Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bal yarmarkasında "bal kimi" qiymətlər - REPORTAJ
Bu gün Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası fəaliyyətə başlayıb.

Yarmarkada 336 arıçı iştirak edir və satışa 107 500 kq süzülmüş bal, 5 500 kq şanı balı, 200 kq güləm bal, 850 kq çiçək tozu, 35 kq arı südü çıxarılıb. Bu da ötən illə müqayisədə daha çox məhsulun satışa təqdim edilməsi deməkdir. Belə ki, 2016-cı ildə yarmarkada 254 arıçı iştirak edirdi və 75 ton süzülmüş bal satışa çıxarılmışdı. Maraqlıdır, bazardakı bolluq qiymətlərə təsir göstəribmi? Sərgi-satrış yarmarkasında olub, vəziyyəti araşdırdıq.

Əvvəla, nəzərə çatdıraq ki, satış pavilyonunda yerlər iqtisadi rayonlar üzrə püşkatma yolu ilə təyin olunub. Bu il Lənkərandan olan arıçılar üstünlük təşkil edir. Kənd Təsərrüfatı Nazirliyinin rəqəmlərinə görə, cari ildə bu bölgədən yarmarkaya 106 arıçı gəlib. Lakin bazarda İsmayıllıdan olan arıçılar aktivlikləri ilə seçilirdilər. Onların təmiz bal çağırışlarına qoşulub, stendlərinə yaxınlaşdıq. Ötən il 1 tona yaxın bal satdığını deyən Səbirxan Əmirov özünün xüsusi alıcılarının olduğunu bildirdi: “Artıq 14 ildir yarmarkaya bal gətirirəm. Alverim pis getmir”.

O ki qaldı qiymətlərə, arıçı çiçək balını 25 manata satdığını dedi: “Üç kiloqramlıq balondakı (həmin balon 4,5 kq bal tutur) balı 90 manata veririk. Daimi müştərilərim 15-20 kiloqram alırlar. Meşə balı 30 manat, dağ çiçəklərinin balı, yalaq balı 25 manat, arı çiçəklərinin balı 20 manatdır. Qiymətin dəyişməsi balın tərkibindən asılıdır”.

Yarmarkaya 230 kq bal gətirdiyini söyləyən İsmayıllıdan olan digər iştirakçı isə məhsulunu 20-25 manata təklif etdiyini bildirdi.

Bu il alverin “yavər” gedib-getməyəcəyinə gəlincə, arıçının proqnozu elə də optimist olmadı: “Bu il alıcıların sayı azdır. Ona görə də qiymətləri münasib etməyə çalşıram ki, gətirdiyim məhsulu geri qaytarmayım”.

Arıçı Füzuli Verdiyev (Gəncə) yarmarkaya 400 kq süzülmüş, 100 kq pətək balı gətirdiyini dedi: “Gədəbəy, Samux balı 25 manat, pətək balının satış qiyməti 30 manatdır. Ötən il 25 manat idi. Bu il bahalaşdırmışıq”.

Şamaxı çəmənliklərindəki çiçəklərlə qidalanan arıların balını satdığını iddia edən digər bir arıçı ilə şabalıd balını bizə 40, may balını 35 manata təklif etdi: “Şabalıd balı ötən il 35 manat idi. Arıları saxlamaq baha başa gəldiyindən balın qiymətinə təsir edib”.

Arıçı Mübariz Ağayev artıq iki ildir yarmarkaya məhsul gətirdiyini dedi: “May balı 30 manat, akasiya balı 25 manatdır”.

Satış sərgisində arı südü böyük marağa səbəb oldu. Satıcıların sözlərinə görə, arı balalarını qidalandırmaq üçün süd ifraz edir. Südü bala qarışdırıb satırlar. Arı südünün 1 qramı 70 manata təklif olunur.

Onu da qeyd edək yarmarkadakı satıcılar endirim etməyə həvəsli deyillər. Bunu da xərclərinin artması ilə izah edirlər. O ki qaldı məhsulun keyfiyyətinə, yarmarkadan alınan balın keyfiyyətini anında yoxlamaq imkanı yaradılıb. Belə ki, xüsusi quraşdırılmış laboratoriyada alınan balı sınaqdan keçirmək mümkündür.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »