Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusdan sağlamlığını itirənlərə pensiya düşürmü? - TƏBİB cavab verir

Koronavirus pandemiyası tarix səhifəsinə öz adını yazmağı bacardı. Dünya iqtisadiyyatına və insan sağlamlığına sağalmaz yaralar vurmuş bu bəlanın nə qədər davam edəcəyi, sonralar hansı fəsadlara səbəb olacağı naməlumdur. Bu günlərdə alimlər həyəcan təbili çaldılar. Sinir sisteminə təsir edən koronavirus ana bətnindəki körpələrin gələcəkdə şizofreniya xəstəliyindən əziyyət çəkməsinə səbəb ola bilər. Koronavirus nəticəsində qan laxtalanmasına görə əli və ayaqğı amputasiya olunan xəstələr barədə də eşitdik.

Doktor Vasif İsmayıl Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, bu virus ağciyəri daxildən zədələyir və ağciyərdə çapıqlar yaradır.

Vasif İsmayıl Vasif İsmayıl

“Sağalan xəstələrdə ağciyərin funksionallığı 100 faizdən 40 faizə düşür. Sağalan xəstələr qeyd edirlər ki, bu çox dəhşətli dərəcədə ağır keçib və onlar buna bənzər halla rastlaşmayıblar. SARS virusundan sonra yəqin ki, ağciyər transplantasiyası mövzusu geniş danışılacaq. Ehtiyac olacaq, amma ağciyər donorları olmayacaq",- deyə həkim vurğulayıb.

Amerikalı doktor, professor Şeffnerin izah etdiyi kimi, prinsipcə orqanizmə daxil olduqda, virus bütün əsas orqanlara: qaraciyər, ürək, böyrəkləri, həmçinin sümük iliyi və qan damarlarına yoluxur və nəzəri cəhətdən onlara zərər verir.

Bundan əlavə, immunitet sistemi infeksiyaya qarşı mübarizə aparmaq üçün tam gücü ilə işə başlasa, güclü iltihablı bir reaksiya səbəbiylə orqanlar dura bilər. Bu da öz növbəsində həmin orqanın itirilməsi, insan sağlamlığına vurulan sağalmaz zərbə deməkdir.

Atipik pnevmoniyaya səbəb olan SARS virusunu araşdıran alimlər bəzi hallarda infeksiyanın beyinə girə biləcəyi qənaətinə gəliblər. SARS və COVID-19 arasındakı böyük oxşarlıqları nəzərə alaraq, "Journal of Medical Virology" dərgisində çıxan məqalənin müəllifləri COVID-19-da sinir hüceyrələrinin zədələnmə riskini istisna etmək mümkün olmadığını düşünürlər.

Azərbaycanda bu günə qədər 2 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 680 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 877 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 31 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

Dünyanın bir çox ölkələrinə nisbətən biz bu bəlanı yüngül formada keçirə bildik. Amma mütəxəssislər ikinci, üçüncü dalğanın ola biləcəyini, xəstəliyin sonrakı fəsadlarının üzə çıxa biləcəyini də istisna etmirlər.

Bəs orqanizmə bu dərəcədə zərər verən, xüsusilə ağciyərləri zədələyib insanı “yarımcan” qoyan bu xəstəliyə görə əlillik müəyyən edilirmi, pensiya verilə bilərmi? Bəlkə də bu ağır vəziyyətdə bunları düşünmək tezdir. Lakin zaman gələcək ki, düşünməli olacağıq. Bizimyol.info olaraq bu sualı TƏBİB-ə ünvanladıq. TƏBİB-n mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva qeyd etdi ki, hələlik bu barədə heç bir fikir səsləndirilməyib və məsələ gündəmdə deyil.

II Dünya Müharibəsindən sonra bu döyüşlərdə iştirak etmiş veteranlara ömürlərinin sonuna qədər müavinət verildi. Dünya koronavirusla da savaşa çıxdı. Topu, tüfəngi olmasa da koronavirus III dünya müharibəsi oldu. Gizli güclərin bütün dünya ölkələrinə, bəşəriyyətinə meydan oxumasına şahidlik etdik. Hər bir halda səbəbkarlar gec və ya tez üzə çıxacaq.Dünya iqtisadiyyatına diz çökdürmüş o qaranlıq güc, səbəbkar yəqin ki, ağır təzminat ödəməyə məcbur ediləcək. O zaman bu savaşın iştirakçılarına, pandemiyadan canı bahasına keçənlərin, qurbanların ailələrinin də ömürlük sosial yardım məsələsi danışılmalıdır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »