Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sovet tarixinin ən müəmmalı faciəsi: Çernobıl AES-dəki partlayış “sirr pərdəsi”ni hələ də qoruyur

Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzadan 34 il keçir. 26 oktyabr 1986-cı ildə baş verən bu qəza dünya tarixində ən dəhşətli nüvə fəlakətlərindən biri sayılır. Aradan onilliklərin keçməsinə, bu arada yüzlərlə araşdırmaların, elmi tədqiqatların yazılmasına baxmayaraq, hadisə ilə bağlı qaranlıq məqamlar hələ də qalmaqdadır.

Dünya ictimaiyyəti qəzanın necə baş verməsi, onun səbəbləri, yaratdığı fəsadlar haqqında nələri bilir? Çernobıl qəzası ilə bağlı bildiyimiz faktlar bütün qaranlıq mətləblərə aydınlıq gətirirmi?

Bzizimyol.info Musavat.com-a istinadən ötən əsrin ən böyük faciələrindən biri sayılan Çernobıl qəzası haqqında maraqlı faktları təqdim edir:

1. 26 oktyabr 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokundakı partlayış zamanı atmosferə radioaktiv maddələrin yayılması nəticəsində yaranan şüalanma Nüvə Hadisələrinin Beynəlxalq Mərkəzinin göstəricilərinə əsasən, ən maksimal bal sayılan 7 balla qiymətləndirilib.

2. Qəzanın səbəbini araşdırarkən bir neçə versiya ortaya çıxıb. Əsas səbəb isə 4-cü enerji blokunun turbogeneratorunda düzgün aparılmayan sınaq olub. Keçirilən sınağın ilk dəqiqələrində reaktorun içində mütəxəssislərin də anlaya bilmədiyi nasazlıq yaranıb, turbinlərə gedən su yavaş-yavaş kəsilməyə başlayıb, bunun da nəticəsində güclü buxarlanma baş verib. Yaranmış yüksək temperatur blokun səthinin dağılmasına səbəb olub ki, bir dəqiqə ərzində iki dəfə güclü partlayış baş verib və güclü yanğın başlayıb.

3. Qəza nəticəsində atmosferə yayılan radioaktiv maddələrin miqdarı Naqasaki və Xirosimaya atom bombalari atılan zamanı yayılan radioaktiv maddələrdən təxminən 90-100 dəfə artıq olub.

4. Blokdakı partlayış nəticəsində baş verən yanğını yalnız iki həftədən sonra tam söndürmək mümkün olub.

5. Qəzada ilk olaraq, daha çox yanğınsöndürənlər zərər çəkiblər. Belə ki, hadisə yerinə ilk cəlb olunan və hadisənin mahiyyətini bilməyən yanğınsöndürənlər öz vəzifə borclarını şüalanmanı nəzərə almayaraq, adi yanğınlarda olduğu kimi icra ediblər. Bir neçə gündən sonra isə onlar yüksək şüalanmadan həyatlarını itiriblər.

6. Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın fəsadlarının aradan qaldırılması zamanı 800 min insan radiasiyaya məruz qalıb. Onlardan 7 min nəfəri həyatını itirib, 70 min nəfər isə ömürlük əlil olub. Sonrakı illəri də nəzərə alsaq, ümumilikdə Çernobıl qəzası 8 milyona yaxın insanın şüalanmaya məruz qalmasına səbəb olub.

7. Çernobıl qəzasının ən ağır fəsadlarından biri də odur ki, şüalanmaya məruz qalan insanlardan dünyaya gələn uşaqlar içərisində xərçəng və müxtəlif xəstəliklərin göstəriciləri daha yüksəkdir.

8. Çernobıl faciəsindən sonra həkimlər ərazidə yaşayan hamilə qadınlara abort etmələrini tövsiyə ediblər.

9. Qəza yerinin 30 km radiusunda yaşayan 115 mindən artıq sakin evakuasiya edilib.

10. Qəzadan sonra ətrafdakı meşəliklərdə olan ağaclar radiasiya nəticəsində sarı rəngə boyanıb, sonralar həmin ərazi “sarı meşə” adını alıb.

11. Qəzanın nəticəsi olaraq, radioaktiv buludlar və yağışlar nəinki Ukrayna ərazisinə, həmçinin onun kənar sərhədlərinə də yayılıb. Burada qonşu kimi ən çox Belarus zərər çəkib. Eləcə də radiasiya Türkiyənin Qara dəniz sahillərində də öz təsirini göstərib.

12. Çernobıl Atom Elektrik Stansiyasında partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən “Sarkofaq” əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıb.

13. Həmin dövrdə Sov.İKP Mərkəzi Komitəsinin baş katibi olan Mixail Qorbaçov Ukraynanın birinci katibi Vladimir Şerbitskiyə Çernobıl qəzası haqqında ictimaiyyətə geniş məlumat verilməməsi, 4 gündən sonra Kiyevdə 1 May bayramı ilə bağlı nümayişin və digər tədbirlərin əvvəlki qaydada təntənəli keçirilməsi göstərişini verib.

14. Çernobıl qəzası ilə bağlı məlumat mətbuatda yalnız iki cümlə ilə öz əksini tapıb: “26 aprel 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında yanğın hadisəsi baş vermişdir. Hadisənin nəticələri aradan qaldırılır, faktla bağlı hökumət komissiyası yaradılıb”.

15. Hadisənin gizlədilməsi Ukraynada ictimai sabitliyi pozub. Faciədən xəbərdar olan yerli sakinlər 1 May nümayişinə çıxmaqdan imtina edəndə, milis müdaxiləsi ilə üzləşiblər.

16. Nəhayət, bu dəhşətli hadisə SSRİ rəhbərliyi tərəfindən iki həftə gizli saxlanılsa da, sonda Mixail Qorbaçov televiziya vasitəsi ilə faciənin baş verməsi, səbəbləri və fəsadları ilə bağlı xalqa müraciət edib...

Beləliklə, “humanist” ideyalardan ağızdolusu danışan sovet rəhbərləri kütləvi insan ölümləri ilə nəticələnən digər faciələr kimi, Çernobıl faciəsini də gizlətməyə çalışıblar. Amma SSRİ-nin süquta doğru getdiyi bir ərəfədə kommunistlərin bu cəhdi baş tutmayıb. Sirlər tam açılmasa da, zaman-zaman faciəsinin gizlinləri üzə çıxıb.

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Koçaryan: “Azərbaycanı qıcıqlandırmaq yox, danışıqlar üçün qapıları açıq saxlamaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »