Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dünyanın alt-üst olmağından qorxmayın…”

Bahəddin Həziyev: “Məndən olsaydı, onlara Milli Qəhrəman status verərdim…”

Aprelin 28-də 55 yaşı tamam olan “Bizim Yol” qəzetinin, Bizimyol.info saytının baş redaktoru, publisist Bahəddin Həziyevlə müsahibəni təqdim edirik.

- Deyəsən, Rəşad Məcidin 55 yaşı olanda, ona yazmışdınız ki: “Tanrıdan iki “5” almısan”…

- Söhbətə çox sevdiyim, maraqlı insanın adı ilə başladıqsa, ardı da yəqin maraqlı olacaq. Hə, yazmışdım elə bir şey.

- İndi özünüz də iki “5” aldınız. Sizin üçün “ömür” deyilən nədir?

- Biz bu dünyaya dərs almağa, öyrənməyə gəlmişik. Allah imtahana çağıranda gedəcəyik cavab verməyə. İndi neçə “5” olacaq, ya da heç olmayacaq – onu bilmirik… Təki yaşamaqdan yorulmamış çıxb gedə bilək.

Bahəddin Həziyev

- 55 yaşda nəvə də gəldi, həyatınız daha maraqlı oldu.

- Hə. Lap vaxtında gəldi. Övladlar ata-ananın nəfəsidir. Nəvə də ikinci nəfəs.

- İkinci nəfəsiniz də açılmış oldu.

- Elə də demək olar. Doğrudur, vallah.

- Nəvə həyatınızı necə dəyişdi? Nə cür hissdir bu?

- Deyəsən, Elif Şafakın “Eşq” romanından yadımda qalıb. Deyir: “Düzənim pozular, həyatım alt-üst olar deyə qorxma. Həyatının altının üstündən daha gözəl olmadığını kim bilir?!”  Bəli, nəvəm gəldi, sanki həyatım yenidən, təbii ki, yaxşı mənada “alt-üst” oldu. Və həyatın altı bu dəfə də ən azı elə üstü qədər gözəlmiş. Bəlkə də daha gözəlmiş.

- Heç bu tərəfdən baxmamışdım, doğrusu.

- Həyatın alt-üst olmağı bizə həmişə qorxulu tərəfindən tanıdılıb. Ancaq bu, həmişə pis şey deyil; baxın, insan hər bir uğurunu qazandıqca, həyatı bir az “alt-üst” olur; ailə qurur, övladlar gəlir, nəvələr gəlir. Həyatın dəyişir. Kim deyə bilər ki, çaylar həmişə indi axdıqları yataqlarında axıb. Yox, təbii ki. Zəlzələlər, daşqınlar axınların yönünü zaman-zaman dəyişib. Təki hər kəsin həyatında belə “xoşbəxt zəlzələlər” olsun.

- Onda belə çıxır ki, insan həyatı başdan ayağa xoşbəxtliklərlə doludur? Hər gələn insan xoşbəxt olur? Ailəsi varsa, övladı varsa…

- Bu, sənin həyatdan nə gözlədiyinə bağlı. Bir də ki, Artur Şopenhauer demişkən: “Allahın insanları Yer üzünə xoşbəxt olmaq üçün göndərdiyni kim dedi?!” Xoşbəxt olmaq, bədbəxt olmaq – bunlar əslində böyük ölçüdə nisbi anlayışlardır. Dünyanin bir ucunda – tutaq ki, Cənub Şərqi Asiyada yağışlar daşqına, selə dönüb həyatları qaraldanda, o biri ucunda Afrika insanı dua edir, qurban deyir ki, yerə, heç olmasa, Göydən bir damcı düşsün. Yəni xoşbəxtliyin anlamı, qaynağı insandan insana, zamandan zamana, məkandan məkana dəyişir. Bəzi insanlar böyük ailənin, çoxlu dostlarının varlığıyla xoşbəxtdir, bəziləri isə öz tənhalığı ilə.

- Kiməsə görə bədbəxtlik kiməsə görə xoşbəxtlikdir anlamında?

- Bax, Dostoyevski həyatın dibində yaşadı, ancaq dünya ədəbiyyatına “Cinayət və cəza” kimi şedevr bağışladı. İndi o, xoşbəxt olub, ya bədbəxt?! Bəlkə Dostoyevski o əsəri yaza bildiyinə görə, biz də oxuya bildiyimizə görə xoşbəxtik. Yəni həyatın çox rəngləri var, hər rəngin minbir çaları var. Hər birimiz bu dünyaya tək gəlirik, gedəndə də tək gedirik. Düşünürəm ki, insan əslində bəlkə də özü xoşbəxt və bədbəxt olmaq üçün deyil, başqalarını xoşbəxt və bədbəxt etmək üçün gəlir. Gələndə özü ağlayır, gedəndə geridə qalanlar. İnsan – ondan sonra dalınca ağlayan varsa, xoşbəxtdir.

- Elə bil ki, müsahibə almıram, kitab oxuyuram. Bütün müsahibələrinizdə, yazılarınızda tarixi şəxsiyyətlədən, alimlərdən, ədəbiyyatdan, elmdən, kinodan, musiqidən misallar olur. Bunun sirri var? Bu, bir üslubdur, ya nədir?

- Sirr olası bir şey yoxdur. O sözləri ki, başqaları səndən əvvəl və daha yaxşı deyib, deməli, səndən qat-qat ağıllı olublar. Sənin o deyilənlərin üstünə deyəcəyin bir sözün yoxdursa, nə deyəcəksən?! Sözün olanda danış, olmayanda sus. Bir də ki əlində qələm olan hər kəs elmi, kitabı, mədəniyyət adına gözəl nə varsa, tanıtmaqla mükəlləfdir. Hələ 19-cu yüzildə Amerikalı yazar Marqaret Fuller yazırdı: “Hər hansı biliyin varsa, qoy başqaları onda şam yandırsınlar”.

- Bu arada özünüzün də ədəbi yaradıcılığa meyliniz var. Bədii-publisistik yazılar yazırsınız, şeirlərinizi ara-sıra paylaşırsınız…

- Mən həmişə həm də yazıçı olmaq istəmişəm…

- Olmusunuz artıq. Şeirləriniz, bədii publisistikanız var…

- Ola bilsin. Nə bilim? Mən deməzdim. Məni yazıçı kimi tanıyan yoxdur axı. Tanıyan varsa da, jurnalist kimi tanıyır.

- Yazıçı olmaq üçün Yazıçılar Birliyinə üzv olmaq lazımdır?

- Yazıçı kimi tanınmaq üçün bəlkə də… Amma, yox, yazıçı olmaq üçün bir az tənha olmaq yaxşıdır. Mənim fikrimcə.

- Sizin Vaqif Bayatlı haqqında yazdığınız “Yaşıl köynəkli oğlan” əslində bir bədii hekayəyə daha yaxın idi.

- Baxmayaraq ki, özümdən heç nə uydurmamışdım…Bilirsiniz, dünyada yeni ədəbi trend var bu saat. Hikmət Hacızadə də bir müsahibəsində bundan geniş və maraqlı danışmışdı. İndi dünyada o qədər maraqlı, eləcə də, dəhşətli hadisələr baş verir ki… Gerçək hekayələr indi daha çox trenddədir. Faysbukda da indi statuslardan daha çox, paylaşılan hekayələrə maraq var. Bədii obrazlar uydurmağa elə də gərək yoxdur daha. Ədəbiyyatın da obrazları bizim ətrafımızdakı canlı insanlardır. Gördüyümüz, tanıdığımız, sevdiyimiz, ya sevmədiyimiz… İndi mənfi qəhrəman, müsbət qəhrəman deyə bir şey də yoxdur. Ümumiyyətlə, nə qəhrəman?! Obrazlar, xarakterlər var. Bütün tərəfləri, bütün cəhətləri ilə. Necə varsa. “Yaşıl köynəkli oğlan” da, elə o qəbildən başqa yazılar da gerçək hekayələrdir bəlkə də. Ola bilsin, ədəbi yaradıcılıq texnikasını o qədər də yaxşı bilmirəm. Ancaq, məncə, obrazları gerçək həyatdan və olduğu kimi götürmək ən doğrusudur.

- Amma Siz 70-80-ci illərin romantik ədəbiyyatı ilə böyümüş nəsilsiniz. O dövrün idealları ilə böyüyyən insan üçün üçün yeni dövrün şıltaqlıqlarına alışmaq çətin deyil ki?

- Öz dövrünün məhsulu olan insan nəyə yarayır ki?! Kim öz dövründən qopa bilib gələcəkdə yaşayırsa, hə, o insan dünyanı dəyişir. Doğrusu, romantika da oxumuşam. Məsələn, Bloku, Müşfiqi çox sevmişəm…

- O illərdə gənclərin, yeniyetmələrin çoxu Əlibala Hacızadəni, Salam Qədirzadəni –filan oxuyurdular…

- Mən onlardan heç nə oxuya bilmədim. Uzaqbaşı bir neçə səhifə bəs edirdi ki, mənlik olmadığını anlayam. Mənim tarixi, fəlsəfi əsərlərə marağım çox olub. Psixoloji romanlar və bu qəbildən olanlar. Yaşıdlarım kitabxanadan Ələviyya Babayevanın “Adamlar və talelər” romanını, nə bilim, Nurəddin Babayevin “Qızlar, sözüm sizədir” kitabını soruşanda, mən Dostoyevskinin “İdiot”unu, yaxud Hüqonun “Səfillər”ini axtarırdım. Şükür, kitabxanaçımız Rəfiqə xala həyatdadır (Allah uzun ömür versin!). Hüseyn Cavidin “Peyğəmbər”ini tapmaq üçün payız vaxtı yük maşınında Füzulidən Ağdama getmişdim. Yox, əsla özümü tərifləmək mənasında demirəm bunları. Əlibala Hacızadəni oxuyanlar indi məndən fərqli olaraq, daha yaxşı yaşayır, böyük var-dövlət sahibidirlər. Deməyim odur ki, hərənin bir zövqü, bir maraq yönü, bir həyat amalı var. Mənimki də belə olub.

- Bir az əvvəl “gələcəkdə yaşamaq” ifadəsini işlətdiniz, çox maraqlı gəldi. Bir yazınızda da vardı bu fikir deyəsən. Açması nədir?

Bahəddin Həziyev Bahəddin Həzi

- Bu, mənim fikrim deyil. Dünyaca məşhur neyrobioloq Dispenzanın fikridir. O, özünün “Təhtəlşüurun gücü” əsərində Mahatma Qandini misal çəkib. Deyir ki, Qandi keçmişdən qopmuşdu, Hindistanın gələcəyində yaşayırdı. Qandi ölkəsini ingilis əsarətindən xilas edə biləcəyinə inanmasaydı, öz mübarizəsini apara da bilməzdi. Qalib də olmayacaqdı. Müstəmləkə olan Vətəninin gələcəyini azad görmək üçün əvvəlcə sən özün həmin azad gələcəkdə yaşamalısan. Yoxsa inandıra bilməzsən heç kimi öz ideallarına. Necə ki, Rəsulzadə öz Vətəninin gələcəyində yaşadı. Onun bütün həyatı keçmişdən dərs alıb gələcəyi qurmaqla keçdi. Ölkənin gələcəyini qurmaq bir ayrı şeydir, o gələcəyə qonmaq bir ayrı şey. Ona görə “qurucu babalar” deyəndə, Xalq Cümhuriyyətini, o şəxsiyyətləri nəzərdə tuturuq. O kişilər öz müasirləri olan məşhur alman tarixçisi, filosofu Osvald Şpenqleri, şübhəsiz ki, oxumuşdular. Yeri gəlmişkən, onun “Avropanın qürubu” əsərinin birinci cildi 1918-ci ildə çap olunmuşdu. Şpenqler deyirdi ki, millətin əsasında ideya durur. Rusiyanın ucqarındakı geridəqalmış bir əyalətdən müstıqil, demokratik parlament respublikası yaratmaq millətin gələcəyini şəkilləndirilmək demək idi. Qayıdıb keçmişi yenidən qurmamışdılar ki onlar. Keçmişdə olmamış bir yeni ideoloji-siyasi görüş, düzən gətirmişdilər. O kişilər keçmişdə qalmağı heç demirəm, hətta elə öz dövrlərində yaşasaydılar, bunu edə bilməzdilər axı. Söhbət fiziki anlamda yaşamaqdan getmir, ruhən, fikrən yaşamaqdan gedir. Elə insanlar var, cismi bir zamanda yaşayır, ruhu başqa zamanda.

- Sizin nəsil də milli-azadlıq hərəkatını gördü. Azərbaycanin müstəqilliyinin qazanılmasında iştirak etmək necə bir hissdir?

- Mən sıra nəfəri olmuşam, sadəcə. Hadisələrin iştirakçısı və şahidi olmuşam. Müstəqillik Haqqında bəyannamə, Konstitusiya Aktı qəbul olunanda, mən “Azadlıq” qəzetinin parlament müxbiri kimi o iclaslarda olmuşam, reportajlar, yazılar yazmışam. Buna xidmət deməzdim. Mən öz işimi görürdüm, buna görə də redaksiyadan maaş alırdım. Bu hadisələrin gerçək qəhrəmanları siyasətçilərdir. Başda Elçibəy olmaqla, təbii ki. Məndən olsaydı, 1991-ci ilin martında Sovet İttifaqının saxlanmasına dair referendum qərarının əleyhinə səs vermiş deputatlara Milli Qəhrəman ststusu verərdim...

- Axı onlar da öz işlərini görürdülər, həm də deputat maaşı alırdılar...

- Onlar həyatlarını təhlükəyə atırdılar. Tarixi yaradırdılar. Biz isə, sadəcə, gözümüzün önündə yaradılan tarixin rəsmini çəkirdik. Bu qədər böyük fərq var.

- Həmin deputatlardan bəziləri sonradan elə müstəqil dövlətə xəyanətdə ittiham olundular.

- Bəli, ittiham olundular. Bu, artıq başqa və daha geniş söhbətin mövzusudur. Ancaq mənim üçün o istiqlalçı deputatlar arasında simvol ad – Tofiq Qasımovdur.

- Sizinlə danışa-danışa mən baxdım. Müstəqillik Aktı 1991-ci ilin oktyabrında qəbul olunub. Siz isə martdan danışdınız...

- Martda əskər respublikalar (Baltikyanı istisna olmaqla) SSRİ-nin saxlanmasına səs verdi. Oktyabrda müstəqilliyə səs vermək asan idi. Çünki avqustda artıq Moskvada “QKÇP” deyilən çevriliş olmuşdu. Kommunist Partiyası dövlət idarəçiliyindən çoxdan kənarlaşdırılmışdı. SSRİ faktik olaraq bitmişdi. Martda isə Ittifaq dövlətinin başqa bir formada da olsa, davam edəcəyinə inananlar, dirənənlər hələ də çox idi. O zaman istiqlala səs vermək böyük risq daşyırdı. Mənim yadımdadır: həmin mart referendumu ərəfəsində Moskvada yaşayan, Sovet cəmiyyətində yüksək mövqelər tutan ziyalılar Azərbaycanın Ali Sovetinə bir məktub göndərmişdilər ki, SSRİ-nin əleyhinə səs verməyin, yoxsa məhv olarıq. Əhməd İsgəndərov, Cahangir Kərimov, Rüstəm İbrahimvəyov, səhv etmirəmsə, Lalə Şövkət və başqa çox adam. O ziyalılar arasında yazıçı Maqsud İbrahimbəyovun da imzası vardı. Yadımdadır ki, Tofiq Qasımov söz alıb tribunaya çıxdı və Maqsud İbrahimbəyovun öz yaradıcılığından bir misal çəkdi: onun əsərlərindən birində təsvir olunur ki, şiri qəfəsə salıb orda saxlayırlar. Uzun zaman qəfəsdə yaşayan şiri bir gün qəfəsdən açıb təbiətə buraxmaq qərarına gəlir insanlar. Şir isə öz qəfəsinə o qədər öyrəşib ki, ordan çıxmaq istəmir, qəfəsdə qalmağı üstün tutur. Öz qəfəsini sevib artıq...

- Bu günlər də SSRİ-nin bərpası əndişəsi yaranıb. Putinin bununla bağlı bəyanatı ortaya çıxıb. Bizdə buna isti baxanlar da var deyəsən...

- Qəfəsinə vurulmuş, qəfəsinin nostaljisini yaşayan adamlar həmişə var. Balaca qəfəsdən çıxıb daha böyük qəfəs istəyirlər uzaqbaşı. Qəfəs isə fiziki ölçülərindən asılı olmayaraq elə qəfəs olaraq qalır. Bax, bu gün koronavirus bəlası ölkəmizi, yaşadığımız şəhərimizi, hətta evlərimizi bizə qəfəs halına gətirib. Ümid edirəm ki, insanlar bu vəsilə ilə azadlığın hər şeydən daha qiymətli nemət olduğunu anladılar, ya da anlayacaqlar. Təsəvvür elə ki, çoxlu pulun var, ancaq sən onu çıxıb xərcləməyə yer tapmırsan. Heç çıxa da bilmirsən.

- Yazılarınızdan birində yazmışdınız ki, koronavirus bir qlobal dindir. Bu necə bir dindir ki, insanları qırır, qalanlarını da, Siz dediyiniz kimi, qəfəslərə doldurub?

- Bu, əlbəttə, hərfi anlamda anlaşılmamalıdır. O fikrin konteksti var...

- Yaxşı bəs, bundan sonra nə olacaq? Sizin fikriniz nədir? Kimisi deyir, bu oyundur, kimisi deyir, müharibədir...

- Koronavirus bir gerçəklikdir. Kimsə oyun sansa da, kimsə müharibə sansa da, kimsə yox saysa da. Qaliley demişkən, hər halda dünya fırlanır. Sol Bellounun “həqiqətə dözməyi bacarmaq” ifadəsi var. Koronavirus həqiqətinə dözə bilsək, salamat qalacağıq və professor Rafiq Əliyevin “rəqəmsal sivilizasiya” adlandırdığı yeni eraya keçib, yaşamağa davam edəcəyik. O, iki-üç gün qabaq maraqlı vebinar verdi, orda bu haqda dəyərli fikirlər söylədi. Bilirsiniz, konspriologiyaya uyanlar da olacaq, kompetent araşdırmalar da olacaq. Bu, təbidir. İnsanları bu saat iki sual düşündürür: bir sual belədir ki, bu virus necə oldu ki, yarandı və yayldı? Kimdir günahkar? Ümumiyyətlə, virus varmı, yoxmu? İkinci sual: bundan sonrakı dünya necə olacaq? Mən və ya heç olmasa, mənim uşaqlarım yeni dünyada yaşamaq imkanı qazanacaqlarmı? (Fiziki və psixoloji anlamda). Budur hamını düşündürən.

- Bu suallara kim, hansı dövlət cavab verəcək?

- Bu suallara əvvəlcə elm cavab verəcək. Dünya yeni erada, rəqəmsal sivilizasiyada yaşamaq haqqı və imkanı qazanmaq üçün iki şeyi anlamış olmalıdır: birincisi, azadlıq ən böyük sərvətdir; ikincisi, dünyanı elm xilas edəcək. Dünyanın gələcəyi elmdədir.

- Dünyanı bu bəlaya salan da elm olmadımı?

- Elə bunun özü onu təsdiq edir ki, dünyanı xilas etməyin də elmdən başqa yolu yoxdur. O başqa məsələdir ki, siyasətçilər, dünyanın, eləcə də, ayrı-ayrı ölkələrin taleyi ilə bağlı qərar vermək yetkisi olanlar bu gerçəyi nə qədər dərk edə biləcək? Nə qədər elmə söykənərək hərəkət edəcək? Baxın, elm qlobal istiləşmənin dünya üçün necə böyük bir təhlükə olduğunu ortaya çıxarmışdı. Kioto sazişi nəyə əsaslanaraq hazırlandı və imzalandı? Elmi hipotezlərə, proqnozlara, hesablamalara. Ancaq, məsələn, ABŞ bu sazişi imzalamayıb. Eləcə də, yazırlar ki, indiki koronavirus pandemiyası təhlükəsi haqqında hələ ötən ilin sentyabrında böyük siyasət əvvəlcədən məlumatlı olub. Mən də bunu nəzərdə tuturam ki, siyasət dünyanı xilas etmək istəyirsə, ancaq və ancaq elmlə xilas edəcək. O dünyanın içində biz də varıq.

- Söhbəti yubiley ab-havasına qaytarmaq üçün bir sual: növbəti 55-nizin müsahibəsini Rafiq Əliyevin dediyi, o yeni, rəqəmsal sivilizasiyada almaq imkanım olacaq?

- Siz zarafatla soruşdunuz. Ancaq inşallah olacaq. Başlıcası odur ki, buna haqqımız olsun. Yeri gəlmişkən, bu müsahibənin özü də rəqəmsal texnologiyanın köməyilə baş tutmadımı?

- Bəs o sivilizasiyada yaşamaq haqqımız varmı?

- Haqqımız olduğunu düşünürəm hər halda. Ümid edirəm ki, var.

- Onda elə bu nikbin niyyətlə də söhbəti bitirsək yaxşı olar.

- Təşəkkür edirəm.

Söhbəti apardı: İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »