Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşini yarıtmayan məmura rüşvət yox, ictimai qınaq lazımdır

Son günlər Bizimyol.info redaksiyasına gələn müraciətlərin, zənglərin ardı -arası kəsilmir. Zəng edənlərin hamısı imkansız ailələrin sahibi olduqlarını qeyd edirlər. Şikayətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəndir. Dövlətin pandemiya dövründə insanlara dəstək olmaq üçün ayırdığı 190 manat, eləcə də ərzaq səbəti və digər müavinətlərdən yararlana bilməyənlər və səsini heç yerdə eşitdirə bilməyən insanlar üz tuturlar mediaya. Səslərini bu yolla eşitdirməyə çalışırlar.

Təsəvvür edin ki, 3 müxtəlif xanım, hansılar ki, hər üçü ailə başçısını itirib və övladları ilə çətin vəziyyətdə qalıblar, hər gün ən azı 2-3 dəfə zəng edərək “Bizə yardım edin, nə oldu, nə xəbər çıxdı, çox çarəsizəm” deyirlər. Bu kədər dolu səslərə biganə qalmaq asan deyil.

Bizimyol.info olaraq əlbəttə onların müraciətini nazirliyin diqqətinə çatdırmışıq və bizə verilən məlumata görə, şikayətçilərin adları qeydə alınıb və onlara diqqət yetiriləcək. Amma nə zaman? Məlum məsələdir ki, bürokratik işlərin həlli zaman tələb edir, bu aylarla da sürə bilər. Bu müddətdə ac uşağa bir ay gözlə demək ən az ağılsızlıq olardı.

Məni narahat edən başqa məsələdir. Bizə şikayət etməyi ağıl edən insanlar niyə öz haqlarını gedib ərazisində yaşadıqları İcra Hakimiyyətindən, yerli məşğulluq idarələrindən, nazirliyin yerli təşkilatlarından tələb etmirlər? Biz insaflı, mərhəmətli xalq olaraq dərhal çətin vəziyyətdə olanlara əl tuturuq. Elə şikayət edən insanlara da Bizimyol.info olaraq xeyli dəstəyimiz toxunub. Amma “yardım gəlsin” prinsipi ilə yaşamaq insanı ələ baxımlı öyrətmək demək deyilmi? Medianın rolu maddi yardım göstərmək deyil, problemi işıqlandırmaq, əlaqədar qurumları problemin varlığından xəbərdar etməkdir.

Bu insanların problemi ilə məşğul olmaq birbaşa ƏƏSMN-in səlahiyyətindədir. Ölkədə o qədər sosial problemi olan insan var, karantin dövründə onların sayı birə beş artdı. Amma bu insanlar da XXI əsrdə yaşayan müasir vətəndaşlar olaraq, ağlamağı bir kənara buraxıb öz haqqını , hüququqnu sivil yolla tələb etməyi öyrənməlidirlər. İndi əlində telefonu olmayan, internetdən istifadə etməyən çox az insan var. Mən demirəm telefonu varsa niyə balası ac qalır.Yox əsla. Normal həyat yaşamaq hər bir vətəndaşın haqqıdır, bu çətin vəziyyətdə də insanlara dəstək olmağı dövlət öz öhdəliyinə götürdü. Yuxarıdan ayrılan vəsait, hər kəsin payına düşən gəlib özünə çatmırsa demək ki, yolda yeyilir, itir- batır.

Vətəndaşlar səslərini müxtəlif formalarda əlaqədar quruma eşitdirməyi bacarmalıdırlar. Kiçik piket, etiraz aksiyası, daha yuxarı bir instansiyaya şikayət məktubu, sosial şəbəkələr vasitəsilə səsini duyurma, canlı yayımlar edib, işini yarırtmayan məmuru ifşa etmək mümkündür. Cəmiyyət bu kimi faktlara etinasız qalmır. İctimai qınaq güclü olarsa, məmur da işinin başında məsuliyyətlə dayanmağı öyrənəcək.

O ki qaldı sosial yardımların ayrılmasına . Xatırladaq ki, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin mayın 12-də keçirilən iclasında “Ünvanlı Dövlət Sosial Yardımı” Haqqında Qanuna ediləcək dəyişikliklər müzakirə olunub. Təklif edilən dəyişikliklərə əsasən, ünvanlı sosial yardım almaq hüququ olan ailələrin kateqoriyası genişlənir. Belə ki, yeni dəyişkliklərə görə, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması meyarları da nəzərə alınacaq.

Adıçəkilən sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə bu barədə məlumat 7 iş gün ərzində dövlət qurumuna bildirilməli idisə təklif olunan dəyişikliklər təsdiq olunduqdan sonra bu müddət 15 iş gününədək uzadılacaq. Dəyişikliklərə əsasən, elektron məlumatlarda dəyişiklik baş verdiyi halda ünvanlı sosial yardım alan vətəndaşın bu barədə icra qurumunu məlumatlandırmasına artıq ehtiyac yoxdur. Sözügedən sosial yardımın verilməsi müddəti 2 ildən 1 ilə endirilir və bununla da həmin ailələrin aktiv məşğulluğa cəlb edilməsi hədəflənir. Sosial yardıma müraciət qaydalarında da dəyişiklik nəzərdə tutulur. Belə ki, mövcud qaydalara görə, kredit öhdəliyi olan vətəndaşın ünvanlı sosial yardıma müraciət hüququ məhdudlaşdırılır. Amma yeni qaydalar təsdiq olunduqdan sonra krediti olanlar da ünvanlı sosial yardıma müraciət edə biləcəklər. Eyni zamanda aliment gəlir və ya xərc kimi nəzərə alınmayacaq və bu da aztəminatlı ailələrin yardıma müraciət imkanlarını artıracaq.

İlhamə Rəsulova

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »