Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vicdansızlar və xəyanətkarlar
Prezidentdən mənəvi və hüquqi qiymətləndirmə

Kamran Əliyev çətin və məsuliyyətli bir dönəmdə baş prokurorluq postunu təhvil aldı. Koronavirusla mübarizə aparan ölkənin qarşılaşdığı problemlərdən biri də yerlərdə məmurların öz işlərinə yarıtmaz münasibətidir. Ölkə başcısı İlham Əliyev gecə-gündüz bu mübarizədə vətəndaşın yanında olduğu halda, bəzi məmurlar prezidentin qarşısında olmağa çalışır. Görülən işlərə əngəl törədir, narazılıqlar yaradır, vətəndaş-prezident münasibətlərinə xələl gətirməyə çalışırlar.

Kamran Əliyev

Son günlər həbs edilənlərin varlığı sübut etdi ki, ölkənin çətin dönəmində belə çirkin əməllərindən çəkinməyən bu cür məmurlar tək öz ciblərini doldurmaq yolunu yox, həm də ölkə rəhbərinin apardığı siyasi xəttə qarşı çıxırlar. Pandemiyaya çevrilmiş koronovirusla mübarizədə atılan addımların effektivsizliyini göstərməklə vətəndaşlar arasında kütləvi etirazlar yaratmağa çalışırlar. Bunu adı isə prezident demişkən xəyanətdir. Bu barədə sonra…

Vicdansızlıq…

Əslində prezidentin yola gəlməyən məmur ordusuna ünvanladığı fikirləri iki hissəyə bölmək olar. Vicdansızlar və xəyanətkarlar.

Çətin bir vaxtda tamahına sahib dura bilməyən bəzi məmurların əhalinin az təminatlı təbəqəsinə verilən yardımları mənimsəməsi bəli vicdansızlıqdır. Milyonlar sahibinin ehtiyacı olan ailəyə veriləcək 1 kilo ətə, 2 kilo makarona göz tikməsi vicdansızlıq şkalasında ən yüksək pillədir. Və Prezident İlham Əliyev yeni təyin etdiyi baş prokurorla videogörüşündə bu məsələyə aydın tərif verdi: "Pandemiya ilə əlaqədar bu gün Azərbaycan dövləti bütün resursları səfərbər edib, ilk növbədə, vətəndaşları, onlara həyatını, sağlamlığını qorumaq üçün əlindən gələni edir. Operativ Qərargah. bütün aidiyyəti qurumlar gecə-gündüz işləyirlər. Hər gün bizim birinci və günün axırında sonuncu əsas işimiz bu məsələ ilə məşğul olmaqdır. Nə qədər adam xəstələndi, nə qədər adam sağaldı, neçə nəfər xəstəxanalara yerləşdirildi, onların vəziyyəti necədir, ağır vəziyyətdə olan vətəndaşların durumu, onların sağalma şansları necədir - biz gecə-gündüz bununla məşğul oluruq. Dövlət, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu, ayrı-ayrı sahibkarlar, ayrı-ayrı imkanlı adamlar öz təşəbbüsləri ilə gedib kasıb insanlara əl tuturlar. Bu yardımı mənimsəməyə nə ad vermək olar?! Bu yaxınlarda Heydər Əliyev Fondu tərəfindən göndərilmiş ərzaq paylarını da aparıb öz qohumlarının evlərində saxlayırlar ki, sonra onları satsınlar. Biz buna gözmü yumacağıq? Belə adamlar ən ciddi cəzaya layiqdirlər".

Prezidentin bu fikirlərindən aydın başa düşülür ki, yaşam tərzini vicdansızlıqla sinonim etmiş bu cür məmurlarla söhbət qısa olmalıdır. Və yeni baş prokurora ünvanlanmış yol xəritəsinin prioritet elementlərindən biridir.

Mahir Quliyev Mahir Quliyev

Xəyanət…

Ölkənin müharibə şəraitində yaşadığı bir dönəmdə dövlətə və onun başcısına arxadan vurulan zərbə, görülən işlərə əngəl törədərək vətəndaşlarda inamsızlıq yaratmaq, siyasi hakimiyyətə qarşı qaldırmaq cəhdləri bəli xəyanətdir. Dövlət başçısı deyib: "İndi dünya liderlərinin bir çoxu qeyd edir ki, pandemiya müharibədir. Bəli, mən bu tezislə razıyam. Əgər indiki şəraitdə bunlar özlərini belə aparırlarsa, bundan daha ağır vəziyyət yaranarsa, onda bunlar nə edəcəklər? Bunun bir adı var – vicdansızlıq və xəyanət”.

Prezidentin dediyi sözlərdən aydın olur ki, Azərbaycan ciddi islahatlar dövrünə qədəm qoyub. Bu dönəmdə hər kəs, sıravi vətəndaşdan tutmuş yüksək vəzifəli məmura qədər konkret mövqe sərgiləməli, seçim etməlidir. Ya millətin, dövlətin yanında olmaq, (müxalifət və ya iqtidar nümayəndələri fərq etməz), ya da xəyanət yolunu tutmaq. İkincilərin aqibətini isə aparılan həbslər müəyyən edir. İkinci və daha ciddi bir məqam isə prezident İlham Əliyevin “bundan daha ağır vəziyyət yaranarsa onda bunlar nə edəcəklər?” sözləridir. Prezidentin bu fikirləri bildirməklə 2-ci Qarabağ savaşını nəzərdə tutduğuna şübhə yeri qalmır. Hər halda indiki dönəmdə koronavirus pandemiyası ilə yanaşı Qarabağ problemi də Azərbaycan dövləti üçün prioritet mövzudur. Bu məsələdə xəyanətkarlıq ölkənin müstəqiliyyinə təhlükə yaradacaq qədər ciddi məqamlar ortaya qoya bilər. Ona görə yeni təyin olunan baş prokurorun qarşısında qoyulan bu tələblər Prezident İlham Əliyevin postpandemiya dönəminə yönəlmiş siyasətinin yeni ştrixkodları adlandırmaq olar. Yəni ölkədə aparılan siyasi, iqtisadi, hüquqi və kadr islahatlarının növbəti mərhələsi həyata keçirilməkdədir. Baş verənlər göstərir ki, bu mərhələdə vicdansızlara və xəyanətkarlara yer olmayacaq.

Telejurnalist Şöhrət Əli

Son xəbərlər
Bütün xəbərlər »