Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əbədi gənclik artıq xəyal deyil: Nanotexnologiya buna imkan verəcək - Müsahibə

Müşfiq Hüseynov: “Nanotexnologiya insan orqanlarının 3D printini mümkün edəcək”

Həkim-farmakoloq, Uluslararası Complete-Pharma Europe əczaçılıq şirkətinin export departamentinin direktoru Müşfiq Hüseynov Bizimyol.info-ya müsahibəsində nanotexnologiyalar barəsində çox maraqlı məlumatlar verib. Əlavə sözə gərək duymadan sizi bu maraqlı söhbətə dəvət edirəm.

- Müşfiq doktor, bu gün möcüzə kimi baxdığımız nanotexnologiyaların nə zamandan tətbiqinə başlanılıb və indi əsasən hansı sahələrdə istifadə olunur?

- Əslində nanotexnologiya mövzusu ilk dəfə hələ keçən əsrin 70-ci illərində istifadə edilməyə başlanılıb. Tokio Universitetinin professoru Norio Taniguchi ilk dəfə 1974-cü ildə, “istehsal prosesində ultradəqiqlik və minimal olçü” yə nail olmaq üçün istifadə olunan materialları atom səviyyəsində öyrənmə fikrini irəli sürdü. Nanotexnoloya hər hansı maddənin və ya materialın 1 metrinin milyardda 1 hissəsini öyrənməklə məşğuldur. Çox tezliklər nano elmi iki istiqamətə ayrıldı, nanocsiense (elm) və nanotchnology (istehsal). Adlarından bəlli olduğu kimi, elm mikroskopik materialların kəşfi, istehsal isə bu maddələrin texnologi tətbiqi ilə məşğul olmağa başladı.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

Hər şey 1981-ci ildə İBM laboratoriyalarında STM (Scanning tunneling microscope) mikroskopunun kəşfi ilə başladı. Bir neçə il sonra Kaliforniya Universitetinin polyak mənşəli şotland professoru James Gimzevski ilk dəfə mikroskop altında materialın milyardda bir hissəsini, yəni atom və molekul səviyyəsində müşahidə etməyə nail oldu. Təsəvvür edin ki, şüşəni, taxtanı və ya dəmiri vizual görüntü şəklində yox, 1 atom səviyyəsində müşahidə edirsiniz. Bu elmdə inqilabi yenilik demək idi. İnsanlar ilk dəfə cansız əşyaların mahiyyətini müəyyən edə bilmişdilər. Bu insanlara hər hansı maddə və cismin daha yenisini və üstününü yaratmağa imkan verdi.

- İlk baxışda insana elə gəlir ki, nanotexnologiyalar möcüzələr yaratmağa qadirdir. Məsələn, bildiyimə görə, sap kimi incə bir nanoip bir insanı çəkəcək gücə malikdir. Hətta bu barədə illər öncə məlumat verilərkən kriminal dünyanın marağını daha çox çəkmişdi.

- Bəli, möcüzə kimi görünə bilər, amma bu, həqiqətən, belədir. Hər hansı cismin və ya materialın mahiyyətinə varmaq onun zəif yerlərini, qırılma nöqtələrini müəyyən etməyə imkan yaratdı. Nano elmi belə zəif atomlar üzərində işləməyə, hətta onların yerini dəyişməyə imkan verirdi. 2002-ci ildə amerikalı nanofizik Dr. Mihail C. Roco və sosioloq Dr. William Sims Bainbridge tərəfindən fizika-kimya-biologiyanı özündə birləşdirən NBİC-konvergensiya termini təqdim edildi. Bu andan bəlli oldu ki, nanotenologiya həyatımızın hər bir anına və sahəsinə təsir edə bilər. Bu saatdan sonra hər şey alimlərin fantaziyasına və şuür sərhədlərini hara kimi aparacağına qalmışdı. Məsələn, dediyiniz insan tükündən on min dəfə nazik, amma poladdan güclü liflər, ya da saplar. Yaxud, nə qədər gülməli səslənsə də, rəngi, iyi, dadı olmayan, havadan yüngül, amma daşdan möhkəm bir tikinti materialı (kərpic deyək). Belə materiallar yüzlərlədir. Məqsəd isə birdir. Çox da uzaq olmayan gələcəkdə istehsalı tamamən yeni mərhələyə qaldırmaq. Məsələn, hər hansı maşını yığmaq üçün artıq çox böyük industriyaya, fabriklərə, fəhlələrə yox, 3, 4, bəlkə gələcəkdə 5D printer aparatına ehtiyacınız olacaq. Bunun üçün sizə, sadəcə, material lazımdır. Material isə kəşf olunur. Və ya ev tikintisi. Daşına, sökülə bilən, zəlzələyə, istiyə və soyuğa davamlı evi “çap” etmək üçün sizə 1 gün vaxt lazım olacaq. Belə misalları çox çəkmək olar.

- Günlük həyatımızda varlığının fərqində olmadığımız hansı nanoyeniliklərdən istifadə edirik?

- Çox sahələrdə var. Hər gün rastlaşırıq, təhlükəsizlik, tikinti, avtomobil, ev əşyaları və sair kimi sahələrdə gündəlik qarşımıza çıxır. Günəş enerjisini elektrik enerjisinə çevirən panellər, qırılmayan, ləkəsaxlamayan şüşələr, ağııllı asfaltlar, üztanıma cihazları, özünü təmizləyən boyalar, islanmayan geyimlər, maşınlarda səsli idarə və yüzlərə sensorlar. Yəni, saymaqla bitməz. Bundan əlavə, onlarla yeni texnologiya kəşf olunub, amma tətbiq edilmir. Görünür ki, insanlar hələ mənəvi, fiziologi və psixoloji cəhətdən buna hazır deyillər. Bəzi yeniliklərə zaman, bəzilərinə isə onilliklər lazımdır. Qısa desək, sivilizasiya elmdən 1 addım geridə qalır. Bütün kəşflər zamanında tətbiq olunur. Nə tez, nə də gec.

- Nanotexnologiya və tibb. Hazırda bu sahədə hansı texnologiyalar var , gələcəkdə nə yeniliklər gözlənilir?

- Bu, əslində, müsahibə yox, prezentasiya mövzusudur. Nano elmi tibb sahəsində ağılı və şüuru zorlayacaq sərhədlərə gəlib və zamanla gələcək. Bu haqda düşünmək belə heyrətvericidir. Biofizika, biokimya, gen mühəndisliyi, kliniki farmakologiya və mikrobiologiya sahələrinin nano səviyyəsində birləşməsi ucsuz- bucaqsız imkanlar açır. Hər il dünyada 100 milyona yaxın insan həkim səhvi və dərmanların təsir yetərsizliyindən ölür. Müasir tibb 2015-ci ildən artıq insanlardakı xəstəliyi yox, xəstəliyi yaradan səbəbləri öyrənməyə başlayıb. Çox uzun ömür (perspektivdə əbədi sayılacaq yaş) və xəstəliklərdən qorunma müasir tibbin önündə duran əsas problemdir. Bu tibbin hər sahəsinə aiddir. Laboratoriyadan tutmuş, cərrahiyəyə qədər. Yaxın illərdə qolunuza bağlayacağınız smart-bilərzik sizin bütün həyatınızı yönəldəcək. Apple-ın istehsal edəcəyi bu bilərzikdəki süni intellekt yardımçınız sizin bu həftə az yeridiyinizi, ürək ritminizdə pozğunluq olduğunu, şəkərinizin bir az yuxarı olduğunu, gündəlik menyunuzu müəyyən edəcək. Bu bilərzikdə sizin özəl tibbi kartotekanız var. Bundan ötrü nə poliklinikaya, nə də sahə həkiminə getməyiniz gərəkməyəcək. Xüsusi proqram sizə ilkin tibb yardım məsləhəti verəcək və ancaq lazım olduğunda, sizə uyğun olan həkimə yönəldəcək və sair.

Yəni, nanotibbin tətbiqi sayəsində səhiyyə anlayışı təməlli və kökündən dəyişəcək. Artıq qana yeridilən mikrorobotlar mövcuddur. Onlar qana düşdüyü andan xəstə orqanı müəyyən edib mikrocərahiyyə əməliyyatı ilə problemi aradan qaldıra biləcək. Təxminlərə görə, bu qarşıdakı illərdə xərçəng xəstəliyinin müalicəsində həlledici rola malik olmalıdır. Dərman sektoru da artıq yenilənmək üzrədir. Sadə dildə desək, bu gün bizim hamımızın tez-tez müraciət etdiyi kimyəvi dərmanların təsiri cüzidir. Çünki hər hansı kimyəvi molekulun ölçüsü onun təsir etidiyi hüceyrənin ölçüsündən böyükdür. Məsələn, siz qaraciyər xəstəsisiniz. İllərlə standart sxemlə içdiyiniz dərmanlar var. Onlar nə sizi sağaltmır, nə də öldürmür. Səbəb nədir? Çox sadə, deyək ki, hər hansı qaraciyər dərmanının tərkibindəki molekul, məsələn, silibiumun molekulyar ölçüsü 160 nanometr, amma qaraciyər hüceyrələrinin molekulyar ölçüsü 70 nanometridir. Deməli, sizin orqanizm nəzərdə tutulan təsirin kiçik bir hissısini alır. Bunu nəzərə alaraq kliniki farmakologiya son 5 ildir, nanotexnologiya tətbiqinə üz tutub. Dərmanlar liposom, yəni yağ texnologiyasına keçib. Bu metodla istehal olunan preparatların molekulu hüceyrə molekuluna uyğunlaşdırlır. Yəni, qısa desək, çox yaxınlarda, sağalmaq üçün 1000 mg yox, 25-30 mg dərman bəs edəcək. Artıq dünya əczaçılıq devi “Pfizer” tamamilə nanotexoloji liposom istehsalına keçmək üzrədir.

- Piylənmə əsrin bəlası olduğuna görə, nanodərmanlarla arıqlamaq mümkündürmü? Tutaq ki, əməliyyat olmadan orqanizmdə piyləri yeyən və ya əridən hansısa nanoprepartatlar varmı?

- Çox maraqlı məqamdır. Zamanla insanın fiziki iş əmsalı hardasa sıfıra yaxınlaşacaq. Hər işi mobil əlavə ilə görən insanda əsas problem, təbii ki, metabolizm və artıq çəki olacaq. Bu sector, əsasən, iki istiqamətdə inkişaf edir. Yemək kütləsinin azaldılması (doyma hissinin tezləşdirilməsi ) və beyinə təsir edən ( aclıq hissinin bloklanması). İkinci sektor son illər zərərli sayıldığından, bu haqda danışmaq istəmirəm. Amma doyma hissinin tezləşdirilməsi istiqamətində yeni texnologiyalar artıq 3 ilə yaxındır ki, tətbiq olunur. Nəticələr var və daim yenilənir. Konkret preparat adı çəkmədən deyim ki, tərkibində liposomal ksenikal və ya təbii buğda lifi, alma liflərinin sellülozası (kletçatka), glükomannan olan preparatlar daha çox məsləhət görülür.

- Bir aralar insan orqanlarının printerdə çapı barədə xəbərlər eşitdik…

- Bəli, nanotexnologiyanın tətbiqi nəticəsində bütün orqanların süni kopyası yaradıla bilər, bəzilər artıq yaradılıb. Hərəkət qabiliyyəti olmayan insanlarda süni ətraflar, görmə əngəlilər üçün süni göz və sair yaxın zamanlarda bizi gözləyən elmi yeniliklərdir.

Toksikologiya sahəsində də çox maraqlı məqamlar var. Təsəvvür edin ki, çok kiçik haloqram dərinizə yapışdılıb. Orda sizin qan dəyərləriniz daim online göstərilir. Deyək ki, siz zəhərlənmisiz və ya lazım olduğundan çox alkoqol qəbul etmisiz. Həmin anda qan dəyərləriniz dəyişəcək və qolunuzdakı stiker sizə bildiriş verəcək.

İnsan beyni süni intellektlə birləşdirilir. Yeni layihə Neural Lace adlanır. Neurolink adlanan yeni texnologiya sayəsində insanların beyninə mikroskopik çip-elektrodlar yerləşdiriləcək. Bu elektrodlar nəinki insan beyninin epilepsiya, depressiya və başqa xəstəliklərini müalicə edəcək, hətta insanın yaddaşını kopyalayıb başqa sistemə və ya əksinə, kənar mənbədən şüura köçürdə biləcək. Artıq quşlar üzərində sınaqlar uğurla başa çatıb.

- Belə çıxır ki, daha uzun illər məktəbə və universitetə zaman itirməyə gərək qalmayacaq?

- Bəli, distant təhsilin məqsədi də budur. Dünya sürətlə dəyişir, ən geci 2030 da neft heç kimə lazım olmayacaq.

20 il öncə süni intellekt, nanotexnologiyalar belə sürət almamışdı. İndiki kimi global krizis də yox idi. Biz ancaq Google-un texniki direktoru Raymond Kurzweilin futuroloji fikirlərinə, demək olar ki, hər gün aldığımız elmi-texnologi yeniliklərə əsaslanırdıq.

Yeni era indi başlamayıb, 2010-cu ildə başlayıb. 2015-ci ildən sürətlənib və indi 2020 də qapımızı döyür.

Bareli 150$ olduğu zamanda neft narkotikindən imtina etmək lazım idi. Bütün vəsaiti elmə, texnologiyaya və yeni nəslin sağlam, ağıllı və müasir düşüncəli böyüməsinə sərf etmək, startaplar üçün fondlar ayırmaq, dünyaya xiyar deyil, intellekt və texnologiya ixrac etmək mümkün idi. Belorus kimi. Bizə “200 milyon borclu” olan Belorus, sən demə, özünün “Silikon vadisi”ni qurubmuş.

- Dərman firmaları bu yeni kəşflərdən sonra zibilliyə tullamalı olduqları tonlarla preparatlara görə bu yeniliklərə düşmən mövqe tutmayacaqmı? Su ilə işləyən avtomobillərə neft maqnatlarının düşmən olduğu kimi?

- Bu, artıq konspriologiyadır. Təkzib və ya təsdiq edə bilmərik. Amma onlar da artıq liposom texnologiyasına keçir. Bu, onlara daha artıq gəlir gətirəcək. Necəsini də deyim. İndi hər hansı dərman molekulunun yaradılmasına yüz milyonlarla vəsait ayrılır. 10 il sonra bu molekullar ümumi istehsala gedir, yəni artıq molekul üçün sahibindən icazə almaq lazım deyil. Eyni proses yenə gedəcək. İndi də liposomal səviyyədə, yəni hüceyrə səviyyəsində. Amma bu dəfə dərmanlar daha kiçik olacaq və hədəfə çatacaq. Təbii ki, bazar çox istehsalçıdan təmizlənəcək; yəni sektora ayaq uyduranlar, yeni texnologiyaya keçənlər qalacaq, qalanlar isə işi dayandırmaq məcburiyyətində olacaqlar.

- İnsanı əbədi düşündürən bir məsələ - əbədi gənclik nanotexnologiya ilə öz həllini tapa bilərmi?

- İnsan bioloji varlıqdır. Yəni o, doğulur, yaşayır, yaşlanır və ölür. Adətən ölüm səbəbi hansısa xəstəlikdir. Bəs insan niyə yaşlanır? Niyə xəstələnir? Xəstələnməmək mümkündürmü? 25-dən yuxarı yaşlarına çatdıqda, orqanizmdə yaşlanma prosesi başlayır. Yaşlanmanın əsasən 3 səbəbi var: fiziloloji (genetik) , mexaniki (mimika) və bioloji səbəblər. Bunlardan ən mühümü bioloji yaşlanmadır. Bioloji yaşlanmanın əsas səbəbi orqanizmdə sərbəst radikalların çoxluğudur. Ümumilikdə, 10-a yaxın səbəb insan orqanızmində sərbəst radikal yaradır. Bunlardan ən vacibləri: 1. Radiasiya 2. Ekologiya 3. Metobolizm (qidalanma və oturaq həyat tərzi) 4. Siqaret-alkoqol-narkotik 5. Yoluxucu xəstəliklər 6. Stress. Bu səbəblərdən orqanizmdə sərbəst radikallar yaranır. Onlar isə öz növbəsində, orqanlarımızdakı sağlam hüceyrələrin nüvəsindən sağlam elektronları alır, DNT-nin sintezi prosesini pozur və hüceyrə nüvəsini zədələyir. Nəticədə, nə qədər sərbəst radikalımız varsa, o qədər də xəstə hüceyremiz olur. İnsanın daxili orqanları da sərbəst radikalların hücumuna məruz qalır. Vücudumuzdakı sərbəst radikalların çoxluğu bir çox ağır xəstəliklərə səbəb olur. Bir sözlə, insan yaşlanır, xəstələnir və ölür. Alimlər son illər bu mövzuda xeyli uğurlar əldə ediblər. Müəyyən edilib ki, lazım olan 19 aminturşu, bəzi minerallar və vitaminlər ilə hüceyrələr daima təmin edilsə, praktiki olaraq yaşlanma prosesi dayana bilər. Məsələn, mən sübut edirəm ki, nanotexnologiya tətbiq edilməklə insan 50 yaşlarında 30, 70 yaşında 50, 100 yaşıda isə 75 yaş qədər görünə və eyni sağlığa qovuşa bilər. Necə? Bu, başqa mövzudur. Amma artıq sübut olunub ki, insanın bizim qəbul etdiyimiz qədər qidaya ehtiyacı yoxdur və bir neçə onilliklər sonra ya kapsulda, ya tubda müyyən miqdar lazım olan maddə qarışığı qəbul etməklə insan çox uzun illər yaşaya biləcək. Təxminən kosmonavtların qəbul etdiyi pasta qidalar kimi. O zaman sual yaranır. Bütün həkimlər bilir ki, orqanların da istifadə müddəti var; ən sağlam böyrəklərin belə yaşayış müddəti 125 ildir. Bəs necə olacaq? Çox sadə, xəstə böyrək yenisi ilə əvəz olunaraq. Transplantisya elmi bir müddət sonra ürək başda olmaqla bütün orqanların 3D printini edə biləcək. Nanotexnologiyaların tətbiqi buna imkan verir.

İlamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »