Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qoşulmama Hərəkatından böyük gözləntilər var”

Politoloq Nəzakət Məmmədova: “Azərbaycanın təşəbbüsü ilə çoxtətəfli diplomatiyada irəliləyişə nail olundu”

BMT Baş Məclisindən sonra dünyada ikinci ən böyük beynəlxalq təşkilt olan Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə toplantısı videokonfrans formatında mayın 4-də keçirildi. Həmin zirvə toplantısı COVİD-19 yeni tipli koronavirusla mübarizəyə həsr olunmuşdu. Toplantının mövzusu “COVID-19-a qarşı birlikdəyik” kimi müəyyənləşmişdi. Azərbaycan Prezidentinin Hərəkatın sədri kimi təşəbbüs edib düzənlədiyi bu toplantıya BMT, Avropa İttifaqı, Afrika İttifaqı, Ümumdünya Səhiyyə Təşkilatı kimi mühüm beynəlxalq təşkilatların yüksək təmsilçiləri də qatılmışdı. Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunmuşlar.

Bu Zirvə görüşünü zəruri edən səbəblər, eləcə də, toplantının əhəmiyyəti və nəticələri ilə bağlı Bizimyol.info portalının suallarına beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə tanınmış mütəxəssis, politoloq Nəzakət Məmmədova cavab verib.

Nəzakət Məmmədova Nəzakət Məmmədova

- Nəzakət xanım, bu Zirvə Görüşünü zəruri edən səbəblər və onun əhəmiyyəti nədən ibarətdir? Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sədri olaraq irəli sürdüyü təşəbbüsə dəstək kifayət qədər oldumu?

- Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədr ölkəsi kimi, Hərəkatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxana sənədindən çıxış edərək , koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. Sədrliyi öz üzərinə götürərkən Azərbaycan Prezidenti bəyan edib ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaqdır. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlayıb və praktiki fəaliyyətə başlayıb. Koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişmiş və nəticədə yeni reallıqlar meydana çıxmışdır. Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya vermişdir. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü də bu zərurətdən irəli gəlib.

- Sizcə, Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrliyə başlaması Azərbaycanın özünə nə verdi? Belə fikirlər səslənir ki, Qoşulmama Hərəkatında “üçüncü dünya ölkələri tam üstünlük təşkil edir”, “bu təşkilatın bizə faydası yoxdur” və sair. Bu fikirlərə münasibətiniz necədir?

- Qoşulmama Hərəkatı Soyuq müharibə dövründə yaradılmış təsisatdır. Hazırkı beynəlxalq münasibətlər sistemi 1945-ci ildən sonra mövcud prinsip və təsisatlara əsaslandığından real siyasətdə de fakto olmasa da, normativ-hüquqi baxımdan bu cür təşkilatlar hələ ki, de yurye öz əhəmiyyətini qoruyub saxlamaqdadır. Xüsusilə, NATO və onunla Varşava Paktı miqyasında olmasa da, ən azından bizim daxil olduğumuz MDB məkanında hərbi-siyasi rəqabət aparan KTMT arasında qarşıdurmanın gücləndiyi və bizim çətin geostrateji seçim qarşısında qaldığımız bir dövrdə Qoşulmama Hərəkatının üzvü olmaq, məncə, hələlik doğru seçimdir. Hərəkatın 18-ci Bakı zirvə görüşünə öz nümayəndələrinin qatılmaması ilə Ermənistan tədbiri “boykot” etdi. Halbuki, Ermənistan Təşkilat yanında müşahidəçi statusunda akkreditasiya olunub. Dünyanın 120 ölkəsinin iştirak etdiyi mötəbər beynəlxalq tədbirdə işğalçı ölkənin iştirak etməməsi heç nəyi dəyişmədi. 120 dövlət Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiq etdi, üstəlik, Azərbaycan xalqına təşəkkür sənədi imzalandı. Belə bir siyasi hərəkata üzv olmaq və sədrlik etmək ölkəmizin düzgün seçimi baxımından müəyyən qədər irəliləyiş hesab oluna bilər. Bizim gözləntimiz, əsasən, ondan ibarətdir ki, Hərəkata üzv olan ölkələr Qarabağ və digər beynəlxalq siyasi məsələlərdə Azərbaycana dəstəklərini davamlı surətdə etsinlər. Bu, Qarabağ məsələsi ilə bağlı Azərbaycanın real olaraq işğala son qoymasına kömək etməsə də, diplomatik sahədə irəliləyiş sayıla bilər. Çünki hazırkı dünyada daha çox Böyük Yeddilik, AB, NATO və s. təşkilatlar real söz sahibidir. Lakin diplomatik-siyasi baxımdan Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük təşkilatdır.

- Belə düşünənlər var ki, Prezident İlham Əliyev təşəbbüs irəli sürərək “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirdi və dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Yəni pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi. Bu, doğru yanaşmadırmı? Pandemiyaya qlobal səylərlə qalib gəlməyin mümkünlüyü dünyada necə dərk və qəbul olunur?

- Bu, Təşkilatın Azərbaycanın təşəbbüsü ilə keçirilən ikinci zirvə görüşüdür. Lakin videokonfrans formatında ilk zirvə görüşü oldu. Prezident İlham Əliyev tərəfindən pandemiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verildi, belə bir şəraitində ölkələr arasında ticarətin açıq saxlanılması və beynəlxalq yükdaşımaların fasiləsiz olaraq həyata keçirilməsinin vacibliyi qeyd edildi. İlham Əliyevin bununla bağlı belə dedi: "Azərbaycan artıq Avrasiyada önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmişdir. Onlarla ölkəni birləşdirən Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasında böyük rol oynamışdır. Pandemiya dövründə də Azərbaycan etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin edir". COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmayıb. Həqiqətən də, indiki şəraitdə qarşılıqlı dəstəklə, özünə qapanmamaqla və yalnız birgə səylərlə COVID-19-a qalib gəlmək mümkündür.

-Azərbaycanın qlobal həmrəylik və çoxtərəfli diplomatiya təşəbbüslərinə dünyanın aparıcı siyasi dairələrinin, beynəlxalq təşkilatların münasibəti necədir? Bu videokonfrans formatındakı zirvə görüşünə BMT Baş katibinin, Avropa İttifaqının Ali Nümayəndəsinn, Avropa Komissiyasə vitse-prezidentinin müraciət ünvanlaması, eləcə də, BMT Baş Assambleyası Prezidentinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun, Afrika İttifaqının sədrinin iştirakı bu baxımdan hansı əhəmiyyət daşıyır?

- BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciətində də Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin üçdə ikisini əhatə edən Qoşulmama Hərəkatının qlobal həmrəyliyin formalaşdırılmasında əhəmiyyətli rol oynadığı qeyd edildi. Tədbirin yüksək səviyyədə təşkili də onu göstərir ki, Azərbaycan koronavirusa qarşı mübarizədə regional və qlobal miqyasda həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir. Prezidentin də qeyd etdiyi kimi, pandemiyanın ilk günlərindən Ümumdünya Səhiyyə Təşkilatı ilə təmas qurulub. Təşkilatın aparıcı mütəxəssislərindən ibarət heyət mart ayında ölkəmizə səfər edərək vəziyyətlə tanış olmuşdur. Bütün bu və digər işlər qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində Azərbaycan əhəmiyyətli milli rola malikdir. Ölkəmiz beynəlxalq səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsində yaxından iştirak edir.

Gülnarə ƏMİRQIZI

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Düşmənin atəş nöqtələri, komanda idarəetmə məntəqəsi məhv edilib - Video
››› Ali Baş Komandan: “Azərbaycanın qarşısında heç kim dura bilməz”
Son xəbərlər
Bütün xəbərlər »