Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tarixçidən Azərbaycan Xalq Cümhuriyyətinin süqutu açıqlaması

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 100 il ötür.

28 may 1918-ci il tarixində yaranan Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan rus-bolşevik qoşunları tərəfindən işğal edildi və yenidən Rusiyaya tabe olundu. 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı dağılması nəticəsində, Azərbaycan xalqı dövlət müstəqilliyini yenidən bərpa etdi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun Tarixşünaslıq və Mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov Bizimyol.info-ya bildirib ki, 1920-ci ilin 27 aprelində bolşevik Rusiyasının silahlı qüvvələri – başda XI Ordu olmaqla Azərbaycan sərhədlərini keçib müstəqil bir dövlətin ərazisinə soxuldular.

Ziyad Əmrahov Ziyad Əmrahov

Z.Əmrahov bildirib ki, müstəqil Cümhuriyyətin devrilməsində xarici qüvvələrlə yanaşı, xüsusi fəallıqları ilə seçilən daxili qüvvələr olublar: “Həmin daxili qüvvələr-kommunistlər elə uğrunda çalışdıqları rejimin cəza maşınında müxtəlif vaxtlarda ölüm hökmünü daddılar. Cümhuriyyəti quranlar isə müstəqillik haqqında “İstiqlaliyyət bəyannaməsi”ni ölkə hüdudlarından kənarda elan edib, sonradan ölkənin ərazi bütövlüyünü qorumaq, Bakını paytaxta çevirmək üçün ölüm-dirim savaşı vermişdilər. Aparılmış savaşda isə yalnız tarixi Azərbaycanın Arazdan şimaldakı ərazilərində bu suverenliyi yarada bilmişdilər.

Qurulan dövlətin adı belə qonşular tərəfindən qısqanclıqla qarşılanmışdı. Gah qonşu İran, gah da daxildəki düşmənlər bu adı qəbul edə bilmir, müxtəlif bəhanələr səsləndirir, “vahid və bölünməz Rusiya amili”ni ortaya atır, beynəlxalq hüququn az sonra subyektinə çevriləcək Respublikanın varlığını həzm edə bilmirdilər. Bütün bu təhdid və birbaşa təhlükələr onun fonunda respublikanın istiqlaliyyəti 1920-ci il yanvarın 11-də Parisdə Versalda Antanta ölkələrinin Ali Şurası tərəfindən tanınmışdı.

Həmin tarixi anı Cümhuriyyətin xarici işlər naziri postunu tutan Fətəli xan Xoyski Parlamentin 1920-ci il 12 yanvar tarixli iclasında alqışlar sədası altında belə qeyd edirdi ki, Azərbaycan xalqı öz istiqlaliyyətini aləmə məlum etmişdi və bir millət gərək cəmi aləmə istiqlaliyyətə layiq olduğunu göstərsin.

Bəli, bu sözlər təsadüfən deyilməmişdi. Bu, bir müstəqil respublikanın xarici işlər nazirinin hələ 1918-ci ilin noyabrın 17-də Bakıya daxil olaraq Cümhuriyyətin müstəqilliyini tanımaqdan imtina edən ingilis qüvvələrinin ali baş komandanı Tomsonla apardığı gərgin danışıqları yaşamış dövlət xadiminin eyni zamanda ölkənin ali qanunverici orqanından Azərbaycan xalqına bir hesabat məruzəsi idi. Azərbaycan xalqına Parlament kürsüsündən bu xitabətin sevinci həm də onda hiss olunurdu ki, əvvəl Cümhuriyyətin istiqlalını, indi isə onun təsdiqini elan etmək səadətini yaşamışdı. O zaman hökumət başçısı, baş nazir postunda, indi isə xarici işlər naziri postunda bu möhtəşəm missiyanı Azərbaycan xalqı ilə bölüşürdü”.

Tarixçi bildirib ki, bütün bunlara rəğmən Azərbaycanı xalqının o zamankı bu möhtəşəm sevincinə həm şimaldan gələn təhlükə, həm də daxildəki, qanunverici orqanın tərkibindəki parlament üzvləri tərəfindən iclasların gedişində qeyri-müəyyən çıxış və mülahizələrlə canlı sipər çəkməyə çalışırdılar: “Daxildəki qüvvələri bir az da ürəkləndirən məqam isə şimaldan Denikin təhlükəsinin başlanması idi. Bu məqam Əliheydər Qarayev, Səmədağa Ağamalıoğlunun çıxışlarında kəskinliyi ilə qoyulmuşdu. Kars, Zəngəzur, Qarabağda fəallaşan erməni separatçılarına hökumətin silahlı müdaxilə etməsini qətiyyətlə tələb etmək əvəzinə “möhtərəm məbuslar” hakimiyyətin təhvil verilməsini, yeni qurulacaq “şura hökuməti” ilə həmrəyliyə çağırışlar edir, Zəngəzur, Kars və Qarabağda ermənilərin separatçı hərəkətlərinə son qoyacaq yeganə qüvvənin Qırmızı Rusiya qüvvələri olduğunu bəyan edirdilər. Əliheydər Qarayaevin bu bədnam fikirlərinə qarşı M.Ə.Rəsulzadə kəskin mövqe sərgiləyib: “Bunu deyən Azərbaycan xalqının nümayəndəsimidir və yaxud Məclisi-Məbusan üzvü sifətilə guya bizimlə Azərbaycan müqəddəratı məsələsində şərik görünən Rusiya vəkilidir? Öz içərimizdən bizə ultimatum verir, bizi Qırmızı Rusiyanın orduları ilə təhdid edir?”

Z.Əmrahov vurğulayıb ki, həmin təhdidlər getdikcə açıq müstəviyə keçirdi: “Daxildən başlanan təhlükə xaricdən Rusiya Xalq Xarici İşlər komissarı G.Çiçerin tərəfindən verilən notalarla daha da möhkəmlənir, Azərbaycanın başı üzərinə qara buludlar yaxınlaşırdı. Azərbaycan hökumətini Denikinlə danışıqlar aparmaqda günahlandıran Rusiya gələcək işğalını pərdələmək üçün bəhanə axtarırdı. Cümhuriyyət Parlamentində isə kommunist və sosialist fraksiyasının üzvləri gələcək Qırmızı Ordunun ilhamverici tərəfdarları kimi çıxış edirdi. Bolşevik Rusiyasının silahlı qüvvələri isə artıq şimal sərhədimizin lap astanasında idi. 1920-ci ilin 27 aprelində bolşevik Rusiyasının silahlı qüvvələri – başda XI Ordu olmaqla Azərbaycan sərhədlərini keçib müstəqil bir dövlətin ərazisinə soxuldular.

Həmin dövrdə Azərbaycan – Rusiya sərhədlərində olan azsaylı silahlı dəstələrimiz müəyyən qədər müqavimət göstərsələr də bu, nəticəsiz oldu. Bəzi mənbələrdə 60 min, bəzi mənbələrdə isə 70 min rus–bolşevik silahlı dəstələrinin Azərbaycana hücum etdiyi qeyd bildirilir. Bununla da “sovet hakimiyyətinin, fəhlə-kəndli hakimiyyətinin qurulması və Türkiyəyə yardım” adı altında Azərbaycanın Rusiya tərəfindən yeni işğalı baş verdi.

Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə yazırdı: “Nikolay Rusiyası ilə Lenin Rusiyası arasında heç bir fərq yoxdur. O zamankı zəncirlərin rəngi ağ, indiki zəncirlərin rəngi qırmızıdır”. Burada ağ və qara, Rusiyanın o dövrlərdəki bayraqlarına işarədir. Aprelin 27-i saat 20.45-də Azərbaycan Parlamentinin Məmməd Yusif Səfərovun sədrliyi ilə fövqəladə iclası keçirildi. Parlamentin fövqəladə iclasının açıq şəkildə keçirilməsini təkidlə tələb edən M.Ə.Rəsulzadə parlamentin axırıncı iclasında çıxış etdi. Bu çıxışında sərhədlərimizi keçən düşmən qüvvələrinə sonacan müqavimət göstərməyi vacib saydı...

Lakin göstərilən səylər əbəs idi. Düşmən artıq Yalama stansiyasında 2 saatlıq qanlı toqquşmalardan sonra Bakıya doğru irəliləyirdi. Artıq vəziyyətin çıxılmaz olduğunu görən Parlament hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında qərar çıxardı, müstəqil dövlətin varlığına son qoyuldu. Bununla belə, Azərbaycan xalqı daha bir tarixdən ibrət ala biləcək hadisəyə şahidlik elədi. Müstəqil Cümhuriyyətin devrilməsində xüsusi fəallıqları ilə seçilən daxili qüvvələr, kommunistlər Əliheydər Qarayev, Çingiz İldırım, Mirzə Davud Hüseynov və digərlərinin elə uğrunda çalışdıqları rejimin cəza maşınında müxtəlif vaxtlarda ölüm hökmünü daddıqlarını görə bildilər”.

Ramid İbrahimov

Paylaş »
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› “Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan
Son xəbərlər
Bütün xəbərlər »