Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sən Qorxmazsan
Səni tələbə ikən qaldığımız yataqxanada tanımışdım. Otaq yoldaşın Ərəbqədimli Tahirin xorultu səsi altında qəndsiz çay içmişdik. Mənim tanıdığım qədər yataqxanamızda Şamaxıdan olan üç Tahir vardı; Nərimankəndli milisioner Tahir və Quşçudan Fil Tahir ("Milsioner" ayaması hüquqda axşam növbəsində oxuyan Tahirə gündüzlər indiki Milli Məclisin qapısında mühafizəçi-serjant işlədiyinə görə verilmişdi, "Fil" "rütbə"sinin isə ayrı tarixçəsi var; nə zamansa yazacam). Ona görə "Şamaxılı Tahir" deyəndə sual yaranırdı: "Hansı?!"

Ərəbqədimli Tahir də hüquqdaydı; dərsə ikinci növbə gedirdi deyə gündüz gec oyanırdı. Bir dəfə onunla harasa yol yoldaşlığı elədik; "Eşidirsən məni? Eşidirsən məni?" deyə qolumu dümsükləyə-dümsükləyə dayanmadan bəlkə yarım saat danışdı. Mən, təbii ki, onu eşidirdim, dinləyirdim. Təkcə ona görə yox ki, Ərəbqədimli Xanəliyev Tahir mənə "Dövlət və hüquq nəzəriyyəsi" və rus dilində "Logika" kitablarını oxumağa vermişdi deyə üzündən keçə bilmirdim. Həm də ona görə ki, söhbət çox maraqlı idi; Roma-Alman hüququndan başlayıb yunan mifologiyasına çatdıq, Assasinlərə "toxunub" yaponların Dzen fəlsəfəsində nəfəsimizi dərəsi olduq. Mən də fəlsəfə xəstəsi. Ərəbqədimlidə hətta hamının razılaşdığı fikirlərə belə (əgər bunu özü yox, başqası söyləyirsə), etiraz etmək kimi bir şakər vardı. Peşman oldum, yapon konservatizmindən söz saldım. Hətta daha da inandırıcı olmaq üçün Masakutsu Qundzinin: "Şərq təfəkkürü həmişə ideallar və örnəklər üçün geriyə boylanır" fikrini misal çəkdim. Sağ qoluma elə bir dümsük vurdu ki, ağrısından büküldüm.

-Yox, elə deyil, yapon konservativ olsaydı, elektronikanın indiki səviyyəsinə çatmazdı,-dedi.

Misal da gözlədiyim yerdən gəldi:

- Hamımız yapon maqnitafonu axtarırıq, düzdür?!"

Hə, indi hünərin var, de: "Yox, elə deyil"...

Bax, o söhbəti eləyə-eləyə beynimdən iki fikir keçmişdi: Ərəbqədimli kimi zəngin mütailəli, bu mənada özünəbab otaq yoldaşın olduğu üçün səni şanslı, ancaq hər gün bu arıq, bir az da əsəbi oğlanın: "Eşidirsən məni?!" deyə qolunu "şikəst" elədiyi üçün şanssız saymışdım. Və üçüncüsü, daha önəmlisi, sənin necə səbrli, genişürəkli biri olduğunu anlamaq üçün Ərəbqədimli ilə beş il yox, beşcə dəqiqə Tibetli Dalay Lama Tenzin Gyatsonun Hindistanda qurduğu Mühacir Tibet hökumətindən, Cənubi Amerikada hindu rezervuarlarından danışmaq kifayət idi. Biz hamımız Ərəbqədimli Tahiri çox sevirdik; bütün bu özəllikləri, dümsükləmələri, xorultusu və polemika höcətliyi ilə birlikdə. Necə varsa, eləcə. Bəli, sən də mənim kimi vaxtından əvvəl böyümək gərəyini hələ uşaqlıqdan hiss etmişdin, səbri öyrənmişdin. Ancaq yeri düşdükcə emosiyalarını da öz təbii halında yaşayan, hətta püskürən biri idin hər zaman.

...Qrup yoldaşım Bərxudanı tanıyırdın. Universitetdən sonra rayona qayıtmışdı. Yazıq göldə boğulmuşdu.

...Yardımlıya, dağların başındakı Ökü kəndinə Qaz-69 markalı taksilərlə qalxanda hələ də Bərxudanın yoxluğuna inanmırdım (bəzi insanlar o qədər DİRİdir ki, öldüyünə inanmaq çətin olur); Yardımlının o dağ aşırımlarında yol gedə-gedə elə bilirdim ki, evdən çıxıb bizi qarşılayacaq, boş əllərimizə, üst başımıza baxacaq: "Ə, ay vicdansızlar, heç nə istəmirdim, heç olmasa, Məmməd Arazın təzə kitabını gətirəydiniz" deyə bizi danlayacaq.

Hə, Bərxuda Məmməd Arazın bütün kitablarını oxumuşdu. Onu ancaq Ustad şairin təzə kitabı ilə sevindirmək və təəccübləndirmək olardı. Bəlkə səndən də kitab almışdı oxumağa. Öz dərslərindən zorla "üç", şansı gətirəndə və ya bərk yerdən tapşırılsa, "dörd" alardı. Ancaq Məmməd əminin bütün şeirlərini əzbər bilirdi. Bərxudaya elə gəlirdi ki, Məmməd Arazı hamı sevsə də, heç kimin ondan daha artıq sevməyə haqqı çatmır. Məmməd Arazı hətta sənə də qısqanırdı.

Bir dəfə sənin haqqında ona danışdım. "Məmməd Arazın qardaşı oğludur" dedim. Sonra imkan düşdü, ilk dəfə Universitetdə ona səni göstərdim. Sənin uca boyuna, geri daranmış gur, qara saçlarına və gülümsər gözlərinə həsədlə baxdı. Təklikdə məndən soruşmudu:

- Şərqşünaslığın binasında görməmişəm bu oğlanı. Yurfakttda (hüquq fakültəsi - B.H.) oxuyur, yoxsa tarixdə?

- Coğrafiyada oxuyur.

-Nəəə?!

Üzündəki həsəd təbəssümünə şübhə kölgsəsi düşdü. Bərxudanın belə düşünməsinə səbəb o idi ki, bütün tanınmış, imkanlı ailələrin uşaqları, qardaş-bacı uşaqları ya raykom katibi (indi icra başçısı kimi bir şey, amma daha səlahiyytli) olmaq üçün tarixdə, ya prokuror olmaq üçün hüquqda, ya da diplomat olmaq üçün şərqşünaslıq fakültısində olmalıydı. O "məntiq"lə Məmməd Arazın qardaşı oğlunun coğrafiyada nə işi vardı?!

- Mənim dostum sən deyən kimi düşünmür. Sadə, səmimi qardaşdır. Bizimlə yataqxanada qalır.

Şübhə azalmaq əvəzinə artdı. O an hiss etdim ki, Bərxudanın şübhəsinə bir az da qısqanclıq qarışdı.

Çıxılmazlıqdan Milisioner Tahiri misal gətirdim:

- Mirabbas Qasımovu tanıyırsan də. Eşitmisən?! Dünyada tanınmış riyaziyyatçı alimdir, ən gənc professorlardandır. Akademikdir. Amma kiçik qardaşı Tahir bizimlə yataqxanada qalır.

Bərxuda ayılan kimi oldu:

- Həəə.

Bu dəfəki "ə" hərflərinin düzülüşü belə məna verirdi: "Məmməd Arazın qardaşıoğlu başqa nə cür olmalıdır ki?!"

- Deyirsən, dostumuz adına layiqdir, hə?! Qorxmaz!

Onun sualı həm də cavab idi. Bərxudanın bir az əvvəl şübhəqarışıq qısqanc baxışlarla süzdüyü oğlana artıq: "Dostun" yox, "Dostumuz" deməsi diqqətimdən qaçmadı. İkimiz də eyni anda bunu düşünüb baxışıb güldük.

Üstündən bir neçə ay keçəcəkdi, yay bitəcək, oktyabr, noyabr gələcəkdi. Bu gur saçlı, uca boylu DOSTUMUZ o zamankı Lenin Meydanının (indiki "Azadlıq" Meydanının) tribunasına çıxıb mitinqə toplaşmış yüz minlərlə insana üz tutaraq həyəcandan çaşa-şaça: "Mən Qorxmazam" deyəcəkdi.

... 88-ci ilin soyuq payız günü əlində "Kommunist" qəzetinin son sayını yelləyib coşmuşdun. Qəzet ermənilərin Şuşada meşəni qırıb zavod tikməyindən bəhs edən "Topxana harayı" məqaləsini dərc etmişdi. "Toplanaq, görək, neynirik!"

Baxmayın, indi bəziləri haqsız yerə "Yurd" birliyini ancaq neqativ anlamda xatırlamağa meyllidir; tələbə hərəkarının ilk və ən güclü təşkilatıydıq.

Toplandıq, qərara alındı ki, iki nəfər Şuşaya getsin, vəziyyəti yerində öyrənsin. Könüllü çox olsa da, səninlə məni seçdilər dostlar.

Biz daha artıq Ağdamdan o yana keçə bilməyən Xankəndi qatarına biletsiz mindik (qərar verilən kimi getməli olduq; bilet tapa bilməzdik-gec idi). Ağdamda Şuşaya gedən avtobusu axtardıq. Sürücü: "Dığalar bizi daşa basacaqlar, hamı yolda hazır olsun". Ancaq o gün daş atan olmadı. Aşırımlarla Şuşaya qalxdıq. İcraiyyə Komitəsinin sədri Gözəlovla görüşdük (sonralar ermənilər Gözəlovun olduğu vertolyotu vuracaqdılar və o, şəhid olacaqdı- böyük vətənpərvər idi). Şuşanın ziyalıları, İlhamiz bəylə, Əli Mahmudla, xeyli başqa adamlarla söhbətləşdik. Şəhərin qarlı-buzlu küçələrini dolaşdıq. Məlumat topladıq. O məlumatlarla Bakıya qayıdacaqdıq, təşkilatdakı dostlarımıza çatdıracaqdıq və onlarla birlikdə noyabrın 17-ə mitinq təyin edəcəkdik. Və bu mitinq dekabrın 5-də rus tankları dağıdana qədər davam etmiş, milyondan çox insanın qatıldığı, bütün bölgələrin Qarabağ üçün ayağa qalxdığı məşhur Meydan Hərəkatının ilk addımlarından biri olacaqdı. Hələlik Şuşadayıq...

Qayıdanbaş Zarıslıların xəngəlxanasına döndük. Masalara qulluq edən yaşca bizdən böyük olan oğlan sözlərin son hərflərini "yeyərək" şirin qalalı ləhcəsi ilə:

- Sarımsaq qatığın yeri var ha, qaqa, gətirim -dedi.

"Gətirim"dəki "i" hərfi bir dənə idi, yəni: "Sizin fikrinizi soruşmuram, onsuz da, gətirəcəm, xəbəriniz olsun".

Mən dedim:

- Yox, qardaş, sağ ol, hələ Ağdamdan Bakıyacan yolumuz var. Sarımsaq iyindən tamburda boğularıq.

Oğlan dediklərimdən dərhal bir şey anlamasa da gülümsündü. Mənim sözümə necə güldünsə, xəngəl boğazında qaldı, çeçədin. Gözlərindən yaş gəldi. Elə o cür də gülməyə davam edirdin. Qalalı qardaş su qapıb gəlincə, mən də həyəcandan udquna-udquna kürəyinə döyəcləyirdim. Özünə gələndən sonra sən yaşlı, mən həyəcanlı gözlərimlə bir anlıq Bərxuda ilə məndə olduğu kimi duruxub baxışdıq, sonra bir-birimizə qoşulub sarımsaq-tambur söhbətinə qaldığımız yerdən və doyunca güldük. Qalalı qardaş təhlükənin sovuşduğuna əmin olub, çay dəmləməyə getdi; hardan biləydi ki, biz iki tələbə dost bir bilet tapa bilməmişik və Bakıdan Ağdama qədər gah qatarın dəhlizində, gah tamburda, gah da bələdçinin bizi qatar rəisindən və xətt milisindən qorumaq üçün gizlətdiyi dar, əşyalarla dolu kupesində ayaqüstə gəlmişik?! Və xəngəli yeyib aşırımları düşəndən sonra sağ-salamat Ağdama çatası olsaq, böyük ehtimalla, o qaranlıq, soyuq tamburda , siqaret iyinin qatarın öz "doğma" iyi ilə birləşməsindən əmələ gəlmiş kəsif qoxunu ciyərərimizə doldura-doldura Bakıya gedəcəyik.

...O tamburda: "Mən oyağam, sən mənə söykən, başını çiynimə qoy, yuxula, yıxılsan tutacam" deyə qayğı və zarafat qarışıq bir doğmalıqla dediyin sözləri unutmamışam. Ancaq təbii ki, sözünə qulaq asmadım...

O da yadımdadır ki, kurs yoldaşımız Naib evlənmək üçün qız qaçırmışdı. Yığışıb "atışıb" tələbə şəhərciyində -"Kvant" yeməkxanasının ikinci mərtəbəsində Naibə toy eləyəcəkdik. Elədik də. Əlisəfa şalvarının balaqlarını çırmalayıb şlanqla yeməkxananın beton döşəməsini yuduğu zaman zarafatla bizi su şırnağı ilə islatdığınında gülməkdən gözlərindən axan sevinc yaşını da, Əlisəfa qardaşımız qəzaya düşüb həlak olandakı kədər göz yaşını da unutmamışam. Bir də tələbəlikdən sevib həyatını paylaşdığın Şəhla bacımızın bu dünyadan vaxtsız gedişinə heç dinməyən göz yaşların var. Ancaq bunun yanında övlad toyunun şirin yorğunluğunu yaşamaqdan da kövrəlmisən. Nəvə gəlişinin sevincini dadmısan. Hələ daha iki övlad toyunun xoşbəxt həyacanı var irəlidə. Səni gözləyən illər, onillər var. Səni sevənlər, sevdiklərin var. Ömür qatarının 55-ci stansiyasını da keçirsən bu gün ( Dünən də mən keçmişəm). Bu qatarın kupesi də gözəldir, tamburu da, dəhlizi də. Hələ uzun yolumuz var, qardaş. "Mənə söykən, oyağam, yıxılmağa qoymaram" demişdin. Bax, sənə söykənən nə qədər insan var, onların dayağısan. Həmişə də elə olacaqsan.

Bu gün sənə də Tanrıdan iki "5" düşdü. Sən də 55-i tamamladın. Artıq yüzə bir şey qalmadı.Yaxşı ki varsan! Yaxşı ki, səni tanımışam, qardaş! Yaxşı ki, sənin otağında Ərəbqədimli Tahirin məhkum olduğumuz o "solo" xorultusunu dinləyə-dinləyə qəndsiz çay içmişik...

Yubileyin mübarək, qardaş!

...Həyatdır da, mən bəlkə hansısa aralıq stansiyada düşəsi oldum. Ancaq sən bu Zaman qatarında 100-cü stansiyaya yetiş, sonrasını özün bilərsən)) Bu uzun, yorucu, bezdirici cızmaqaram da sənə hədiyyəm olsun! O tamburu əvəz etməz, amma...

Bahəddin Həziyev Bahəddin Həzi
Son xəbərlər
Bütün xəbərlər »