Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yumşalan karantin və sərt həqiqət

Hamının döyüşçü, hamının qurban olduğu savaşın gerçəkləri

Bahəddin Həziyev

Bahəddin Həziyev Bahəddin Həzi

Sizi statistika ilə yormayacam. Öncədən deyim. Necə deyərlər, şərti şumda kəsək ki, xırmanda yabalaşmayaq. Statistikaya meydan verməmək istəyim təkcə, onun doğru olub-olmamasında deyil; statistikanın daxili məntiqini tutmadıqca ondan sənə yar olmaz.

Düzdür, Mark Tven deyirdi: "Yalanın üç növü var: yalan, ağ yalan və statistika". Yox, mən bunu, sadəcə, statistikaya inanmayanlara misal üçün dedim. Dünyada nə qədər Mark Tvenlər var; Britaniyada - koronavirusun ən çox yayıldığı ölkələrdən birində insan qrupları var ki, qəribə flaşmöb edirlər. Gedib avtobuslarda tutacaqlarına, qapıların cəftələrinə, nə bilim, masaların üzərinə dilləri ilə toxunurlar! Koronavirusun olmadığını isbatlamağa çalışırlar. Heyrət! Bu qədər insanın ölümü onları inandırmadı! Dünya dayanıb; hamı yerində donub - insanlıq qınına çəkilib, virusdan qorunmaq istəyir. Ancaq bir başqaları da cürbəcür səthləri dilləri ilə “yoxlayır” ki, virusun olmadığını isbat etsinlər. Nəyi sübut etmək istədiniz, adamlar, nəyi?! Bu qədər mikrobioloqun, virusoloqun "var" dediyi şeyə siz necə primitiv bir üsulla "yoxdur" deyirsiniz?!

Srağagün bizdə də karantin qaydaları bir azca yumşalan kimi camaat axışdı küçələrə. Heç yumşalmadan da qabaq çeşidli bəhanələrlə evdən "qaçan" adamların sayı az deyildi. On minlərlə adama cərimə yazıblar. Saxlanan kim, tutulan kim, cərimələnən kim. Ancaq...

Karantin qaydaları, təbii ki, mərhələlərlə yumşaldıla bilər. Biz gec-tez bu durumdan çıxacağıq. Ancaq ortada sərt bir gerçək hələ qalır axı. Deyirlər: " Bir nəfərin ölümü faciə, milyonların ölümü statistikadır". Amma bizdə, görünür ki, bəziləri onminlərin ölümünü artıq statistika sayır. Axı təhlükə sovuşmayıb, təhlükə qalır. İnansanız da qalır, inanmasınız da. Bizim bir şeyin həqiqət olmadığına şübhə etməyimiz o həqiqəti dəyişdirməz. Mən hələ əvvəlki yazılarımdan birində qədimdən üzübəri epidemiyalarla mübarizədən yazmışdım və vəbadan müalicə edən həkimlərin qəhrəmancasına həlak olmalarına toxunmuşdum. Xəstələrlə təmasa girən həkimlər ölürdülər. Ancaq başladığı müalicəni təsvir edirdi ki, ondan sonra gələcək həkim bilsin, daha əvvəlki məsləkdaşı hara qədər gəlib və o, özü hardan başlamalıdır? Həkimlər bilə-bilə ölümə gedirdilər. Ön cəbhədə hücum əmri almış əsgəri, zabiti göz önünə gətirin. Ən yoxsul, sabitliyin çox kövrək olduğu, ya heç olmadığı, cinayətkarlığın, siyasi, sosial, iqtisadi böhranların, humanitar fəlakətlərin tüğyan etdiyi ölkələrdəki diplomatları göz önünə gətirin. Hə, onlar əmr alıb. Əsgər üçün bir səngər var, diplomat üçün başqa səngər, həkim üçün də bir başqa səngər. Eləcə də, jurnalistlər də səngərdədir bu saat. Ancaq bu, o demək deyil ki, qalan adamların - küçəyə çıxmaq icazəsi olmayanların və ya icazə hüququ məhdud olanların səngəri yoxdur. Həkim koronavirusa yoluxma şübhəsi olan və ya artıq yoluxmuş insanın həyatı üçün öz səngərinə - xəstəxanalara getdiyi kimi, polis öz səngərinə, jurnalist öz səngərinə (mümkün təhlükəni gözə alaraq) getdiyi kimi, evdə qalası insanın da evə gedib orda gözləməsi lazımdır. Çünki o halda öz evi onun səngəridir. "Mənim evim-mənim qalamdır" düşüncəsi ilə. İndi bacardığınız budur; təhlükə sovuşana qədər öz qalanıza sığınmaq.

