Xəbər verildiyi kimi Mərkəzi Bank dörd banka inzibatçı təyin edib, sonra həmin banklardan “Atabank” və “Amrahbank”ın lisenziyalarını ləğv edib. Bu qərar mütəxəssislər tərəfindən birmənalı qarşılanmadı. Ekspertlər bank sisteminin sağlamlaşdırılmasını gözlədikləri anda 850 milyon manat əmanətin olduğu bankların bağlanmasını tənqid etdi.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Bizimyol.info-ya bildirib ki, qanunvericiliyə dəyişiklik edilməli və Mərkəzi Bankın banklara nəzarəti gücləndirilməlidir.
“Bank qanunvericiliyimiz bilərəkdən elə tərtib olunub ki, Mərkəzi Bank heç kəsə hesabat vermədən banklara qarşı istədiyini edə bilər. Banklar arasında ayrı-seçkiliyə yol verə bilər.
Əhalidən aşağı faizlə əmanət cəlb edən bankların sahibləri onlara yaxın şəxslərə rüşvət müqabilində aşağı faizlə, uzun müddətə və girovsuz verə kredit verirlər. Bu halda kredit gedər-gəlməzə verilir, yəni kredit qayıtmır. Mərkəzi Bank vəzifəsini icra edərək banklara nəzarət edərsə, əmanətçilərin pulu göyə sovrulmaz, bank müflisləşməz, əmanətlər qaytarılar”,-deyə ekspert bildirib.
Əkrəm Həsənov qeyd edib ki, bankları bağlamaq deyil, onlara əmanətləri qaytarmaq üçün vəsait verilməli idi: “Mərkəzi Bankın rəhbərliyi vaxtında həmin bankların rəhbərliyi ilə danışıb, zəruri addımlar atmalıydı. Məsələn, Mərkəzi Bank “AGBank”a borclarını qaytarması üçün pul verməli idi. Çünki orada kreditlərini yığılması mümkündür. Belə ki, bu bankın verdiyi kreditlərə görə kifayət qədər girov təminatı var. Hər bağlanan bank sistemə etibarı sarsıdır. Lakin müflis bankın vaxtında bağlanmaması da sistemə mənfi təsir göstərir. Necə ki, məsələn, bizdə bir ilə yaxın müddət ərzində müflisləşmiş “Atabank”ı bağlamırdılar”.
Ramid İbrahimov