Mən o qədər sevinirəm ki, bu dövrü görə bildim.

- O dövrün trendi fikir, rəy jurnalistikası idi. Biz o zaman durduğumuz yerdən daha uzağa baxmışıq yəqin ki. Yadıma gəlir ki, mən, İbrahim Məmmədov, Qorxmaz Əsgərov və Elxan Nəsibov – dörd dost analitik 1994-cü ildə bir Milli Strateji Mərkəz yaratmışdıq. “Beyin hücumu” edib təhlil aparırdıq. Yazı formasında mən işləmişdim. 3-4 belə yazı yazmışdıq. Hətta məşhur jurnalist Arif Əliyevə maraqlı gəlmişdi, bu haqda məndən soruşmuşdu. O zaman Çinin 21-ci əsrin birinci yarısında superdövlətə çevriləcəyini proqnozlaşdırmışdıq. İndi heç gözümüzün qarşısındakını görmürük. O vaxt çox ağıllı olmuşuq səncə, ya indi çox tənbəlik?

- Solo oxumaq asandı. Xaric oxusan da keçərlər səninçün. Xorda oxumaq çətindi. Xorun tərkibində xaric oxumaq heç olmaz. Bütün xor xaric oxuyursa, sən nə qədər düzgün oxu, xeyri yoxdur. Bu xorun əvvəl səsini kəsmək lazımdır və sonra yenidən başlamaq. O vaxtlar solo və balaca ansambllar şəklində gözəl də alınırdı bizdə. Sonrası yaxşı olmadı. Tənbəl deyilik qəti! Sadəcə, çapalayırıq, enerjimiz boşuna gedir. Mən indi əvvəlkindən daha artıq çalışıram. Əvvəl həm də yaşayırdım. İndi isə çalışıram.

“Hətta tənhalıq da irsi xəstəlik kimi ötürülür...”

- Həmişə bu haqda düşünəndə deyirəm bəlkə aletofobiyaya tutulmuşuq. Mükəmməl olmamaq və ya mükəmməl ola bilməmək xəstəliyinə. Sənin yazılarında da bu var; bütün mümkün suallara cavab axtarırsan əvvəlcədən.

- İnsan mükəmməl olmaya bilər. Amma insan mütləq xoşbəxt olmalıdı. Bu bir həyat qanunudur. Nakamlıq duyğusu ilə yaşamaq olmur. Sonra da anladım ki, bütün cavabları əvvəlcədən bilirəmmiş. Ona görə də daha az sual verirəm.

- Bizə verilən zaman bəlkə xoşbəxt olmaq üçün çox qısadır. Uzağı 100 ildir…

- Hə. Bəlkə də mümkünsüzdür. Bu günlərdə hardasa oxudum ki, xoşbəxt olmaq üçün sənin həyatında şərin xeyrə nisbəti 1/7 olmalıdır. Yəni 1 pisliyi yalnız 7 cür xoşbəxtliklə tarazlaşdırmaq olar. Ona görə çətindir də. Mən xoşbəxt ola bilməməkdə əcdadlarımı, valideynlərimi günahkar bilirəm. Onlar bizə resept ötürmədi. Özləri də görmədi, bizə də öyrədə bilmədilər. Bizim mirasımız əskikdir. Cehizsiz gəlinlər kimi. Mən yalnız indi Markesin “Yüz il tənhalıqda” əsərinin mənasını anlamağa başlayıram. Orda da bu mövzudur. Əsil-nəsil boş söhbətlər deyil. Hətta tənhalıq da irsi xəstəlik kimi ötürülür, xoşbəxt ola bilməmək də. Kasıbçılıq isə lap karonavirus kimi yoluxucudur.

- Xeyirlə şərin içimizdəki nisbətindən danışdın. Amma yazılarının birində elm adamlarının dindarlığından yazmışdın. Və orda deyilirdi ki, Allah hər şeyi mükəmməl yaratdığı üçün alimlər, sadəcə, Allahın yaratdıqlarını öyrənməklə məşğuldur. Ancaq bu qədər mükəmməl yaradılışın içində bu qədər Şər potensialı necə yaranıb? Paulo Koelho yazır ki, "öz qaranlıq tərəfimizi - içimizdə olan şəri, İblisi sərbəst buraxsaq, bütün yaxşı cəhətlərimizi məhv edər”. Bəlkə o cin şüşədən çıxıb artıq?! Ki, bu günləri yaşayırıq…

- Heç kim öz içindəki İblisi ciddi qəbul edib onunla mübarizə etmir. Bu riyakarlıqdır. Çünki o İblis də sənindirsə, özünlə çarpışa bilmirsən. Çarpışırmış kimi davranırsan. Amma çətinə düşən kimi əllərin yanına düşür, heç nəyi kökündən dəyişmirsən. Və atırsan İblisin, şeytanın üstünə. Heç kim bakirə, təmiz deyil. Ən azından fikirlərində. Bunu, sadəcə, etiraf edənlər və etməyənlər var.

- Ramiz Rövşən demiş:

"Hamı günahkardır dünyada amma:

Dünyada heç kimin günahı yoxdur"... Ya da günah var, günahkar “yoxdur”.

- İnsana özü kimi olmaq icazəsi verilsəydi, yalanlar və riyakarlıq azalardı məncə. Özün kimi ola bilmək səadətini isə cəmiyyət olaraq qazanırlar.

“Mentallıq Əjdəha kimi suyun qabağını kəsib oturub...”

- Sosioloq Pitirim Sorokin "Böhranın fəlsəfəsi"ndə yazırdı ki, krizislərdə insanların mənfi cəhətləri daha çox ortaya çıxır. Yəni yaxşı, ya pis olmağın da zaman ölçüsü var kimi. Sanki hansısa zamanda yaxşı olan insan hansısa zamanda pisdir. Bəs özü kimi olmağa bizə kim icazə verəsidir? Yaxud icazə verməyən kimdir?

- Mentallıq qurban tələb edən əjdaha kimi suyun qabağını kəsib oturub.

- Amma indi Əjdaha çayın qabağını kəsdiyini boynuna almır, deyir: "Çayın qarşısını mən kəsmirəm, sadəcə, çay özü gəlib mənə dirənib".

- Dünyanı pisə və yaxşıya bölmək artıq dəb deyil. Binar sistemdən uzaqlaşmaq lazımdır. Lütfi Zadə bütün dünyaya anlatdı ki, 1 və 0 arasında hələ milyon variant var. Yaxşı və pis arasında da eləcə. Elmi yeniliklər cəmiyyətə gec də olsa gəlib çıxacaq.

- Doğrudur. Aristotel məntiqi Aristotellə qaldı.

- Günlərin birində biz: "Bu, yaxşı adamdır, bu isə pisdir" deməyimizi tərgidəcəyik nəhayət.

- Məncə, bizim dirçəlişimiz elə ordan başlayacaq.

- Sizi bilmirəm, mən özümdəki bütün pisliklərlə barışmışam. Bundan sonra reforma eləyən də deyiləm. Yəni evdəki güzgüləri yığışdırsa hər kəs özünə dünya gözəli deyə bilər. Yanında "Bu belə deyil" deyəni yoxdusa.

- İndi eləsən də o qədər "reforma"ların içində bunu kim görəcək?!

- Artıq kiminsə görəcəyi də, türklər demiş, umurumda deyil.

“Anladıq ki, ...İnsan Təbiətin şahı deyilmiş”

- Yaxşı, niyə bəstəkar olmaq istəmədin. Axı müəllimlərin deyirmiş ki, səndə bəstələr musiqi nəzəriyyəçisi üçün yaxşı alınır... Reformaya başlasan, burdan başlayasan bəlkə. Hələ qabaqda ən azı 50 yaşanmamış il var.

- Növbəti 50 ilə planların fərqlidir. Bəstəkarın öz musiqisini eşitməyə imkanı olmayan bir məmləkətdə bəstəkar olmaq nəyə lazım?! Bir zaman mənim çap edilmək imkanım olmasaydı, indi yaza da bilməyəcəkdim. Yazdım, dərc edildi deyə davam elədim. Mən toylarda çalınacaq musiqi yazmaq istəməzdim. Mənimçün hazırda irəlidə bir tədqiqat dövrü gəlir. Təcrübəmi bölüşmək istərdim. Bu fikir çox ləzzətli gəlir mənə. Amma uşaqlarla deyil, tələbələrlə. Mübahisə edərdik, dirəşərdik bir az. Amma əvvəl elədiklərimi yekunlaşdırmalıyam. Məsələn, sosial şəbəkədə hamı məndən dahi insanların həyatından bəhs edən portretlər seriyasını soraqlaşır. Onları toplamaq lazımdı. Qoy oxusunlar. 80-ə yaxın hazır portretim var. Kitab halına salınsa yaxşı olardı. Vərəq ayrı şeydi də.

- Hə. Sənin portret yazıların çox maraqla oxunurdu. O qədər maraqlı idi ki, az qala mən də dahi olmaq iddiasına düşəcəkdim. Ancaq sonra portretlər dayandı. Bilirsən, dahiləri tanıtmağın özü bir dühadır məncə. Olduğu kimi tanıtmaq. Bəzən “sevdirmək” ifadəsi işlədilir. Əvvəl tanıtmaq lazımdır. Tanıyan sevər, ya sevməz - özü qərar verər.

- Bir də bu portretlərə qiymət verə biləcək redaksiya, kollektiv lazımdır. İndi kimə başa salmaq olar ki, artıq ölüb getmiş adam öz həyatı ilə, təcrübəsi ilə daha böyük xeyir gətirə bilər, daha faydalı olar. İnformasiya okeanında qayıqla üzmək kimidir. Bu yazılara qonorar verən tapılacaqmı? Bu, "Bizim Yol"un uğurlarından biri idi.

- İndi hamı deyir ki, dünya karonavirusdan sonra başqa cür olacaq. Səncə, necə olacaq? Mənəvi dünya heç olmasa. Sən nəyin dəyişməyini istərdin? Nəyin dəyişməsini gözləyirsən?

- Bu qısa müddətdə biz hamımız anladıq ki, əlində yaşamaq üçün insana çox şey lazım deyilmiş. Bizim ailədə xeyli qənaət elədik. Çünki ən lazımlı şeylərə xərclədik pulumuzu. Bunu anlayanda çətin olur. Yəni süni, sənə sırınmış bir yaşamın varmış demək. Hamı evdə olanda münasibətlərdə kimdə çat vardısa, yəqin ki, qırılmalı olacaq, kimdəsə əksinə, hicran onları mehribanlaşdıracaq. Hamı onu da anladı ki, Yer kürəsini pis günə qoymuşuq və heyvanlara biz olmasaq daha yaxşıdır. Bitkilərə də, okeana da, torpağa da... İnsan təbiətin şahı deyilmiş.

- Əslində bu, heyvanların planetiydi; biz gəlib onların əlindən aldıq. Eləcə də bitkilərin.

- Karantində özümçün bir az yaşamaq şansım oldu. Oxunmalı kitablarım vardı, filmlər seçmişdim baxdım. Yarımçıq işlərimi tamamladım. İntrovert adamam, mənə evdə çox rahatdır. Əgər maaşımı verəcəklərsə lap bir il qala bilərdim belə. Yəqin evdən pul qazanmağı öyrənməyin zamanıdır. Bildiklərini sata bilməyi də bacarsaydım pis olmazdı. …Mənəvi dünya isə öz-özüylə tək qalanda dağılacaqsa, qoy elə bəribaşdan dağılsın. Amma bununla belə canlı ünsiyyətə ehtiyac möhkəm artıb. Virtual dostluq da heç ləzzət eləmir. Bu günlərdə FB dostlarımın təbriklərinə cavab verəndə hətta bir qədər yoruldum da. Mənasız gəlir artıq.

- Virtual olan şeyin gerçək payı azdır

- Amma həmvətənlərimin bir qədər İKT sahəsində savadlı və virtual cəhətdən bacarıqlı olmasını çox arzulayıram. Şəraitə çox pis uyğunlaşırlar. Həqiqəti feykdən ayırmağı heç bacarmırlar.

- Bəzən də heç ayırmaq istəmirlər. Daha doğrusu, ayırmağın faydasını anlamayanlar var.

- Nağıllar sevənlər ayrıdır, nağıl qoşanlar ayrı. Canlı folkloruq da…

- Deyirsən ki, bu qədər acı gerçəklərin içində biz bir nağıl aləmi düzəldib orda yaşayırıq?

- (Gülür) Həmişə belə olub. Bu təzə xəbər deyil ki. Bəzi millətlər nağılpərəst olur yaman.

- Ancaq bu günkü nağılların sonunda göydən alma düşmür, daş da yağır.

- Bizdə hə, yağır. Əsas odur ki, 40-cı qapıdan gözəl qız çıxır.

“Yüksək sivilizasiyalar özünü bizdən qorumağa çalışır”

- Bəs yadplanetlilər səncə, var? Yəni başqa planetlərdə sivilizasiyalar.

- Yad planetlilər bir yana qalsın, bizimlə yanaşı yaşayan sivilizasiyalar da var. Biz isə gözümüzü qapayıb: "Heç nə görmürəmsə, yoxdur demək" fikrilə yaşayırıq. Dünya tarixi boyu onlar bizə açıq-aydın xəbərlər, mesajlar göndərirlər. Biz özümüzü bixəbərliyə qoymuşuq. Dünya dinləri özü elə insana göndərilmiş mesajlardır.

- Yazmışdın ki, bəşəriyyətin xilası üçün yadplanetlilərin texniki dəstəyinə ehtiyacımız var. Onları köməyə çağırmağın vaxtıdırmı? Kim çağıracaq? Necə çağırsın?

- Biz, yəni Yer kürəsinin hazırki sakinləri - insanlar çox aşağı səviyyəyə məxsus canlılardır. Yüksək sivilizasiyalar özünü bizdən qorumağa çalışır. Və çalışırlar ki, biz öz-özümüzü məhv etməyək.

- Deməli, bunu bacarmırlar. Çünki biz özümüzü çox uğurla məhv edirik.

- Yad planetlilər daim əlaqədədir bizimlə. Bəzi mənbələr deyir ki, onlardan bəzi növləri hətta dünya idarəçiliyi məsələsinə qoşulub. Yəni insanların arasında yaşayıb bizi idarə edirlər.

- Konspirioloji nəzəriyyədir, yoxsa faktlar var?

- Gəl fikirləşək. Necə oldu ki, milyon illər öz yoluyla aramla inkişaf edən homo sapiens son 100 ildə sıçrayış elədi? Axı elektrik lampası keçən əsrin əvvəli kəşf edilib. Mən düşünürəm ki, onlar yeni texnologiyaları artıq insanlara veriblər. Kanadanın keçmiş nazirinin nitqini oxumuşdum. Bu barədə yazmışam da. Faktlar da doludur.

- O cümlədən, 5G-ni də onlar verib?

- Bəli. İnsan bu sürətlə özü inkişaf edə bilməzdi. Bu bərədə keçən əsrdə Rerix (rus rəssamı və filosofudur, adına Fond var) 3 dünya miqyaslı dövlət rəhbərinə müraciət ünvanladı. Bu sənədin adı “Bəşəriyyətə sonuncu müraciət” idi.

- Bəs bu qədər sürətlə gəlişən insan Dünyanı 150 dəfə məhv edə biləcək silah-sursat arsenalını niyə toplayır? Hansı ağılla?

- Bizə artıq zaman-filan verməyəcək qonşu sivilizasiyalar. Biz ya atlantlar, limurlar kimi izsiz məhv olacağıq, ya da insan olub yaşayacağıq. Birinci versiya daha inandırıcıdır. Bəzən dünya siyasətində baş verənlər birbaşa yad sivilizasiyalarla əlaqədar olur. Məsələn, “Ərəb baharı” ona görə baş verdi ki, Misir hökuməti Sfinksin altında tapılmış otağa girməyə icazə vermirdi. Aləmi qatdılar bir-birinə, hakimiyyət dəyişdi. Otağı ələ keçirdilər və dərhal susdular.

- Bunun bənzəri versiya da var; Əmir Teymurun qəbri açıldı, İkinci Dünya Müharibəsi başladı deyə. Bunlara insanlar çətinliklə inanır. Ya da heç inanıb-inanmamaq lazım olduğunu da bilmir. O haqda düşünmür…

- Bu barədə heç kim daha yazmaz. Yazsa da, məhv edərlər. Amma orda bizdən əvvəlki sivilizasiyanın qoyub getdiyi silah növü vardı. Heç kim düşünməsin ki, hələ zamanı var və dünya indi deyil, o öləndən sonra alt-üst olacaq. Bu sadəlövhlük olardı.

“Heç kim düşünməsin ki, hələ zamanı var...”

- Bəs bu qalan zamanda insan necə yaşayacaq?

- Gəl, təsəvvür edək, sabah İnternet olmasa necə olar? Həyatımız necə kökündən dəyişə bilər? Kimin ki, mağarası, vurmağa mamontu, od qalamağa ağıllı adamı varsa, onlar ardını yaşayacaq və bir zaman telefonla danışan, internetdə videolara baxan insanlar barədə nağıllar danışacaq. Yəni biz salamat qalacağıq. Amma ötürəcək informasiya bizdə olmayacaq.

- Bəlkə elə dəyişsə yaxşıdır deyə düşünənlər də var. ABŞ-da, Kanadada internetin əleyhinə hərəkatlar var. Düzdür, marginal qruplardır hələ.

- Düzün desəm, mən bəzən “dünyada insan sayını nəzarətə almaq lazımdı, insanlar Yer kürəsini məhv edir” və s. bu cür düşünənlərlə razıyam. Amma kütləvi qırğınla barışmaq olmur. Həqiqətən də yeyib, nəsil verməkdən başqa işi olmayan insan nəyə lazımdı ki?! O biri tərəfdən, prosesi tənzimləyən ali qüvvələr var. Yaradan özü bilər. İnsan bu işə bulaşmamalıdır.

- Bəli. Amma Yaradan elə bir ucdan yaradır axı. Hindistanda hər il 15 milyon adam dünyaya gəlir…

- Bəli, onu da yaradır, karonanı da yaradır, xəstəlikləri də, fəlakətləri də. Demək, nə olursa, yaxşılığa doğru olur.

- Nə olursa, yaxşılığa doğru olur ümidi ilə söhbəti burda bitirək.

Söhbətləşdi: Bahəddin Həzi

Paylaş »
››› Nazirlik 190 manata qarpız alaraq parçalayan şəxsin əməllərinə münasibət bildirib
››› Koronavirusun dərmanı açıqlanan kimi dünya birjalarında canlanma başladı
››› İcra başçısının işdən çıxarılmasına səbəb... - Video
››› Rusiyalı baş infeksionist: "Azərbaycan bizim səhvimizi təkrarladı"
››› Elman Rüstəmovla bağlı qalmaqal böyüyür
Son xəbərlər
Bütün xəbərlər »