Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şaxta Babanın donduğu şəhərdə yaşayan soydaşımız: Burda maralları uçurtmurlar, yeyirlər

Norilsk Krasnoyarsk vilayətinin inzibatəi nəzarəti altındadır. Taymır yarımadasında Şimal qütb dairəsindən 300 kilometr şimalda, Şimal qütbündən isə 2400 km məsafədə yerləşir.Rusiyanın ən şimal şəhəri olan Norislkdə təxminən 190 min əhali yaşayır. Şəhərdə yaşayan insanlar əsasən əlvan metallurgiya, dağ mədən metallurgiyası ilə məşğul olurlar.Bizimyol.info-nun “Qürbətdə yaşayan azərbaycanlılarla söhbət” rubrikarsının bu günkü qonağı “Norilsk nikeli” dağ mədən kombinatının baş geoloqu Telman Nağıyevdir.

- Telman bəy, öncə istəyərdim ki, oxucularımıza özünüzü tanıdasınız.

- Mən Norilskdə doğulub böyümüşəm, əslən azərbaycanlıyam. Atam İsmayıllı rayonundan bu şəhərə işləməyə gəlib, burda ailə qurub qalıb. Metallurq idi. Anam rus idi. Təhsilimi orta məktəbdə də, institutda da rus dilində aldığım üçün Azərbaycan dilində danışmaq çətin gəlir. Amma yanımda danışılanda anlayıram.Azərbaycana çox az getmişəm. Lap balaca vaxtı. Gözəl mənzərəli dağ kəndi idi. Qoca nənəmlə, babamı xatırlayıram. Təəssüf ki, onlar vəfat edəndən sonra biz Azərbaycanla sıx əlaqə saxlaya bilmədik. Amma hər zaman azərbaycanlı olmağımla fəxr edirəm. Burda azərbaycanlı ailələr çoxdur. Yerli əhalidən də çox azərbaycanlılar var desəm yanılmaram. Şəhər əhalisinin əsas hissəsini ruslar, azərbaycanlılar, sonra da yerlilər təşkil edir.

- Yerli xalqlar kimdir bəs?

- Buranın yerli sakinləri nensilər, enslər, nqanasanlar, dolqanlar, nanaylardırlar.Əsasən maral bəsləməklə məşğul olurlar. Maralın çox ləzzətli əti olur. Bizim üçün delikates sayıla bilər. Məncə maral əti bir az ətir qoxusu verir.Şaxta babanın belə donduğu bu şəhərdə marallar göydə uçmur, onların ətindən , dərisindən, südündən, buynuzundan istifadə olunur.

- Geoloq olmağı özünüz seçdiniz?

- Burda Norislkdə çox da sənət seçmək imkanın olmur. Ya dağ mədən geoloqu, mühəndisi olursan. Ya da metallurq.Ən yaxşı halda müəllim, həkim, inzibati işlər. Qarlar, buzlar və sənaye şəhərinin sakiniyəm.

- Norilski başqa şəhərlərdən fərqləndirən nələr var?

- Məsələn işıqlı gecələri. Yayda, bu zolaqda günəş az vaxt ərzində üfüq arxasında olduğu üçün gecəyarısı da axşam şəfəqi kimi işıq olur. Bəyaz gecələr maydan iyula qədər davam edir. Burda şimal qütb parıltılarını, görmək, gündüz olduğu kimi gecələr də gəzmək mümkündür Buralarda qış sentyabrdan may, iyun ayına qədər davam edir. İyul ayında qar yağması da adi haldır. Qışda qar örtüyüyn altında qalan avtomobilləri bir də yazda qazıb çxarmaq mümkün olur. Bu şəhərdə binalar yerdən ən az bir metr yüksəkdə tikilir ki, giriş qapıları qarla örtülməsin. Əks halda qapını açıb bir başa insan boyunu örtən qarın içində qala bilərsən.Binaların üstünə nömrəsi 3 metrlik rəqəmlərlə yazılır ki, boranlı havalarda da onları rahatlıqla görmək mümkün olsun.

Şəhəri 1935-ci ildə dustaqlar tikiblər.1953-cü ildən şəhər statusu alıb. Buranın torpaqlarında faydalı qazıntılar tapıldıqdan sonra, şəhər salınmağa başlayıb. Atam deyirdi ki, burda işləyən dustaqların çoxunu qohumları ölmüş bildiyi üçün itirib axtarmırdılar. Onların qohumlarına ölüm hökmü verildiyi və edam edildikləri bildirilirdi, burda bu soyuq şərtlər altında tikintiylə məşğul olmaq elə ölümə bərabər iş imiş. Norilskin içərisində bir də köhnə şəhər var.Həmin dustaqların donaraq öldükləri, zülümlərlə tikilmiş o şəhər hələ qalmaqdadır. Sonralar tikintidə Sankt-Peterbur binalarının layihələrindən istifadə edildiyi üçün bənzərlik həddən artıq çoxdur.

Telman Nağıyev

- Hazırda dünyanı bürümüş xəstəlik oralara da gedibmi?

-Bəli var. Əslində Norilsk materikdən uzaqdır, olmamalıydı amma bura da gəlib çıxmağı bacardı. Bizlər şəhərimizdən kənar hər yerə materik deyirik. Karantin tədbirləri məktəblərdə görüldü. Bizim uşaqlar belə vəziyyətə alışqandırlar. Norilskdə aktirovka deyilən bir anlayış var. Hava şəraiti pisdirsə uşaqlar həftələrlə dərsdən qala bilərlər və bu onlara ilin sonunda sinifdən sinifə keçməyə mane olmur.

- Materikdən uzaq düşmüsünüzsə necə əlaqə saxlayırsınız?

- Qşda Norislkə yalnız təyyarə ilə gəlmək mümkündür. Təyyarəyə minmək hələ onun uçacağı anlamına gəlməz. Saatlarla gözləmək lazım gəlir. Hava şəraitinə görə uçuşların vaxtı bəlli olmur. Buna görə bəzən günlərlə bilet üçün növbəyə yazılırsan. Bir dəfə təyyarənin qanadlarından itələyə-itələyə onun işə düşməsinə kömək etdik.Donmuşdu. Donub donub da. Norilsk sakinləri üçün bu adi haldır.

- Orda qar xizək kompleksi inkişaf edib?

- Dağlar var , lakin yaxında deyillər. Yalnız Talnax tərəflərdə dağ xizək komleksi var.

- Deyirlər Norilsk küləkli şəhərdir. Bakıya da küləklər şəhəri deyilir.

- Norilsk dünyanın ən küləkli şəhərlərindəndir. Burda külək təyyarələri belə yerindən tərpədib sürükləyir.Bakıda bu qədər olacağını düşünmürəm.

- Bəs dünyadan uzaq düşmüş bu şəhərin ekologiyası necədir?

-  Şəhər sənaye şəhəri olduğuna görə havası çirklidir. Şəhərdən kənarda isə ekoloji təmiz təbiət var. Göllərdə çimmək olar, amma dərinə getmək olmaz. Çünki suyun alt qatı yayda da buzlu olur. Şimal qərb küləyi əsəndə şəhərdən kükür, cənub şəqr küləyi əsəndə isə xlor iyi gəlir. Şəhərdə demək olar ki ağac bitmir.

-Həyat necə bahalıdırmı?

-Mənzil baha deyil. Norilskdə 3 otaqlı mənzili satıb Yekaterinburq, Sankt- Peterburqda bir otaqlı mənzil almaq çətin olur.Ərzaq çox bahadır. Xüsusən meyvə və tərəvəz qışda burda qızıl qiymətinədir desəm yeri var.Əmək haqqı Rusiyanın digər regionlarına nisbətən yüksəkdir. Şəhər dünyadan ayrılmış formadadır. Təyyarə biletləri də ucuz sayılmaz.Norilskə uçub geriyə dönmək Türkiyədə beş ulduzlu oteldə bir həftə qalmağa bərabər sayılmağa bərabərdir.Bu şəhər bəzilərinə boz , darıxdırıcı görünə bilər. Elə burda yaşayıb böyüyən insanlara da. Norislk sakinləri köçüb gedirlər, Dünyanın hər yerində bizlər varıq. Amma buranı sevməmək mümkün deyil.Burda insanlar hava kimi soyuq deyillər, istiqanlı və mehribandırlar. Hava pis olanda bütün mağazalar qapılarını yoldan keçənlər üçün açırlar ki girib qoruna bilsinlər.Bu şəhərdə bir dənə də olsun bomj yoxdur. Olması mümkün deyil sadəcə. Norilskdə keçmiş sovet dönəminin ab havası qalmaqdadır.

-Daima qar buz olan bir şəhərdə işə necə gedib- gəlirsiniz?

- İşə xüsusi avtobus kalonnaları ilə gedib gəlirik. Şəhər demək olar ki yatmır. 3 növbəli sistemlə işləyir.Ona görə sübh çağı işə gedən də var, işdən gələn də. Qapıların ağzından qarı təmizləmir, küçələrə duz tökmürlər. Mənası yoxdur.Yollara şlak adlandırılan maddə tökülür ( bu xırda doğranmış asfalt, daş kimi bir materialdır. Sürüşmənin qarşısnı alır.Həm sağlamlıq üçün avtomobil təkərləri və insan ayaqqabları üçün də ziyanlı deyil.

-Boş vaxtlarınızda, yayda nə ilə məşğul olursunuz?

-Balıq tutmağı sevirəm.Köpəklərimlə balığa, göbələk yığmağa gedirəm. İki növ göbələk var, zəhərlisi yoxdur. Çiy halda da yemək olar.Burda azərbaycanlılar daha çox maral əti yeməyə üstünlük verirlər. Maral ətindən kolbasa, Yukola adlandırılan delikatesi çox ucuz qiymətə əldə edə bilərsiz.Burda zəhərli göbələk növləri də yoxdur.

- İlin çox vaxtı qış sayılır. Gəzmək , dolanmaq yəqin ki çətin olar?

- Öyrəşmişik. Biz şəhərimizə Nora deyirik.Mənfi 40 dərəcədə noralılar gəzməyə çıxırlar. Azərbaycanda yayda isti çayı sevirlər, Noralılar isə qışda dondurma yeməyi. Küçədə mənfi 35 dərəcə temperatur var, amma məktəblilər əllərində dondurma yalayaraq evlərinə gedirlər.

- İş axtaran azərbaycanlılar sizcə ora iş üçün getsələr iş tapa bilərlər?

- Soyuğa davam gətirə bilsələr zavodda metalluqr kimi işçilərə həmişə ehtiyac var. Sadəcə dözümlü və möhkəm iradəyə sahib olmaq lazımdır.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »