Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ömrünü gənclərin vətənpərvərlik tərbiyəsinə həsr edən müəllim
Görkəmli şəxsiyyətlər müəllimin əməyinə yüksək qiymət vermiş, müəllimi günəşə, bağbana, mühəndisə bənzətmişlər və buna belə izah vermişlər ki, müəllim günəş kimi qəlbi və ağlı işıqlandırır, uşaqlara bağban qayğısı göstərir, mühəndis kimi insan qəlbinin layihəsini cızır. Məhz onların sayəsində bir şəxsiyyət kimi formalaşır və həyatda düzgün yol seçirik.

Onlardan biri Ağsu rayon Arif Cəbiyev adına Bico kənd tam orta məktəbin direktoru, əməkdar müəllim Yaşar Qarayevdir. O, 64 illik ömrünün 42 ilini pedaqoji fəaliyyətə və gənclərin vətənpərvərlik tərbiyəsinə həsr edərək neçə-neçə yetirməsinin qəlbində özünə rəğbət, sevgi qazanmış, ömrünü millətin balalarının təlim-tərbiyəsi yolunda şam kimi əridən pedaqoqlarımızdandır.

Maraqlı həmsöhbət olan Yaşar müəllimlə görüşümüz 5 oktyabr-Beynəlxalq Müəllimlər günü ərəfəsində oldu. Söhbət əsnasında qəhrəmanımız ötən illərə qayıtdı. Həyatı, pedaqoji fəaliyyəti ilə yaxından tanış olduq.

Yaşar müəllimlə söhbətimizə onu əməkdar müəlllim adını alması təbriki ilə başladıq. Bildirək ki, 3 oktyabr 2017-ci il tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə təhsil işçilərinə fəxri adların verilməsi qeyd olunub.

Yaşar müəllimlə bu münasibətlə təssüratını bizimlə bölüşdü: “Əməkdar müəllim təhsil sistemində pedaqoqun layiq görülə biləcəyi ən yüksək addır. Bu ad Prezidentin xüsusi sərəncamı ilə verilir. Əməkdar müəllim fəxri adına məhdud sayda müəllimlər layiq görülür. Özümü çox xoşbəxt hiss edirəm. Mən qabaqcıl təhsil işçisinə layiq görülmüşəm. Mən 2010-cu ildə prezidentimizin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşam. Bu il isə “Əməkdar müəllim” adına layiq görüldüm. Xoşbəxtəm!”.

Əməkdar müəllim təhsil aldığı illərini və pedaqoji fəaliyyətini xoş hisslərlə dilə gətirir: “Mən 1953-cü ildə Bico kəndində anadan olmuşam. 1970-ci ildə hazırda direktoru olduğum məktəbin məzunu olmuşam. Azərbacan Dövlət Pedaqoji Universitetinə qəbul olmuşam. İctimai fəal həyata tələbəlik illərindən başlamışam. Tələbə vaxtlarımdan universitetin müəyyən tədbirlərində və ədəbi həyatında iştirak edirdim. Ölkəmizin dəyərli ziyalıları mənə dərs deyiblər. Ali təhsil aldığım illərdə əlaçı olmuşam”.

Pedaqoji fəaliyyət

Yaşar Qarayev ali təhsil müəssisəsini bitirdikdən sonra, yəni 1975-ci ildə direktoru olduğu məktəbdə pedaqoji fəaliyyətə başlayıb: “Elə həmin ildən rayonun ictimai həyatında da fəal oldum. 1978-ci ildə Azərbaycan müəllimlərinin VI qurultayına nümayəndə seçilməklə 1983-cü ilin aprelində “Azərbaycan SSR qabaqcıl maarif xadimi” nişanı ilə təltif olunmuşam. Pedaqoji fəaliyyətim dövrdə yüzlərlə fəxri fərmanım var. Müəllimlikdə elə bir ad yoxdur ki mən onu qazanmayım. 1985-ci ildə Maarif, Ali məktəb, elmi idarə işçilərinin Həmkarlar İttifaqının Ağsu rayon Komitəsinə sədri seçilmişəm.

22-cü və 24-cü respublika pedaqoji mühazirələrinin qalibi olmuşam. Mən “Ən yaxşı müəllim” müsabiqəsində iki dəfə iştirak eləmişəm. Mənim bütün həyatım, ömrüm maariflə bağlı olub. Respublika pedaqoji mətbuatında həmişə çıxış eləmişəm.

Mən halal kişinin oğlu olmuşam və onun yolunu davam etdirməliydim. Həmişə cəmiyyətdə içində olmuşam, rayonda, Şirvan bölgəsində keçirilən tədbirlərdə fəal iştirak edirəm, maarifləndirmə işinə öz töhfəmi verirəm. Hansı auditoriyada çıxış etmişəmsə, özümə hörmət qazanmışam, müəlim adını ucaldmışam”.

İctimai fəaliyyət

Y.Qarayev vurğulayıb ki, o, pedaqoji fəaliyyətlə yanaşı ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir: “1990-cı ilin iyununda İran İslam Respublikasının zəlzələdən zərər çəkmiş rayonlarına Ağsu rayonundan yardım aparan dəstəyə rəhbərlik etmişəm.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsi illərində döyüş bölgələrində, 20 dəfədən çox Ağsu rayonunun hamiliyə götürdüyü Xocalı rayon Kosalar sovetliyinin Cavadlar kəndində olmaqla döyüşən əsgərlərə və dinc əhaliyə rayonumuzdan lazımi avadanlıqlar aparmışam. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin məktəbdən başlandığını nəzərə alsaq, bu gün də üzərimizə düşən işi məmnuniyyətlə görürük. Torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir vaxtda təhsil müəssisələrimiz yüksək bilik və bacarığa malik şagirdlər yetişdirməklə bərabər, yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsinə də diqqət yetirməlidir. Şagirdlərinin daxili aləminin zənginləşdirilməsi, yeniyetmələrdə Vətənə, torpağa bağlılıq, azərbaycançılıq ideyalarının formalaşdırılması, qəhrəmanlıq, mübarizlik ruhunda tərbiyə olunması, ordu quruculuğunda onların fəal iştirakının yüksək səviyyədə təmin edilməsi üçün çalışıram.

Azərbaycanın müstəqilliyinin qorunub saxlayan ümummili liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti haqqında auditoriyalarda danışıram. Onu da bildirim ki, 1994-cü ilin oktyabr hadisələrində mən Heydər Əliyevin yanında olmuşam. Hökumət evinin yanında keçirilən tarixi mitinqdə mən iştirak etmişəm. O zaman bir qrup rayon fəalları ilə Heydər Əliyevin çağırışı ilə Bakıya gəlmişdik. 1995-cü il mart hadisələrində bir daha Heydər Əliyevin yanında olduq. Mən həmişə dövlətçiliyimiz, müstəqilliyimiz üçün cəsarətlə çıxışlar etmişəm.

Prezident İlham Əliyevin 2003, 2008 və 2013-cü illərdə seçki kampaniyasının fəal, aparıcı üzvü olmuşam. Həmin illərdə etdiyim çıxışlarım kütləvi informasiya vasitələrinin arxivində var. Bu gün də ölkənin ictimai həyatında fəal iştirak edirəm. Rayonun hərbi vətənpərvərlik məktəbində çıxışlar edirəm. Mənim bütün fəaliyyətimlə də bağlı mediada məqalələr dərc olunub”.

Əməkdar müəllimin nazirdən istəyi...

Y.Qarayev məmnuniyyətlə keçən il təhsil naziri Mikayıl Cabbarovla görüşünü də xatırlayır: “2016-cı ildə nazir Ağsuya səfər etmişdi. Mən onun iştirak etdiyi tədbirdə çıxış etdim. Təhsilin inkişafı üzrə fəaliyyətdən bəhs etdim. Müəllim peşəsinin nüfuzlu, seçilən peşə olması üçün lazım olan şəraiti yaradılıb. Nazir məndən tədbirin sonunda istəyim və arzumla maraqlandı. Mən ondan “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildlik kitabları istədim. İki gün köçmədi ki mənimlə əlaqə saxlanıldı və mənə 46 cild kitablar təqdim edildi. Mən bu kitabları müntəzəm olaraq oxuyuram və bu barədə auditoriyalarda məlumat verirəm. Bu kitablardan yaradıcılıqla istifadə edirəm. Ağsuda Heydər Əliyev dərslərini mən deyirəm. Rayona səfər edən dövlət rəhbərinin, hökumət nümayəndələrinin, akademiklərin qarşısında həmişə çıxış edirəm. Mənim üçün hər şeydən əziz dövlətçilikdir. Bu gün də sevinirəm ki, dövlət mənim əməyimi yüksək qiymətləndirdi”.

Təhsil sahəsində görülən işlər...

Y.Qarayev bildirir ki, son illərdə təhsil sahəsində görülən işlər sürətləndirilib: “Böyük öndərimiz həmişə müəllimə böyük hörmət edib. “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyində Heydər Əliyevin müəllim peşəsinə olan hörmətindən bəhs olunub. Dahi şəxsiyyət bildirib ki Moskvadan Naxçıvana dönərkən və burda fəaliyyət göstərərkən kömək etdiyi əksər şəxslər ondan üz döndərib, amma müəllimləri ona dəstək olub, onun yanında olub. Böyük öndərimiz həmişə müəllimə yüksək qiymət verib. O deyirdi ki hər şeyə görə müəllimlərinə borcludur.

Ümummili lider 1983-cü ildə məktəb islahatı komissiyasının sədri olub. Bu barədə Heydər Əliyev öz əsərlərində yazıb. O, təhsil sahəsində inqilabi islahatlar edib. Bu yerdə fəxr ediləsi bir hadisəni də xatırlatmaq istəyirəm. Böyük öndərimiz Rusiyanın Sankt-Peterburq şəhərində Nizami Gəncəvinin abidəsinin açılışında iştirak edib. Heydər Əliyevin böyüklüyü ondandır ki, həmin tədbirdə Putin Nizaminin dahiliyindən danışıb. Nizaminin seçilmiş əsərlərindən həmin tədbirdə nümunələr səsləndirilib. Təhsil sahəsində ümummilli liderimizin apardığı islahatlar bu gün dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilir”.

Rayonda görülən infrastruktur layihələri...

Yaşar müəllim Ağsu rayon Bico kəndinin Ağsaqllar Şurasının sədridir. O, rayonda görülən işlərdən da danışdı: “Mən rayonda gedən bütün proseslərin içindəyəm. Öllkəmizdə yeni tikilən və təmir olunun məktəblərin sayı günü-gündən artır. Bu faktı Ağsuda da görmək olar. Rayonumuz ildən-ilə inkişaf edir. Məktəblərdə və uşaq bağçalarında əsaslı təmir işləri aparılıb. Bir sıra infrastruktur layihələri həyata keçirilib. Yollar asfaltlanıb. Yenidənqurma, abadlıq işləri aparılıb. Bütün bu işlər əhalinin rifahını yaxşılaşdırır. Bu fakt və təhsilimiz ildən-ilə ali təhsil müəssisələrinə qəbul olan məzunlarımızın sayını artırır”.

Ramid

Son xəbərlər
Bütün xəbərlər »