Məşhur fransız yazıçısı Bernar Verberin “Altıncı yuxu” romanında bu yaxında belə bir fikir oxudum: "Bacardığını etmək istəməyən, istəyəndə bacarmayacaq". İndi bacardığım öz qalama sığınıb özümü, ailəmi, eləcə də, başqalarını qorumaqdırsa, bunu bəlkə sonra istəsəm də edə bilməyəcəm. Yəni elə bir durum yarana bilər. Bir də bu tərəfdən baxın. Üstəlik, bütün dünyanın elmi və siyasi mərkəzləri: "Koronavirusn ikinci - daha dəhşətli dalğası gələ bilər" deyir. İnanmya bilərsiniz. Bəlkə də şübhələnmək üçün hansısa səbəbləriniz var; şübhə edirsiniz ki, deyəsən, koronavirus ya bitib, ya da heç olmayıb. Bir başqa şübhəyə düşün: birdən oldu! Şübhənizə şübhə edin.

Dünyanı bürümüş böyük fəlakətlə sözün tam anlamında müharibə gedir. Ancaq bu müharibənin bizim gördüyümüz, bildiyimiz müharibələrdən iki əsas fərqi var: birincisi, düşmən gözlə görünməyən bir nəsnədir, mikroskopik ölçüdədir və hər yerdədir; nə zaman və hardan hücum edəcəyini də bilmirsən; ikincisi, adi müharibədə yalnız hərbçilər döyüşür - klassik müharibə qanunlarına görə qocalara, qadınlara, uşaqlara işgəncə vermək, öldürmək müharibə cinayətidir və cəzalandırılır. İkinci Dünya Müharibəsindən sonrakı Nürnberq Məhkəməsini misal çəkim. Ya da 90-cı illərdə keçmiş Yuqoslviyada törədilmiş hərbi və insanlıq əleyhinə cinayətlərə görə Serbiya Prezidenti Miloşeviçin, şair-general Radovan Karaciçin və sair canilərin mühakimə olunmasını götürək. Ancaq bizim indi içində olduğumuz bu gözəgörünməz savaşı açan virus heç bir sərhəd və yazılmış və yazılmamış heç bir qanun tanımır; birinci elə qocalardan başladı. Bu savaşda hamı potensial qurbandır. Deməli, hamı da əsgərdir - uşaqdan böyüyə, qadından qocaya qədər. Üstəlik bu yeni düşmənə hansı silahdan və necə atəş açacağımızı da tam bilmirik. Bəli, az-çox qadağalara əməl etməyimiz sayəsində, şükür, başqalarına baxanda az itki vermişik. Bu qadağalar yumşalıbsa, bundan dərhal və qədərindən artıq, həm də yerli-yersiz istifadə etmək qorxulu nəticələr törədə bilər. Deyirsən ki, mənə heç nə olmaz. Yaxşı, təki olmasın. Çıxdın, yoluxdunsa, nə olacaq? Başqalarına yoluxdurdunsa, nə olacaq? Ailənə gətirdinsə, ailənə! Neynəyəcəksən?! Təhlükə yoxdur deyirsən. Bəs varsa?!

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Livandan İsrailə raketlər atılıb
››› Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
Son xəbərlər
Bütün xəbərlər »