Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı apteklərində maska çoxdur, indi də alan yoxdur…

Azərbaycanda aprelin 27-dən karantin rejimi yumşaldılıb. Bəzi iş və xidmət sahələri bir aylıq fasilədən sonra yenidən fəaliyyətə başlayıb. Və təbii ki, küçələrdə hərəkətin intensivliyi, insanların hərəkəti və cəmləşməsi də artıb.

Operativ Qərargahın dünən mayın 1-də açıqladığı kimi sabahdan etibarən xüsusi karantin rejimi daha da yumşaldılacaq, Bakıda bütün fərdi ticarət və iaşə obyektləri açılacaq, dövlət orqanlarının işi bərpa ediləcək, digər yumşalmalar həyata keçiriləcək. Hərçənd Bakı ölkənin koronavirus xəritəsində narıncı zonadır və qərargah bunu nəzərə alıb karantin rejimi yumşaldılmış formada mayın 31-nədək uzadıb.

Karantin rejiminin yumşalması ilə yanaşı, şəhərdə tibbi maska taxanların da sayı azalıb. Müşahidələr göstərir ki, əhalidə sanki arxayınlıq yaranıb, küçədə, marketlərdə, avtobuslarda və ya digər məkanlarda sosial təcrid qaydalarına demək olar əməl edilmir. Halbuki mütəxəssislər yoluxmanın ikinci dalğasının başlaya biləcəyinə dair xəbərdarlıq edirlər.

Bəllidir ki, epidemiya ölkədə təzə başlayanda tibbi maska ajiotajı yaranmışdı və apteklərdə tibbi maska tapmaq olduqca çətinləşmişdi. Və təbii ki, qiymətlər də dəfələrlə artmışdı. İndi isə apteklərdə bir neçə çeşiddə maska və respiratorlar var, amma deyəsən onları alan azdır.

“Maskadan istifadə çox vacibdir…”

Ölkənin baş infeksionisti Cəlal İsayev bildirib ki, koronavirus təhlükəsi davam edir. “Müşahidə edirəm ki, insanlar maskadan istifadə etmirlər. Xüsusilə ictimai nəqliyyatda, marketlərdə maskasız olurlar. Xəstəlik tam yox olmayıb. İnsanların maskadan istifadə etməsi çox vacibdir. Çünki xəstəliyin yayılmasında hava-damcı yolu xüsusi rol oynayır. Virusun yayılmasının qarşısını almaq üçün hamı maskadan istifadə etməlidir”,- İsayev müsahibəsində deyib.

Virtualaz.org-un əməkdaşları apteklərdə müşahidə aparıb, satıcılarla söhbətləşiblər. Bəlli olub ki, tibbi maskalara təlabat son 15 günlə müqayisədə azalıb. Hərçənd ki, artıq apteklərində həm adi, həm də N95 respirator maskaları satılır.

Metronun “Qara Qarayev” stansiyasının yaxınlığındakı aptekin Anar adlı satıcısı bildirib ki, bəzən gün ərzində cəmi 10-15 ədəd maska satılırlar. Halbuki aprelin əvvəlində adambaşına bir-iki maska almaq üçün uzun növbələr yaranırdı. “Apreldən yerli tibbi maskalar satışa çıxarılıb, qiyməti 30-40 qəpik arasında dəyişir. Keyfiyyətinə görə də Türkiyədən gətirilən tibbi maskalardan fərqlənmir”,- satıcı belə deyib.

Apteklərdə FFP2 qoruma səviyyəsinə malik respiratoların qiyməti isə 3-4 manat arasında dəyişir.

Metronun “Qara Qarayev” stansiyası ətrafındakı digər aptekin satıcıları isə bildiriblər ki, artıq maska qıtlığı yoxdur, kifayət qədər ehtiyat var. “Maska satışına məhdudiyyət yoxdur, bəzən 15-20 maska alan olur”,-satıcılardan biri deyib. Onun sözlərinə görə, təkcə tibbi maskalara deyil, ağrıkəsici, qızdırmasalıcı, antibiotik, yaxud qrip əleyhinə dərmanlara da təlabat azalıb. Amma spirtə, dezinfeksiyaedici məhlullar əvvəlki qaydasında satılır.

“Nazirlikdə işləyir və virusun oyun olduğunu deyir…”

Daha bir aptekdən isə bildiriblər ki, əhalidə doğrudan da arxayınçılıq yaranıb. Alıcılarla söhbətdə tibbi maska taxmadıqları və ya bir-iki metr məsafəni qorumadıqları üçün irad bildirsələr də, laqeydliklə qarşılaşırlar. Satıcılardan biri deyib ki, bəzən aqressiv cavab verənlər olur: “Alıcılardan birin yaxından tanıyıram, həmişə bizim aptekdən dərman alır. Nazirlikdə şöbə müdiri işləyir, amma virusun oyun olduğuna inanır. Belələrinə görə, digərləri də təhlükədə olur”.

Satıcı əlavə edib ki, ötən ayın əvvəlində 10 manata satılan respiratorlar indi 3 manat 50 qəpiyə olub, amma əvvəlki kimi alan yoxdur. “Çox zaman adi tibbi maskaları alırlar. Cavanlar yenə də qara rəngli tibbi maska istəyirlər. Amma əvvəlki kimi tibbi maskaya təlabat yoxdur. Bizim apteklər şəbəkəsində kifayət qədər maska ehtiyatımız var”,-satıcı qeyd edib.

“Zeytun” aptekindən isə deyiblər ki, tibbi maskalara təlabat azalıb. Lakin yenə də gün ərzində satış olur. “15-20 gün əvvələdək tibbi maska, əlcək və spirt almaq üçün növbələr yaranırdı. İndi hər üçündən var. Demirəm ki, alan yoxdur, amma gördüyünüz kimi çox deyil”.

“Cərimə yoxdursa niyə taxmalıyam?...”

Həmin ərazidə tibbi maskadan istifadə etməyən bir neçə nəfərlə də söhbətləşdik. Sakinlərdən biri deyir ki, küçədə maska taxmağa ehtiyac görmür. Amma maska cibindədir, avtobusa minəndə taxacaq. Digəri isə bildirib ki, maskanı xəstələr taxmalıdır, sağlam olduğu üçün maska taxmır.

“Maska taxmayanlar cərimələnirlər? Əgər cərimə və ya rəsmi qərar yoxdursa, niyə taxmalıyam”,-kişi geyim mağazasında işlədiyini deyən 25-26 yaşlı gənc sualımızı belə cavablandırıb.

Qara Qarayev prospektində növbə çəkən polis əməkdaşlarından biri isə bildirib ki, onlar əhali ilə söhbətlər aparır, sosial məsafənin qorunması, maska taxılmasını tövsiyə edirlər. Amma maska taxmayanlar cərimə olunmurlar. “Amma cərimə yoxdur deyə insanlar özlərini və başqalarını riskə atmalı deyil. Axı hər şeyi cərimə ilə tənzimləmək də mümkün olmur, vətəndaşlar özləri də məsuliyyət nümayiş etdirməlidir, nəzərə almalıdır ki, tibbi maskalardan istifadə, xüsusi karantin rejimi onların özlərinin və ümumiyyətlə hamımızın sağlamlığının qorunması üçün lazımdır”,-polis əməkdaşı bildirdi.

Qeyd edək ki, TƏBİB rəhbəri Ramin Bayramlı ötən gün tibbi maskalardan qapalı məanlarda istifadənin məcburi olması barədə təlimat hazırlandığını açıqlayıb.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »