Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiyanın Cənubi Qafqaza baxışı dəyişir”

Məlum olduğu kimi, Prezident İlham Əliyev Rusiyanın TASS Agentliyinə geniş müsahibə verib. Müsahibədə dövlət başçısı bir çox mühüm məqamlara toxunub. O cümlədən, faşist Almaniyası üzərində qələbədə Azərbaycanın oynamış olduğu rola, bəzi ölkələrdə, xüsusilə, Ermənistanda faşizmin təbliğinə, eləcə də, Azərbaycan- Rusiya münasibətlərinin hazırkı səviyyəsinə və perspektivlərinə və sair məsələlərə dair öz fikirlərini bölüşüb.

Bu fikirləri Bizimyol.info portalına müsahibəsində politoloq Zaur Məmmədov şərh edib.

Zaur Məmmədov Zaur Məmmədov

- Zaur müəllim, Prezident İlham Əliyev TASS Agentliyinə verdiyi son geniş müsahibəsində bir çox məsələlərə toxunub. O cümlədən, deyib ki, Azərbaycan nefti faşizm üzərində qələbə qazanılmasında mühüm rol oynayıb. Yəni qələbəni ordu və Bakı nefti sayəsində əldə etmişik. Bu fikrə münasibətiniz necədir?

- Bəli, bu, hamıya məlum olan məsələdir ki, Azərbaycan nefti, Bakı nefti hesabına, demək olar ki, alman faşizmi üzərində qələbə çalmışıq. Lakin. çox təəssüf ki, uzun illər Sovet dönəmində ermənilərin əks-təbliğatı və Sovet hakumiyyətinin apardığı ikili standartlar nəticəsində Azərbaycanın İkinci Dünya Müharibəsindəki qələbəsinə kölgə salındı . Azərbaycan Prezidenti Cənab İlham Əliyevin, ümymiyyətlə, bu istiqamətdə son vaxtlar etdiyi çıxışlar ona gətirib çıxardı ki, bu gün artıq MDB ictimaiyyəti və xüsusilə, rus ictimaiyyəti müharibədə azərbaycanlıların istər ön cəbhədə, istərsə də arxa cəbhədə görmüş olduğu işləri müsbət qiymətləndirməkdədir. Nəticədə MDB ölkələri içərisində məhz Azərbaycan Prezidentinin dəfələrlə 9 mayla bağlı Rusiya kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr də bunun bir göstəricisidr ki, məhz Azərbaycan Prezidenti İlham Əliyev İkinci Dünya Müharibəsinə qiymət verir. Təbii ki, bu müsahibələrdə Cənab Prezident tərəfindən azərbaycanlıların həmin döyüşlərdə göstərdiyi şücaət də xüsusulə vurğulanır.

- Siz “İkinci Dünya Müharibəsi” ifadəsini işlədirsiniz. Ancaq son vaxtlar Azərbaycanda "Böyük Vətən Müharibəsi" ifadəsi də ortaya çıxıb. Bəziləri də bunu tənqid edir ki, “Böyük Vətən Müharibəsi” ifadəsi doğru deyil. Hətta faşist Almaniyası üzərində qələbənin bizə deyil, ruslara aid olduğunu deyənlər də var. Bu haqda fikriniz necədir?

- "Böyük Vətən Müharibəsi" ifadəsi SSRİ dönəmində istifadə olunan bir termin idi. O zaman SSRİ-də yaşayan hər bir xalq öz millətindən, dinindən asılı olmaraq SSRİ-ni öz vətəni sayırdı və onun müdafiəsi üçün vuruşurdu. Alman faşistləri, təbii ki, bu regionlara hücum edərkən onlar qarşılarına çıxana baxmırdılar ki, hansı xalqın nümayəndəsidir. Beləliklə də bu xalqlar, regionlar özlərini müdafiə edirdilər. Buna görə də bu müharibə Sovetlər dönəmində “Böyük Vətən Müharibəsi” adlanırdı.Lakin artıq SSRİ-nin dağılmasından sonra bütün MDB ölkələrində bu müharibəyə “İkinci Dünya Müharibəsi” adı verməyə başladılar.

- “SSRİ-də yaşayan xalqlar özlərini müdafiə edirdi” deyirsiniz. Ancaq bu xalqların faşizmə xidmət edən təmsilçiləri də vardı...

- Bəli, doğrudur. Var idi.

- Ancaq hələ bu gün də var. Məsələn, Ermənistanda...

- Bəli, elə buna görə də Prezident İlham Əliyev son müsahibəsində həm də Ermənistanda faşist canı “Njde” ləqəbli Qaregin Ter-Arutyunyanın qəhrəmanlaşdırılmasına da mənfi münasibətini bir daha ortaya qoyub.

- Ancaq belə görünür ki, keçmiş Sovet respublikalarından heç biri Ermənistanın bu hərəkətlərinə adekvat qiymət verməyib. Ermənistanın faşizmə belə nümayişkaranə rəğbət göstərməsi qarşısında faşizmdən ən çox əziyyət çəkən ölkələrin və xalqların susqun qalmasının kökündə nə durur? Məsələn, ən çox itki vermiş Rusiya, Ukrayna, Belorus və sair. Niyə onlar səssizdirlər, Sizcə?

- Prezident ilk dəfə deyildi ki, bu məsələni qaldırmışdı. TASS Agentliyinə müsahibədən əvvəl də, bir neçə ay öncə MDB ölkələrinin Aşqabad Sammitində də Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı, ümumuyyətlə, faşizmi qəhrəmanlaşdıran erməniləri ifşa etdi. Və açıq şəkildə: “Biz burada bu gün böyük qələbəni bayram edən xalqlarıq” dedi.Təəsüflə bildirdi ki, MDB məkanında, xüsusilə Ermənistanda, əksinə bu günün özündə də neofaşizm təbliğ olunmaqdadır. O, tutarlı misallar göstərdi. Bunlardan biri də, təbii ki, Ermənistanın keçmiş rəhbərliyinin Qaregun Njdeyə İravanda abidənin ucaltması idi...

- Azərbaycan Prezidenti Aşqabad sammitindəki həmin çıxışında bu faktı deyərkən, Rusiya Xarici İşlər Nazirliyinin və Rusiya Müdafiə Nazirliyinin sənədlərinə istinad etmişdi. Yəni Rusiya Qaregin Nnjdeni faşist canisi kimi rəsmən tanıyır. Prezident bununla nəyi vurğulamışdı, Sizcə?

- Pezident İlham Əliyev bunları deyərək MDB məkanında faşizmin, eləcə də, Ermənistandakı neofaşizmin iç üzünü göstərməyi hədəfləyirdi.

- Nəticələri də oldumu?

- Nəticələr, bəli, var. Prezidentin həmin çıxışından sonra Rusiyanın cənubunda Nijdeyə ucaldılmış abidə söküldü. Bundan sonra da artıq Rusiyanın ayrı-ayrı kütləvi informasiya vasitələrində Nijdenin alman faşizminə xidmətləri ilə bağlı xüsusi məqalələr dərc edildi. Bunlar da təbii ki, Rusiyada Azərbaycana münasibətə müsbət təsir edir.

- Münasibət demişkən, Prezident Əliyev də son müsahibəsində Rusiya ilə münasibətləri yüksək qiymətləndirib. Sizcə, Rusiya ilə Azərbaycan arasında dostluq, strateji tərəfdaşlıq münasibətləri gerçəkdə varmı? İstənilən, gözlənilən səviyyədədirmi?

-Rusiya Azərbaycanın ən böyük qonşusudur və dünyada sayılıb secilən 3-4 ölkədən biridir. Rusiyanın Azərbaycanın qonşuluğunda olması regionda gedən bütün proseslərdə fəallığı ilə seçilir və belə olan təqdirdə rəsmi Bakı üçün bütün istiqamətlərdə olduğu kimi, Rusiya ilə də münasibətlərinin inkişaf etdirilməsi və yaxşılaşdırılması əsas hədəfdir. Biz keçmişə yox, gələcəyə baxmalıyıq. Diplomatiya mahir gedişlər tələb edir və bu yöndə biz deyə bilərik ki, bu gün Azərbaycan-Rusiya münasibətləri əslində ən yaxşı günlərini yaşayır.

- Ancaq Qarabağın işğalda qalması bu münasibətlərin Siz dediyiniz səviyyəsinə ruhuna uyğun gəlmir...

- Bəli, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi iki ölkə arasında münasibətlərə zərbə vurur. Çünki Azərbaycanın münaqişə ilə bağlı Rusiyadan gözləntiləri çoxdur. Amma son zamanlar münaqişə ilə bağlı Rusiya tərəfindən səsləndirilən fikirlər onu göstərir ki, artıq 1990-cı, 2000-ci illərdən fərqli olaraq Kremlin və ümumilikdə, Moskvanın Cənubi Qafqaza baxış acısında bir sıra dəyişikliklər vaş verir.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »