Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sosial dəstək paketi vətəndaşlara maddi və mənəvi dəstəkdir” - Deputat

Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkə Prezidentinin Sərəncamı ilə işçi qruplar yaradılıb.

İşçi qrup tərəfindən koronavirusdan ən çox zərər çəkmiş, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr müəyyən edilib, eyni zamanda iqtisadiyyatın və özəl sahibkarlığın müxtəlif sahələrinə dövlət dəstəyini nəzərdə tutan proqramlar hazırlanıb. Dövlət proqramlarında əhalinin sosial müdafiəsinin təminatı da nəzərdə tutulub

Dövlət dəstək proqramlarının mahiyyətini Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Bizimyol.info-ya şərh edib. Müsahibəni təqdim edirik:

Aydın Hüseynov Aydın Hüseynov

- Aydın müəllim, statistika göstərir ki, 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək verilir. Bütün bunlar əmək bazarında canlanma tendensiyasıdırmı? Sizcə, pandemiya dövründə yaranmış vəziyyətdə bu rəqəmlər nəyi göstərir?

- Cənab Prezidentin tapşırığı ilə koronavirus pandemiyasından ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır. Mikro və fərdi sahibkarlıq subyektlərinə, o cümlədən muzdla işləyənlərə dövlət yardımının həyata keçirilməsinə başlanılıb. Belə ki, istər kiçik, orta və iri müəssisələrdə çalışan muzdlu işçilər, istərsə də mikro və fərdi sahibkarlar bu yardımdan faydalanırlar. Beləliklə, ancaq bu kateqoriyalara aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır.

Koronavirus pandemiyasının yaratdığı sosial-iqtisadi problemlərin həlli üçün 2,5 milyard manat vəsait ayrılıb. Bax, bu məbləğin önəmli hissəsi həmin kateqoriyadan olan vətəndaşlarımızın sosial qayğılarına, konkret olaraq həmin şəxslərin əmək haqqısının kompensasiyasına ayrıldı.

Ümumiyyətlə, dövlət başçısının tapşırığı ilə pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. İşsiz şəxslərin sosial müdafiəsi üçün ödənişli ictimai iş yerləri artırılır, qeydiyyata düşmüş işsizlər üçün birdəfəlik ödəmələr edilir. Dəstək proqramlarında sahibkarlara belə bir tələb irəli sürülür ki onlar işçilərin sayını azalda bilməz. Bu da dövlət dəstəyinin ünvanına çatdırılması üçün görülən işlərdən biridir.

- DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Ödənişli ictimai işlər aztəminatlı əhali təbəqələrinin sosial vəziyyətinə necə təsir edir?

- Təkcə pandemiya dövründə deyil, ümumiyyətlə, ölkədə aparılan siyasət sosial yönümlüdür. Cənab Prezident dəfələrlə deyib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Və bunu sosial təminat sahəsində atdığı addımlarla dəfələrlə sübut edib. Əhalinin sosial müdafiəsni təmin etmək üçün əmək haqları, pensiyalar, təqaüdlər mütəmadi olaraq sistemli şəkildə artırılır.

Sadəcə pandemiya dövründə xüsusi proqramlar qəbul edildi. Bu proqramlar əsasən pandemiya dövründə vətəndaşlarımıza dayaq olmaq məqsədini daşıyır. Həm muzdlu işçilərə, həm də işsiz kimi qeydiyyatdan keçənlərə dövlət dəstəyinin verilməsi, eləcə də ödənişli ictimai işlərin sayının artırılması onların sosial qayğı ilə əhatə olunmasını nəzərdə tutur. Eləcə də, özünüməşğulluq proqramı həyata keçirilir. Yəni heç bir vətəndaşımız dövlətin diqqətindən və qayğısından kənarda qalmayacaq. Sadəcə, burada müəyyən prosesləri səbrlə gözləmək və həmin prosesləri səbrlə həyata keçirmək lazımdır.

- Belə fikirlər də səslənir ki, 190 manat çox deyil və ehtiyacı olan kəsimin az bir hissəsini əhatə edir. Təklif olunur ki, dövlət bütün vətəndaşlara eyni səviyyədə və daha yüksək ödənişlər etsin. Belə bir ödəniş hamıya və eyni qaydada ödənilərsə, o zaman dövlətin buna imkanı çatarmı?

- Öncə onu deyim ki, dövlət istənilən anda və məqamda öz vətəndaşını tək qoymayacaq. Dövlət vətəndaşını problemlə baş-başa qoymacaq, həmişə onun yanındadır. Bu birmənalı olaraq belədir. Əlbəttə, dövlətimizin rezervləri də var. Sadəcə biz hər şeyə optimal yanaşmalıyıq. Yeri gələndə hər bir vətəndaş bütün probemləri bölüşdürməlidir.

Ehtiyacı olan vətəndaşlara 190 manat yardımın verilməsi doğru yanaşmadır. Bu məbləğlə bağlı müzakirələrə gəldikdə qeyd edim ki, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manatdır. Yaşayış minimumuna uyğun olaraq heç bir yerdə işləməyən 600 min vətəndaşımızın hər birinə 190 manat yardım ödəniləcək. Bu məbləğ MDB-də alıcılıq qabiliyyətinə görə ikinci yerdədir. Ona görə də biz bu məsələlərdə çox səbrlə yanaşmalıyıq. Çünki əvvəllər minimum əmək haqqının məbləği aşağı səviyyədə idi. Cənab Prezident tərəfindən minimum əmək haqqı 130 manatdan 180 manata qaldırıldı, 180 manatdan 250 manata qaldırıldı. Mən hesab edirəm ki, növbəti mərhələdə yaşayış minimumun məbləği də qaldırılacaq.

Unutmamalıyıq ki, 190 manat məbləğində dövlətin etdiyi yardım pandemiya dövründə vətəndaşlara verilən dəstəkdir. Yəni bu müəyyən bir dövr üçün dəstəkdir, köməkdir.

Həmçinin qeyd edim ki, dövlətin yardımı sadəcə 190 manatdan ibarət deyil. Dövlət elektrik enerjisinin aylıq istehlak limitini artırdı. Sosial qayğıya ehtiyacı olan ailələrin üzvləri olan tələbələrin iki semestr təhsil haqqlarının dövlət tərəfindən ödəniləcək. Ümumilikdə sosial dəstək paketi vətəndaşlara maddi və mənəvi dəstəkdir.

- Hökumət işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsini müzakirə edir. Əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil ediləcək. 2020-ci il üçün bu növ ödənişin 20 min nəfəri əhatə etməsi nəzərdə tutulur. Bu haqda nə deyə bilərsiniz?

- Qanunda işsizlikdən sığorta ödənişləri nəzərdə tutulub. İşsizlikdən sığorta fondu formalaşmaq üzrədir. 2020-ci ildə büdcədən kənar fondların büdcəsi formalaşarkən burada kifayət qədər vəsaitin olacağı müəyyənləşibdir. Bu istiqamətdə formalaşan büdcə işləməyən vətəndaşlarımıza yönəldiləcək. Bu ödəniş onlar üçün dəstəkdir.

- Təşəkkürlər, Aydın müəllim.

Ramid İbrahimov

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »