Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hər bir vətəndaşın Prezidenti – siyasətin virtuozu

İdman ictimaiyyəti dövlət başçısının antikorrupsiya hərəkatını dəstəkləyir

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev 2018-ci ilin aprelində növbədənkənar seçkilərdə xalqımızın yüksək etimadı və dəstəyi ilə bu ali dövlət vəzifəsinə dördüncü dəfə seçildikdən sonra ölkə həyatının bütün sahələrində islahatların daha da dərinləşdirilməsini və genişləndirilməsini prioritet elan etdi. Onsuz da daim islahatlar aparılırdı. Ancaq yeni fazada artıq islahatların həm miqyası genişləndi, həm də məzmunu zənginləşdi. Bu prioritetin əsas cəhətlərini sıralasaq, əlbəttə ki, ilk növbədə əhalinin sosial rifahının daha etibarlı şəkildə təmin olunması öndə gəlir.

Prezident İlham Əliyev həmişə bəyan edib ki, Azərbaycan sosial dövlətdir və ölkənin imkanları əhalinin daha da yaxşı yaşamasına, sosial baxımdan təmin olunmasına yönəlməlidir. Bu, əslində İlham Əliyevin hələ ilk dəfə bu posta seçilərkən verdiyi sözə - “Mən hər bir vətəndaşın Prezidenti olacağam” vədinə əməl etməsindən irəli gəlir. Bu, 16 il 8 ay ərzində Prezident təkcə öz çıxışları ilə deyil, ən əsası həyata keçirdiyi siyasəti, əməlləri, konkret və səmərəli addımları ilə öz sözünün arxasında olduğunu göstərdi.

Azərbaycanda ta qədimdən bu günə qədər “kişi sözü” deyilən bir anlayış var; bizdə kişi xrakteri həmişə verdiyi sözə sadiqliyi ilə müəyyən olunub. Bu, bizim xalqımızın ən yaxşı məziyyətlərindən biridir. Azərbaycan xalqının içindən çıxmış, bu xalqın övladı, ziyalısı olan İlham Əliyev də milli-mənəvi varlığımızdan əxz etdiyi bu yüksək dəyərləri siyasətə daşıyaraq Prezident vəzifəsində dövlətin ən ali müstəvisinə müncər etmişdir. Bunun nəticəsidir ki, Prezident İlham Əliyev hər zaman ən çətin situasiyalarda öz təmkinini, iradəsini nümayiş etdirərək ölkəmizi və xalqımızı qorumuş, onun rifahını və inkişafını təmin etmişdir.

Mən idmançıyam. Prezidentin siyasətini bir də bu tərəfdən şərh etmək istəyirəm. Dövlətimizin başçısının özü də idmanla məşğul olur və yeri gəldikdə rəqibin – konkret olaraq işğalçı Ermənistana rəhbərlik edənlərin öz gücünü də özünə qarşı istifadə etməyi bacarır, rəqibini ustalıqla pat vəziyyətinə salır. Elə ötən il MDB Dövlət başçılarının Aşqabad sammitində və eləcə də, bu il Münhen Təhlükəsizlik Forumu çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla tarixi debatda işğalçı dövlətin rəhbərini necə çətin, çıxılmaz duruma saldığını bütün dünya gördü. Bu cür hallar dəfələrlə olub ki, düşmən tərəf İlham Əliyevin səlis nitqi, təkzibolunmaz faktları, dəmir məntiqi, fikrinin iradəsi, tutarlı arqumentləri qarşısında aciz qalıb. Biz bu yazıda, sadəcə, onlardan ikisini misal gətirdik. Xüsusilə, Prezdent İlham Əliyevin haqqında danışdığımız MDB Dövlət Başçılarının Aşqabadda keçirilən Zirvə Toplantısında təkzibolunmaz sənədli sübutlara əsaslanmaqla Ermənistanın faşizmi stimullaşdırması, erməni əsilli faşist canisi, Hitler Almaniyasının SS qruplaşmasında qulluq etmiş Njde ləqəbli Qaregin Ter-Arutyunyana İrəvanda heykəl qoyulması, Ermənistanın o zamankı başçısının o abidənin açılışını etməsi, yeni hökumətin də bu abidəyə sayğısının və faşizmə müsbət münasibətin davam etdirilməsi haqda çıxışından sonra MDB məkanında, eləcə də, Ermənistanın özündə hakimiyyətin faşizmə dəstəyi əleyhinə böyük kampaniya başlayıb. Ermənistan müxalifəti və mətbuatı baş nazir Nikol Paşinyanın öz babasının belə faşistlərə xidmət etməsi faktını aşkara çıxararaq hökuməti çıxılmaz vəziyyətə salıb. Bu, Prezident İlham Əliyevin tutarlı tarixi faktlarla zəngin çıxışının yaratdığı nəticələrdən biridir.

İlham Əliyevin bu şəxsi keyfiyyətləri və siyasi virtuoz məharəti onun daxili siyasətində də özünü göstərir. Əgər o, düşmənlə mübarizədə öz gücünü və iradəsini ortaya qoymaqla yanaşı rəqibin də gücündən elə onun özünə qarşı istifadə edirsə, daxildə xalqın Prezidentə dəstəyində ifadə olunan gücünü elə xalqın öz rifahına və ölkənin inkişafına yönəldə bilir. Bu mənada onun elan etdiyi islahatlarən yeni fazasında ən əsas məqamlardan biri, əlbəttə ki, ölkənin bütün həyatında şəffaflığın, dürüst idarəçiliyin təmin edilməsidir. Prezident qarşısına qoyduğu vəzifələrin icrası üçün müasir düşücəli, gənc nəslə mənsub olan və yüksək təhsilli, eləcə də, şəxsi və siyasi bioqrafiyası təmiz kadr potensialını hərəkətə gətirib. Dövlət başçısı öz idarəçilik üslubunda bir yandan yaşlı nəslin təcrübəsi ilə gənc nəslin kreativliyinin vəhdətini formalaşdırır, eyni zamanda ədalət və mərhəmət arasında da bir harmoniya yarada bilib. Prezident dəfələrlə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşıırb, qanunverici və məhkəmə orqanlarının nümayəndələrinə tövsiyə edib ki, öz xidməti vəzifələrinə dövlətimizin qanunlarının tələblərini və xalqımızın yüksək mənəvi-əxlaqi dəyərlərini rəhbər tutmaqla yanaşsınlar.

Son zamanlar vəzifəyə təyin etdiyi hər bir şəxsi ayrıca qəbul edir, söhbət aparır və bunu cəmiyyət də görür ki, Prezident dövlət məmurlarına necə düzgün, dürüst işləməyin, xalqa xidmət etməyin nümunəsini və yolunu göstərir. Bu, təkcə yeni təyin olunanlara deyilmiş sözlər deyil; uzun zaman vəzifələrdə işləyənlərə də aiddir. Onlarla da dəfələrlə Prezident özü şəxsən və eləcə də, onun Administrasiyası bu söhbətləri və işləri aparıb. Ancaq, çox təəssüf ki, bir çoxları bu tələb və tapşırıqları, tövsiyə və qınaqları nəzərə almayıblar. Ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti orqanlarında korrupsiya və rüşvətxorluq, vəzifədən sui-istifadə və mənimsəmə kimi və sair qanunazidd əməllər ortaya çıxır. Son zamanlar Dövlət Təhlükəsizik Xidmətinin məhkəmənin qərarı əsasında Mədəniyyət Nazirliyində, Dövlət Sərhəd Xidmətində, eləcə də, bir sıra rayonların icra hakimiyyətlərində keçirdiyi əməliyyat-axtarış tədbirləri və başlanmış cinayət işləri üzrə ilkin araşdırmalar çox mütəşəkkil və ağır cinayət əməllərinin üstünün açılmasına səbəb olur. Mədəniyyət nazirinin müavini də daxil olmaqla Nazirliyin bir sıra yüksək vəzifəli şəxsləri, Dövlət Sərhəd Xidmətinin bir neçə yerli Sahil Mühafizə İdarələrinin rəisləri, bundan əvvəl isə 4 rayonun – Ağstafa, Neftçala, Biləsuvar və İmişli rayon icra hakimiyyətlərinin başçıları, eləcə də, Yevlax rayon icra hakimiyyətinin keçmiş başçısı, başqa vəzifəli şəxslər şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.

Prezident İlham Əliyev ölkədə genişmiqyaslı və xalq tərəfindən dəstəklənən antikorrupsiya hərəkatı başlatmışdır. Dövlətimizin rəhbəri Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı təyin etdiyi Azər Qocayevi videokonfrans formatında qəbul edərkən bu məsələlərə bir daha toxunub. O deyib: “Xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır. Bu mübarizə bu gün öz nəticələrini verir. Mən bunu bir neçə dəfə demişəm ki, xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq. Bugünkü mənzərə bunu göstərir. Artıq beş icra hakimiyyəti başçısı həbs olunub və bütün o videomateriallar, ondan sonra istintaq materialları göz qabağındadır. Yəni, kasıb insanın çörəyini kəsmək, ona çatacaq vəsaiti mənimsəmək ən böyük cinayət sayıla bilər. Pandemiya dövründə aztəminatlı təbəqəyə nəzərdə tutulmuş yardımı vəhşicəsinə mənimsəmək vicdansızlıq və cinayətdir. Tutulan o beş icra hakimiyyəti başçısının beşi də bu çirkin əməllərlə məşğul olub”.

Prezident rüşvətxorluğa, korrupsiyaya, mənimsəmələrə və başqa bu kimi qanunsuzluqlara qarşı mübarizənin daha qərarlı şəkildə davam edəcəyini vurğulayıb. O, qanunazidd əməllərə yol verən məmurların uzun illər yüksək dövlət vəzifələrində olanlar tərəfindən himayə edilməsinə də toxunub. Bu mənfi meylə, xalqazidd hallara öz iradəsini böyük cəsarətlə və açıq-aşkar formada ortaya qoyub: “Mən, eyni zamanda, demişdim ki, xoşagəlməz hallar təkcə yerli icra orqanlarında deyil, mərkəzi icra orqanlarında da var, siqnallar var, məlumatlar daxil olub. Demişdim, xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin! Hesab edirdilər ki, bunlara aid deyil. İndi isə bunun acı nəticələrini yaşayırlar”.

Göründüyü kimi, Prezident İlham Əliyev korrupsiyaya, rüşvətxorluğa və başqa qanunsuz və əxlaqazidd əməllərə qarşı bütün səviyyələrdə savaş aparır və hamının qanun qarşısında bərabər olduğunu hər kəsə bir daha xatırladır. Qanunsuzluqlara yol verənlər cəzalandırılır. Bu, əlbəttə, çox ağır işdir. Bir yandan ölkə işğalçı Ermənistanla hələ də müharibə vəziyyətindədir; Prezident həm ordunun gücləndirilməsinə davamlı səylər göstərir, həm sülhə nail olmaq imkanlarından sonadək istifadə etmək üçün diplomatik proses aparır (Bu proses təkcə Ermənistanla danışıqlardan ibarət deyil; vasitəçilərlə, bütün dövlətlərlə, beynəlxalq təşkilatlarla, dünya ictimaiyyəti ilə intensiv iş aparılır və nəticələri də var).Başqa tərəfdən, Prezident dünya bazarlarında neftin qiymətinin kəskin düşməsi və COVİD-19 yeni tipli koronavirusun bütün dünyada yayılması və o cümlədən, Azərbaycanda da aşkarlanması ilə iqtisadiyyatdakı dalğalanmalara qarşı tədbirlər müəyyənləşdirir və həyata keçirilməsinə aktiv nəzarət edir. Bütün bunlarla yanaşı və ən əsası haqqında danışdığımız mənfi qlobal tendensiyaların əhalinin sosial durumuna və sağlamlığına təsirinin qarşısını almaq üçün gecə-gündüz işləyir. Belə bir şəraitdə ölkə Prezidenti həm də idarəçilikdə kök salmış cinayətə meylli qrupları və şəxsləri neytrallaşdırmaq, hakimiyyət sistemindən uzaqlaşdırmaq, onları cəmiyyətdən təcrid etmək hərəkatına da birbaşa rəhbərlik edir. Əlbəttə ki, əvvəldə də dediyimiz kimi, bütün bunları Prezident İlham Əliyev xalqın etibarı, etimadı və sevgisi olmadan həyata keçirə bilməzdi. Bütün bu etimad və sevgi isə ona ölkə əhalisinin açıq, davamlı və hərtərəfli dəstəyində ifadə olunur. Mən bir idman ictimaiyyətinin nümayəndəsi olaraq deyə bilərəm ki, Prezident İlham Əliyevin bu siyasəti idmançılar arasında da böyük razılıq və dəstək qazanıb. Mən öz adımdan deyirəm ki, - düşünürəm, idman ictimaiyyətinin də yekdil fikri belədir – mənim kimi bütün idmançılarımız bu çətin, məsul və şərəfli vəzifələrin, çağırışların öhdəsindən gəlməsi üçün Prezidentimizə öz dəstəyini ifadə edirik. İnanırıq ki, Cənab İlham Əliyev bir dövlət başçısı kimi xalqın rifahı, dövlətimizin möhkəmləndirilməsi və ölkəmizin inkişafı üçün apardığı bütün işlərdə həmişə olduğu kimi yenə də daim müvəffəq olacaqdır. Tanrı xalqımızı, dövlətimizi, Prezidentimizi qorusun!

Vüqar Namazov,

Əməkdar İdman Ustası,

7 qat Ddünya və 4 qat Avropa çempionu, Dünya rekordçusu

Paylaş »
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
Son xəbərlər
Bütün xəbərlər »