Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: Biz Mnatsakanyandan nə eşitmək istəyirdik ki...

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun bu ilin 21 aprel tarixində keçirdiyi videokonfrans zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara dair səsləndirdiyi bəyanata, mərhələli həlli özündə ehtiva edən razılaşma variantının masa üzərində olmasına dair dediklərinə Ermənistanın XİN rəhbəri kəskin münasibət bildirib.

Ermənistanın xarici işlər naziri Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun açıqlamasına cavab verərək Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildirib. Eyni zamanda indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri rədd və inkar edib.

Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov Lavrovun və həmsədrlərin iştirak etdiyi videomüzakirələrdə rəsmi Bakının və Azərbaycan xalqının mövqeyini ifadə edib kəskin cavab verməməsi bir neçə gündür cəmiyyətdə müzakirə mövzusuna çevrilib. Bir çox ekspert və politoloqlar pandemiya dönəmində Azərbaycanın təklənmiş Ermənistanın cavabını hərbi yolla verməli olduğunu, Məmmədyarovun isə dövlət başçısının çağırışlarına yetərli cavab vermədiyini əsas gətirərək, istefaya getməli olduğunu qeyd edirlər.

Hərbçi Ekspert Tərlan Eyvazov Bizimyol.info-ya verdiyi açıqlamada pandemiya dövründə müharibəyə başlamağın intihara bərabər olduğunu söyləyib.

Politoloq Elşən Manafov isə əksinə, savaşa başlanılmayan hər bir günü itki hesab etdiyini vurğulayıb.

Politoloq Vüsal Məmmədov Bizimyol.info-ya verdiyi açıqlamada qeyd edib ki, Mnatsakanyanın bəyanatı əslində diplomatik oyundan başqa bir şey deyil:

Vüsal Məmmədov

“Azərbaycan diplomatiyasına Prezident rəhbərlik edir, xarici işlər naziri daha çox icraçı və təşkilatçı fiqurdur. Prezidentin özü Qarabağ münaqişəsilə bağlı kifayət qədər sərt fikirlər səsləndirir. Elmar Məmmədyarovun da maraqlı replikaları olub, məsələn, erməni həmkarına “Əgər mənimlə danışmaq istəməsəniz, Zakir Həsənovla danışacaqsınız” sözləri yadımdadır. Düzdür, bu fikri vaxtilə İsrailin xarici işlər nazirlərindən biri demişdi, amma hər halda, yerinə düşən və uğurlu interpretasiya idi. Mnatsakanyanın bəyanatına gəlincə, nəzərə almalıyıq ki, Lavrovun mərhələli həll haqqındakı açıqlaması çox ciddi gediş idi və rəsmi Yerevan ən azı sifətini qorumaq üçün ona cavab verməli idi. Zöhrab Mnatsakanyanın Lavrova cavab olaraq, işğal altındakı torpaqları qaytarmayacaqlarını deməsi məhz sifətini qorumaq cəhdi idi. Maraqlıdır: O, axı başqa nə deyə bilərdi və biz ondan nəyi eşitmək istəyirdik ki?! Diplomatik oyunlarda bütün qaydalar çoxdan bəllidir və sadəcə, onları düzgün şərh etmək lazımdır.

O situasiyada Mnatsakanyan Lavrovun zərbəsindən müdafiə olunurdu, onun tərəf-müqabili Məmmədyarov deyildi. O ki qaldı, Azərbaycanın xarici siyasətində islahat lazımdırmı, konkret olaraq, xarici işlər naziri dəyişməlidirmi məsələsinə, dediyimiz kimi, ölkənin diplomatiyasına Prezident başçılıq edir. O, peşəkar diplomatdır və özü əla hiss edir ki, hansı kadr harada olmalıdır, hansı mövqedə necə bir fiqura ehtiyac var. Əgər görsə ki, hansısa fiqur yerində deyil və dəyişmək lazımdır, təbii ki, dəyişəcək”.

Pandemiya dövründə savaşın məqbul olub –olmaması barədə sualımızı cavablandıran politoloq bildirib ki, hazırda sülh də, müharibə də Azərbaycanın marağına uyğundur.

“Ermənistan əgər son 10-15 ildə addım-addım əldə olunan irəliləyişlərdən geri çəkilirsə, təkcə Azərbaycana deyil, danışıqları təşkil və himayə edən qüvvələrə də meydan oxumuş sayılacaq. Belə vəziyyətdə Ermənistanı “ağıllandırmaq” üçün onu sadəcə, Azərbaycanla bir neçə gün baş-başa buraxmaq yetər. Çünki, Aprel döyüşlərinə bənzər ikinci bir hadisə Yerevanı danışıqlar masasına qaytarmaq üçün tamamilə bəs edəcək. Danışıqlar masasında isə mərhələli həldən başqa variant yoxdur. Ermənistanın bu münaqişədə manevr imkanlarının dirəndiyi bir dalan var: Özünün zəifliyi. O, nə qədər vurnuxsa da, bu dalandan çıxa bilməyəcək. Hazırda sülh də, müharibə də Azərbaycanın marağına uyğundur. Ermənistanın marağına uyğun gələn isə ancaq bu ikisinin arasındakı vəziyyətdir ki, o da bütün hallarda çox davam edə bilməz. Əgər vasitəçilər görsələr ki, doğrudan da, substantiv danışırlar getmir, Azərbaycanın təkidləri ilə gec-tez iki ölkənin daha bir neçə günlüyə baş-başa qalmasına göz yuma bilərlər”. Politoloqun sözlərinə görə, pandemiya dövründə müharibəyə başlamaq zamansız addım olardı.

“Bu, nə vaxtsa olacaq. Amma məhz indiki pandemiya dövründə həmin vəziyyət hələ yetişmiş kimi görünmür”,- deyə Vüsal Məmmədov vurğulayıb.

İlhamə Rəsulova

Paylaş »
››› Köhnə avtomobillərin hərəkəti qadağan ediləcək
››› “Bakı səfəri Lavrov üçün gərgin keçəcək”
››› Avropalılar qadağaların aradan qaldırılmasını bayram edir
››› Rusiyada vilayət naziri itkin düşüb - Navalnının zəhərləndiyi xəstəxanada həkim işləmişdi
››› Ölkəyə avtomobil adı ilə metal qırıntıları daşınır
››› Deputat ailəsi vətəndaşların əmlaklarını əllərindən necə alır: ağlasığmaz üsullar
››› Heydər Əliyev: “Qarabağa muxtariyyət verilməsi Azərbaycanın içinə qoyulmuş bomba idi”
Son xəbərlər
Bütün xəbərlər »